“Azərbaycanda olimpiya idman komplekslərinə rəhbər işçilərin təyinatı Gənclər və İdman Nazirliyinin səlahiyyətlərinə daxildir. Ona görə də Lənkəran Şəhər İcra Hakimiyyəti belə bir obyektə rəhbər təyin edə bilməz”.
“Report”un məlumatına görə, bu fikirlər Lənkəran Şəhər İcra Hakimiyyətinin bəzi xəbər saytlarında “Lənkəran Olimpiya İdman Kompleksinə müəmmalı təyinat” başlıqlı yazı ilə bağlı məlumatda öz əksini tapıb.
Məlumatda bildirilib ki, yazıda qeyd olunan faktlar tamamilə əsassız, uydurma, yalan və böhtandır: “Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov Cəlilabad rayonunda icra başçısı işləyərkən Ramin Ursan oğlu Rəhimov Cəlilabad Rayon Gənclər, İdman və Turizm İdarəsinin rəisi vəzifəsində işləyib və çalışqan, perspektivli gənc kadr kimi rayonda tanınıb. Dövlət gənclər siyasətinin uğurla həyata keçirilməsi sahəsində əldə etdiyi zəngin təcrübə və bacarığı nəzərə alınaraq R.Rəhimov Gənclər və İdman Nazirinin əmri ilə Lənkəran Olimpiya İdman Kompleksinin direktoru təyin olunub və rayonda bu təyinata qarşı heç bir etiraz olmayıb”.
“Eyni zamanda bildiririk ki, R.Rəhimov Taleh Qaraşovun oğlunun guya törətdiyi hansısa qəzanın məsuliyyətini öz üzərinə götürməsi barədə deyilənlər xəstə təxəyyülün məhsulu olan sayıqlamadır. Əgər bu barədə hər hansı sübutunuz varsa, buyurub hüquq-mühafizə orqanlarına müraciət edə və həmin faktları ictimailəşdirə bilərsiniz. Bir daha bəyan edirik ki, heç bir dəqiqləşdirmə aparmadan yalan və böhtana əsaslanan saxta məlumatın yayımı heç bir informasiya orqanına şərəf gətirmir”, – məlumatda vurğulanıb.
araz.az xəbər portalı.