“Mətbuat Şurası daxil olan şikayətlərin araşdırılması və mümkün qədər ədalət çərçivəsində junalistlərin, medianın, şikayətçi tərəfin zərər görməməsi üçün əlindən gələni edir”.
Bu sözləri Metbuat.az-a açıqlamasında Mətbuat Şurasının İdarə Heyətinin üzvü, əməkdar jurnalist Azər Həsrət bildirib.
Onun sözlərinə görə, bəzən Mətbuat Şurasına daxil olan şikayətlərdə açıq-aşkar cinayət əməli haqqında məlumat verilmiş olur:
“Bilirsiniz ki, Mətbuat Şurasında hüquqşünas var. Mətbuat Şurasının katibliyinin rəhbəri Şəmsəddin Əliyev hüquqşünasdır. Uzun müddət güc strukturlarında işləyib. O, bu məsələləri araşdırır. Zərurət olduqda, Mətbuat Şurası sənədləri müvafiq qurumlara göndərir. Barəsində şikayət edilən media, jurnalistin əməli cinayət tərkiblidirsə, bir qayda olaraq şikayətçiyə tövsiyyə edirik ki, məsələni Mətbuat Şurası vasitəsilə deyil, hüquq-mühafizə orqanları tərəfindən həll eləsin. Belə hallar olub, amma elə də çox yox. Qeyd etdiyim kimi, Mətbuat Şurası ortada olan mübahisə, münaqişə və anlaşmazlıqları kənar yolla həll etmək üçün qurulmuş QHT-dir. Mətbuat Şurası o cür halların məhkəmədən kənar yolla həll edilməsi üçün əlindən gələni edir”.
Xəyalə Məmmədova / METBUAT.AZ
araz.az xəbər portalı.