Yaxın günlərdə – iyul ayının 8-də ali məktəblərə qəbul imtahanlarının II mərhələsinin 2-ci cəhdi başlayacaq. Sonuncu imtahan 23 iyulda keçiriləcək.

Avqust ayında isə abituriyentlər topladıqları ballar üzrə ixtisas seçimi edəcəklər.

Bu proses də abituriyentlərdən diqqətli olmağı tələb edir. Çünki düzgün ixtisas seçimi etmək heç də asan iş deyil. Seçiləcək ixtisas 4 illik təhsil müddətindən sonra kimlərəsə iş dünyasında geniş imkanlar yarada, kimlərə isə işsizlik yaşada bilər. Bu baxımdan seçim etməzdən əvvəl hər ixtisas qrupu üzrə sahələri araşdırmaq, gələcək vəd edib-etmədiyini dəqiqliklə öyrənmək lazımdır.

Bəs qruplar üzrə hansı ixtisaslar gələcək üçün perspektiv vəd edir?

araz.az    bildirir ki,  təhsil eksperti Ramin Nurəliyev AzEdu.az-a açıqlamasında bu günü üçün populyar ixtisaslar haqqında danışıb.

Müsahibimiz araşdırmaları və müşahidələrinə əsasən ixtisaslarla bağlı önəmli detalları bizimlə bölüşüb.

Onun sözlərinə görə, I qrupda dövrün tələbinə uyğun, ən populyar ixtisaslar informatika yönümlü, informasiya texnologiyaları ilə əlaqəli ixtisaslardır:

“Əgər tələbə xarici ölkələrdə magistr təhsili alacaqsa, informasiya texnologiyalarına uyğun ixtisasları  seçməlidir, bu, daha perspektivli sahədə çalışmaq şansı qazandıra bilər. Hazırda son dövr üçün dövlətimizin açdığı kibertəhlükəsizlik ixtisası da ən çox iş imkanına malik olan popular ixtisasdır. Bu ixtisası bitirməklə həm dövlət orqanlarında, həm də özəl sektorda işləmək mümkündür. Bununla yanaşı, mən komputer elmləri ixtisasını da yaxşı ixtisas olaraq təqdim edərdim. Ancaq təəssüf ki, çoxşaxəli bir ixtisas olduğuna görə universitetlərdə yetərincə tədris oluna bilmir. Çox az universitet var ki, bu ixtisası tədris edə biləcək keyfiyyətli kadrlara malikdir. Buna görə də belə bir vacib ixtisasın yetərli tədrisi həyata keçirilmir. Xüsusilə Bakı Dövlət Universitetində sözgedən ixtisasın tədrisi zəifdir”.

Həmsöhbətimiz I ixtisas qrupunun RK (riyaziyyat-kimya) alt qrupundakı qida mühəndisliyi ixtisasının da getdikcə populyar olacağını istisna etməyib.

“Bu ixtisasın iş imkanları da var. Doğrudur, çox olmasa da müəyyən qədər var. Ancaq gələcəkdə Azərbaycanda tələbkar bir sahəyə çevriləcəyini düşünürəm. Beləliklə də Qida Təhlükəsizliyi Agentliyində iş imkanları yaranacaq.

I qrupda ən çox ağırlığı ikili diploma bağlı olan ixtisaslara verirəm: İnformasiya texnologiyaları (İT) ixtisasları və ikili diplomu olan ixtisaslar. Hazırda bir sıra universitetlər ikili diplom proqramalrının sayını artırıblar. Bunlar mənim də şiddətlə tövsiyə etdiyim seçimlərdir”.

Müsahibimiz II qrupda maliyyə və iqtisadiyyat ixtisaslarının dəbdə olduğunu vurğulayıb:

“Maliyyə ixtisası istər dövlət sektoru olsun, istərsə də özəl sektor – fərqi yoxdur, bütün qurumlarda ehtiyac olan bir sahəyə aiddir. İqtisadiyyat da eynilə onun kimi populyarlığını qoruyan sahədir.

Ancaq biznesin idarə edilməsi ixtisası xüsusilə özəl sektora meyilli bir sahədir. Bu ixtisası bitirən tələbələr magistraturada ixtisasını dəyişir. Çünki iş imkanları nisbətən məhduddur. Gərək ya öz biznesini qurasan, ya da xarici ölkəyə gedib bu ixtisası orada daha da təkmilləşdirəsən”.

Bu günün ən yaxşı və populyar ixtisasları – Abituriyentlərə MƏSLƏHƏT

Ekspertin sözlərinə görə, marketinq ixtisası da orta səviyyədə səciyyələndirə biləcəyi bir ixtisasdır.

“Əlavə olaraq turizm ixtisası da iş imkanları baxımından perspektivli sahədir. Qarabaq bölgəsində turizmin inkişafı açıq-aydın hiss olunur. Ona görə də bu ixtisas gələcəkdə Azərbaycanda populyarlaşacaq. İndiyə qədər turizm ixtisası üzrə balların az olması iş imkanlarının məhdudluğu ilə ölçülürdü. Amma bundan sonra ehtimal olunur ki, bu sahədə inkişaf başlayacaq”.

Dövlət ictimai münasibətlər ixtisası müsahibimizin abituriyentlərə ən çox tövsiyə etdiyi ixtisaslar sırasına daxildir:

“III ixtisas qrupunda ən çox tövsiyə olunan ixtisas hüquqşünaslıqdır. Daha sonra dövlət ictimai münasibətlər ixtisasını abituriyentlərə tövsiyə edərdim. Çünki bu ixtisasdan məzun olmuş hər hansı bir gənc dövlət qulluğu imtahanı verərək dövlətin bütün qurumlarında iş imkanı əldə edə bilər. Bu, elə bir ixtisasdır ki, dövlət qurumlarının bütün sahələrinə müraciət edə bilər. Bu baxımdan onu olduqca yüksək qiymətləndirirəm. Əsas olan budur ki, ixtisası dərin şəkildə mənimsəyəsən.

Beynəlxalq münasibətlər ixtisası III qrupun Azərbaycan dili-coğrafiya (DC) alt qrupuna aid olan ixtsadır. Hazıki dövrümüzdə yaxşı ixtisaslardan biri olaraq qiymətləndirilir. Ancaq iş imkanları nisbətən əlçatmaz səviyyədədir. Gərək bu ixtisası o qədər mükəmməl biləsən və dil biliklərin də yüksək səviyyədə ola, dövlət qurumlarda iş imkanı əldə edəsən. Bu halda xarici şirkətlərdə də iş tapmaq mümkündür. Ona görə də bu ixtisası bitirənlərə tövsiyə edirəm ki, 2-3 dili mükəmməl səviyyədə öyrənsinlər”.

R.Nurəliyev, IV qrupundan danışarkən psixologiya ixtisasını xüsusi vurğulayırb:

“IV ixtisas qrupunda ən yaxşı ixtisas sözsüz ki, tibbdir. Tibbdən sonra isə prisxologiya ixtisasını misal göstərmək olar. Çünki o, gələcəyə açılan bir ixtisasdır. Əgər dünyanı psixoloq və sosioloqların idarə etdiyini qəbul ediriksə, demək ki, həqiqətən də insan beyninə nüfuz edə bilən ixtisaslardan sayılmalıdır. Xüsusilə tədrisi ingilsi dilində olması daha uğurlu variantdır”.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.