Fazil Mustafa: “Vətəndaşların tələbləri yerinə yetirilməlidir – bu, mülkiyyət hüququdur və Konstitusiyada öz əksini tapıb”
araz.az ayna.az-a istinadən bildirir ki, , 2011-ci ildə tədavül müddətinin başa çatması ilə əlaqədar olaraq özəlləşdirmə paylarından istifadə edə bilməyən yüzminlərlə Azərbaycan vətəndaşı hələ də tarixi ədalətin bərpa olunacağı günü gözləyir. Torpaqlarımızın azadlığı uğrunda döyüşən müharibə veteranları və təqaüdçülər dövlət özəlləşdirmə payları üzərindəki haqlarının bərpa olunması ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət də ünvanlayıblar.
Müraciətdə qeyd olunur ki, özəlləşdirmə payları əlində qalan vətəndaşların sayı çox olduğundan onların fərdi şəkildə öz hüquqlarını müdafiə etməsi mümkün deyil. Bu səbəbdən mövzuya Konstitusiya Məhkəməsi aydınlıq gətirə bilər. Hüquqşünasların sözlərinə görə, özəlləşdirmə payları “Qiymətli kağızlar haqqında” qanunla tənzimlənir və həmin qanunda vauçerlər üçün zaman məhdudiyyəti nəzərdə tutulmayıb. Bu baxımdan tədavül müddətinin başa çatması ilə bağlı qərar əsassızdır. Konstitusiya Məhkəməsi bu müraciətə hüquqi cəhətdən aydınlıq gətirməlidir.
Özəlləşdirmə payları əlində qalan vətəndaşlar aidiyyəti instansiyalara, o cümlədən Milli Məclis üzvlərinə müraciətlər ünvanlayırlar. Bundan əlavə, indiyədək Milli Məclisin onlarla deputatı, ictimai-siyasi, elm-mədəniyyət xadimləri, iqtisadçılar, hüquqşünaslar, əmlak ekspertləri Azərbaycan hökumətinə müraciət edərək, özəlləşdirmə payları əlində qalan vətəndaşların taleyinə aydınlıq gətirilməsini istəyiblər. Onların bununla bağlı çağırışları mətbuat orqanlarında da dərc olunub.
Bu səbəbdən bütün media nümayəndələri və vətəndaşlar üçün cox maraqlıdır: özəlləşdirmə prosesi və özəlləşdirmə çekləri ilə bağlı problemlər barədə yüzminlərlə ailələr adından müraciət edilmiş hansı dövlət orqanı və 35 deputatdan hansılar Konstitusiya Məhkəməsinə müraciət ünvanlayıb. Çünki vətəndaşlar adından Milli Məclis üzvlərinə göndərilən məktubların çatmasından 1 ay vaxt keçib.
Milli Məclisin üzvü, Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) sədri Asim Mollazadə mövzuya dair AYNA-ya açıqlamasında özəlləşdirmə payları əlində qalan vətəndaşların hüquqlarının bərpa olunmasını vacib saydığını deyib: “1996-cı ildə mərhum Prezident Heydər Əliyev tərəfindən bununla bağlı imzalanan fərmanda qeyd olunurdu ki, özəlləşdirmə çekləri hər bir Azərbaycan vətəndaşına əvəzsiz olaraq paylanılır. Bu fərmanda pay sahiblərinin hüquqlarının qorunması, onların bu prosesdə fəal iştirakının təmin olunması öz əksini tapırdı və kifayət qədər mütərəqqi məqamlar yer alırdı. Yenicə müstəqilliyə qədəm qoyan və bir sistemdən digər sistemə keçid edən ölkənin vətəndaşları üçün bu, çox mühüm bir qərar idi”.
“2011-ci ildə tədavül müddətinin baş çatdığı elan edildi. Bu qərardan sonra yüzminlərlə ölkə vətəndaşı dövlətin onlara ayırdığı paydan istifadə hüququndan məhrum oldu. Onlar bu gün də o çekləri qoruyub saxlayırlar. Lakin heç bir real dəyəri yoxdur. Hansı ki, bu vauçerlər qiymətli dövlət kağızıdır və onların istifadəsinə şərait yaradılmalıdır”, – deputat bildirib.
Mollazadənin sözlərinə görə, məsələ ilə bağlı onlara da müraciətlər daxil olur: “Müharibə veteranları və təqaüdçülərin Konstitusiya Məhkəməsinə müraciət etmələrindən xəbərdaram. Vətəndaşlardan mənə də müraciət daxil olub və onu Konstitusiya Məhkəməsinə ünvanlamışam. Tamamilə haqlı vurğulanır ki, fərdi şəkildə bu problemin həlli mümkün deyil. Bu səbəbdən Konstitusiya Məhkəməsi bununla bağlı qərar verməlidir. Milli Məclisin deputatı, partiya rəhbəri olaraq Konstitusiya Məhkəməsindən xahiş edirəm ki, pay sahiblərinin haqlarını təmin etsinlər. İnanıram ki, belə də olacaq. Aidiyyəti qurumlar da problemin müsbət mənada həllinə öz töhfəsini verməli, bu istiqamətdə aktiv fəaliyyətə keçməlidir”.
Millət vəkili, Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Mustafa da AYNA-ya açıqlamasında problemdən xəbərdar olduğunu söyləyib: “Özəlləşdirmə çekləri əlində qalan vətəndaşların dövlətin onlara ayırdığı paydan bəhrələnməsi üçün şərait yaradılması zəruridir. Özəlləşdirmə payları paylanan zaman əhaliyə deyilməmişdi ki, bu vauçerlər müddətlidir. Maariflənmə səviyyəsi də yüksək deyildi. Əslində, qiymətli kağız olaraq dövriyyəyə buraxılan özəlləşdirmə çeklərinin müddətli olması da məntiqə və hüquqa uyğun deyil”.
“Yüzminlərlə vətəndaş özəlləşdirmə çekləri əlində bu gün də tarixi ədalətin bərpa olunacağı günü gözləyir. Bununla bağlı Milli Məclisin deputatlarına, habelə mənə də müracitə ünvanlanıb. Biz bu müraciəti Konstitusiya Məhkəməsinə yönəltmişik. Qərarı Konstitusiya Məhkəməsi verəcək. İnanıram ki, ədalətli qərar olacaq. Vətəndaşların tələbləri yerinə yetirilməlidir. Bu, mülkiyyət hüququdur və Konstitusiyada öz əksini tapıb”, – deyə Mustafa fikrini yekunlaşdırıb.
QEYD
Məlumat üçün bildirək ki, özəlləşdirmə çekləri 1997-ci ildə dövlət qeydiyyatında olan bütün ölkə vətəndaşlarına miras əmlak payı olaraq verilib. Bu çeklər dövlət qiymətli kağızları olmaqla yanaşı, həm də mülkiyyət hüququ daşıyır. Çeklərin hər birinin dəyəri eynidir. Qanuna əsasən, özəlləşdiriləcək bütün iri və orta dövlət əmlakının ən azı 65 faizi özəlləşdirmə çekləri ilə əvəzlənməli, özəlləşdirmə prosesi bu şəkildə həyata keçirilməlidir.
Hər bir çekin dəyəri 1/32 milyonda hissədir. Bu hissəyə düşən əmlak ekvivalenti payı qanunda inflyasiyadan qorunan əmlak ekvivalenti payı kimi göstərilib. Eyni zamanda bu özəlləşdirmə paylarının banklarda girov qoyulması hüququ qanunla təmin olunub. Bu, o deməkdir ki, özəlləşdirmə çeklərinin hər birinə dövlət əmlakından düşən səhmlərin dəyəri eyni olmalıdır.
Çeklər çap olunan zaman dövlət buna böyük miqdarda vəsait ayırıb və qiymətli kağız olaraq bu vauçerlər dollardan və digər valyutalardan qiymətli tutulur. İnflyasiya qorunmaqla bir payçı üçün özəlləşdirmə çekinin dəyəri minimum 2000 ABŞ dolları ekvivalentində qəbul edilib. Qanunda vauçerlər üçün müddət nəzərdə tutulmasa da, tədavül müddətinin dayandırılması bəzi məmurların mövzunu qapatmaq cəhdi kimi qiymətləndirirlər.
Əhalinin maarifçilik səviyyəsinin aşağı olması, bəzi işbazların və məmur-oliqarxiyasının prosesin önünə keçməsi nəticə etibarilə bu vəziyyəti şərtləndirdi. Bəziləri vauçerlərini “qara bazar”da satışa çıxarsalar da, ədalətin zəfər çalacağı günü gözləyib bu günə qədər çeklərini qoruyanlar da var.
Əlavə qeyd
Hamı bilməlidir ki, ulu öndər Heydər Əliyev tərəfindən verilən Miras Özəlləşdirmə Payı mülkiyyət hüququ və bu hüququ təsdiq edən Dövlət Qiymətli Kağızı olan Özəlləşdirmə Çekləri – QANUNLA verilib!
Heyər Əliyevin ÖZƏLLƏŞDİRMƏ QANUNUNUN icrası ücün verdiyi və imzaladığı 450-li Fərman isə qanunla müəyyən edilmiş qaydada hər bir vədəndaşa düşən miras özəlləşdirmə paylarını təsdiq edən özəlləşdirmə çeklərinin dövlət öhdəliyi olaraq vətəndaşlara paylanılması və birincili olaraq yerləşdilməsini icra etmək ücün verilib. Bu gün də qüvvədə olan bu Fərmanla təsdiq olunmuş özəlləşdirmə çekləri haqqında Əsasnamənin 5-ci bəndi ilə bütün özəlləşdirmə dövründə özəlləşdirmə çeklərindən ödəmə vasitəsi kimi qəbulundan imtina etmək qəti qadağan olunub.
Fərman nə hüquq verir, nə də qanunun verdiyi hüququ ala bilər! Kompensasiya ödəmədən, məmurların hiyləsi ilə, Fərman əsasında özəlləşdirmə çeklərini dövriyyədən cıxarmaqla aparılan özəlləşdirmə qanunsuzluq, xalqa qarşı ədalətsizlik və dövlətə qarşı təxribatdır!
Mövzuya dair daha ətraflı məlumatla bu KEÇİDə daxil olmaqla tanış ola bilərsiniz.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.