Əslində Tehran görüşü canlı yayınlanmamalı idi”.
araz.az-ın xəbərinə görə, bu barədə politoloq Elxan Şahinoğlu bildirib. Onun fikrincə, prezidentlər bir-birini salamlayandan sonra görüş qapalı müstəvidə keçirilməli idi: “Rusiya tərəfi iddia edir ki, İran televiziyasının prezidentlərin görüşünü canlı yayınlayacağı əvvəlcədən razılaşdırılmamışdı. İran tərəfi də səhv etdiyini boynuna alır. Ancaq Tehran efiri qəsdən də açıq tuta bilərdi. Məqsəd Türkiyə ilə Rusiya arasında İdliblə bağlı fikir ayrılığını ortaya qoymaq idi. İran prezidenti Ərdoğanla Putin arasındakı mübahisəyə qarışmadı. Ərdoğan düz 3 dəfə “atəşkəs elan edək” dedi, Putin hər dəfə qulaqardına vurdu. Putin çıxışında bir məqama da diqqəti çəkdi: “Terrorçularla atəşkəs mümkün deyil”.
Yekun bəyanata Ərdoğanın istədiyi kimi “atəşkəs” ifadəsi salınmadı. Putinin dediyi oldu”.
Politoloqun sözlərinə görə, Türkiyə, Rusiya və İranın iştirakı ilə bağlı xeyli müddətdir “Astana prosesi” cərəyan edirdi ki, bu prosesi davam etdirmək çətindir: “Çünki Rusiya və İran Suriya rejiminə dəstək verir, Türkiyə isə Bəşər Əsədi qanuni prezident saymır. Digər tərəfdən, İdlib ətrafında yaranan gərgin vəziyyət Türkiyəni haqlı olaraq narahat edir. Çünki İdlibdə 3 milyon suriyalı yaşayır, ora davamlı bombardman olunsa, xeyli mülki vətəndaş öləcək və qaçqınlar Türkiyəyə axın edəcək. Məsələnin başqa tərəfi də var. Suriya ordusu İdlibi nəzarət altına aldıqdan sonra Türkiyə ordusunun Suriyadan çıxarılmasını daha qətiyyətlə tələb edəcək. Hazırki şərtlər daxilində isə bu, Türkiyənin maraqlarına cavab vermir. Çünki Türkiyə ordusu Suriyanın Qərb bölgələrini tərk etsə, həmin ərazilər terrorçu PKK-ya bağlı qruplarına nəzarəti altına keçəcək. Ona görə də Türkiyə İdlibin Suriya ordusunun nəzarəti altına keçməsini istəmir. Ancaq gedişatın Türkiyənin istədiyi kimi cərəyan edəcəyini söyləmək çətindir. Buna baxmayaraq, Türkiyə “Astana prosesi”ni tərk etməyəcək”. /Cebhe.info/
araz.az xəbər portalı.