Biri şəhid atası, digəri qazi olan həmin qrupdakı şikayətçilərin narahatlıqlarını daha da gücləndirən situasiya FOTO-ŞƏKİLLƏRDƏ

“Gərək burda kimsə ölə ki, Baş Dövlət Yol Polisi İdarəsi, bundan sonra, bir tədbir görə?!” — ŞİKAYƏTDƏKİ ƏN KƏSKİN ETİRAZ EPİZODU

Paytaxt Bakının Binəqədi rayonundakı Xocasən qəsəbəsində yaşayan bir qrup sakin adından ölkə rəhbərinə Müraciət ünvanlanıb. Şikayətçilər, bir nüsxəsini də araz.az-a göndərdikləri şikayət xarakterli həmin Müraciətlərində, öncə, Xocasən qəsəbəsindəki Həmid Sultanov küçəsində yaşadıqlarını qeyd edirlər. Həm də, xüsusi olaraq onu vurğulayırlar ki, Xocasən –Lökbatan yolundakı işıqfordan hərbi hissəyə qalxan yolun (Həmid Sultanov küçəsi) təqribən 100 metrliyində dəfələrlə qəzalar baş verib: “Sonuncu qəza 2022-ci ilin noyabr ayının 12-də, Həmid Sultanov küçəsi, 17-də baş verdi. Xoşbəxtlikdən, bu vaxt yolda adam olmadığına görə, qəza zamanı insan tələfatı olmadı. Lakin bu o demək deyil ki, bir daha belə qəzalar olarsa, insan tələfatı da olmayacaq.

Belə arxayınçılıq olmaz. Çünki Həmid Sultanov küçəsində radar, tramplin, yol nişanları… olmadığına görə, burada avtomobillər yüksək sürətlə idarə olunur. Belə xoşagəlməz hallarda isə, qəzalar qaçılmaz olur. Həmçinin Həmid Sultanov küçəsinin sağında və solunda yaşayış evləri olduğu üçün, qadağanedici heç bir yol hərəkəti nişanı da qoyulmayıb. Məhz bu səbəbdən və yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun müvafiq maddələrinin tələblərinə əməl edilmədiyindən, maşınların hərəkət sürəti düzgün olmur və nəqliyyat vasitələri arasında ara məsafəsi düzgün alınmır. Nəqliyyat vasitələri, yolun sağ və sol hissəsinin yaşayış evləri olmasına baxmayaraq, burada, 80 — 90, hətta 100 km/saat sürətlə hərəkət edirlər. Bizim hər birimizin evindəsə azyaşlı və dərsə gedən uşaqlar var. Belə olan halda, təbii ki, hər birimiz çox narahat oluruq. Lakin Baş Dövlət Yol Polis İdarəsində vəzifə başında olanların isə, dünya veclərinə deyil, burada baş verənlərdən narahat deyillər”.

Şikayətçilər Müraciətlərinin bu yerində xüsusi olaraq onu da qeyd edirlər ki, bu ciddi məsələ ilə bağlı olaraq, 28.12.2022-ci il tarixində, Baş Dövlət Yol Polis
İdarəsinə müraciət ediblər: “Lakin bu Müraciətimiz Binəqədi Rayon Polis İdarəsinə yönləndirilib. Bundan sonra, guya, Binəqədi RPİ-dən, kimlərsə bu əraziyə gələrək, baxış keçiriblər. Axı, bu necə baxış keçirməkdir ki, bundan, biz ərizəçilərin heç birimizin xəbərimiz olmayıb: Sanki bunlar bizi insan yerinə qoymurlar! Gəlib baxış keçirirlər, çox sağ olsunlar, lakin bizimlə əlaqə
saxlayıb, şikayətimizin dəqiq hansı ərazidən bəhs etdiyini öyrənmirlər. Bu günə qədər də, həmin ərazidə heç bir tədbir görülməyib. Çünkü özləri, guya, gəlib baxıblar və qərarı da özləri verərək, gediblər. Biz şikayətçilər isə, qalmışıq kənarda!”.

Müraciətlərinin bu yerində, şikayətçilər onu da qeyd edirlər ki, onlara qarşı bu biganəlikdən sonra, yalnız iki əlacları qalır: “Ya yığışıb, yolu kəsərək, qəti şəkildə etirazımızı bəyan edəcəyik, ya da ölkənin media vasitələrindən
jurnalistləri dəvət edib, onların vasitəsi ilə, ölkə Prezidenti cənab İlham Əliyevə öz sözümüzü çatdıracağıq. Mütləq belə də olmalıdır, başqa əlacımız yoxdur; Sanki bunlar başqa şey istəyirlər.

Gərək, burada kimsə ölə ki, Baş Dövlət Yol Polisi İdarəsi bir tədbir görə?! Bunlar kiminsə ölməyinimi gözləyirlər?! Bu qədər haqsızlıq olmaz, axı! Altı aydır dalbadal şikayət edirik, lakin bizi süründürürlər. Bu işə kim baxır?! Nədən, bu işə məsul vəzifə sahibləri vəzifə borclarını yerinə yetirmirlər?! Nəyə görə, bu qədər insanın hüquqları bu dərəcədə kobud şəkildə pozulmalıdır?!”.

Bu şikayətçilər öz Müraciətlərində onu da qeyd edirlər ki, Azərbaycanın Ombudsman Aparatına belə, bununla bağlı dəfələrlə şikayət ərizəsi yazıblar. Dəfələrlə zəng də ediblər. Lakin burada da, onların narahatlıq doğuran bu şikayətlərinə əhəmiyyət verən tapılmayıb: “Nəyi gözləyirlər, axı?! Kiminsə ölməyinimi?!”.

Narahat bu ölkə vətəndaşlarına kömək məqsədi ilə, onların sual şəklində olan bütün qeydlərini, biz, bir mətbuat orqanının əməkdaşları olaraq, əlaqədar dövlət qurumlarına ünvanlayacağıq. Cavab alanadək, bu ciddi məsələni diqqətdə də saxlayacağıq. Şikayətçilərin Müraciətlərinin sonundakı xahişlərini nəzərə alıb, bu məsələni vaxtaşırı daha ətraflı işıqlandıracağıq. Hətta bu zaman, bu ciddi məsələ ilə bağlı olaraq, adları yazıda keçən bütün aidiyyatı qurumların məsul vəzifə sahiblərinin mövqe açıqlamalarını dinləməyə hazır olduğumuzu da, öncədən bildiririk.

 

Səməndər QURBANOV,
Fərhad MƏMMƏDOV,
araz.az xəbər portalının xüsusi müxbirləri.

P.S. Bu yazımıza əlavə olaraq, məlum Müraciətə imza atan Xocasən qəsəbə sakinlərinin siyahısını təqdim etməyi lazım bildik. Onlar aşağıdakılardır:

— Şəhid atası Fərhad Bayram oğlu Daşdəmirov, qazi
Pərviz Əsəddin oğlu Hüseynov,
Elxan Tofiq oğlu Abdurahmanov, Ceyhun İnqilab oğlu Nəsrullayev,
Vidadi Razim oğlu Abıyev,
Vüsal Aydın oğlu Mustafayev,
Elman Tofiq oğlu Abdurahmanov,
Fikrət Talıb oğlu Məmmədov,
Şubər Yağub oğlu Cahangirov, Müşkünaz Baxış qızı Nəcəfova.

araz.az xəbər portalı.