Millət vəkili, maarifçi Etibar Əliyevin kitab və mütaliə mövzusunda “AzPolitika.info”-ya müsahibəsini, araz.az da, dəyərli oxucularına təqdim edir:
– Etibar müəllim məlumdur ki, Sizin zəngin kitabxananız var. “Facebook” səhifənizdə maraqlı kitablarla bağlı tez-tez təqdimatlar edirsiniz. Bu addım böyük rəğbətlə qarşılanır. Nədən bu qərara gəldiniz?
– Kitab bilik mənbəyi olmaqla yanaşı, həm də yaddaşdır, insanı formalaşdıran dəyərdir. Oxumaq insan yaddaşını genişləndirir. Artıq dünyanın hər yerində kitaba qayıdış geniş vüsət alıb. Maraqlı bir faktı deyim: Microsoft kompaniyasının rəhbəri Bill Geytsin söylədiyinə görə, onun uşaqlarının 14 yaşına qədər smartfonları olmayıb. Xanımı Melinda isə həyat yoldaşının vaxtında bu qərarı qəbul etməsini ağıllı addım hesab edib. Biz isə uşaqları 2-3 yaşından bu alətlərə alışdırırıq. Artıq bunun zərərli effektini görürük.
Mən tez-tez kitab mağazalarında oluram. Gənc nəslin nümayəndələrinin mütaliəyə həvəsi böyükdür. Lakin onlar nəyi oxumalıdırlar? Bu istiqamətdə onlara məsləhətlər vermək olduqca vacibdir. Mən gənclərlə tez-tez görüşürəm. Və düşünürəm ki, onlara istiqamətlər göstərmək bizim vətəndaşlıq borcumuzdur. Latınca məşhur ifadə var: “Homo legens” – oxuyan insan mənasını veririr. Yaşından asılı olmayaraq oxuyan insanların sayının çox olması ölkənin intellektual potensialının göstəricisidir.
– Artıq səhifənizdə 4 olduqca maraqlı kitabın təqdimatını etmisiniz. Davam edəcəksinizmi?
Əlbəttə, məqsədim bütün elm sahələri (bədii ədəbiyyat da daxildir) və bütün elm sahələrinin populyarlaşdırılması istiqamətində yazılmış ən maraqlı kitabların təqdimatlarını etməkdir. Bu, həm məlumat baxımından, həm də bədii təfəkkürlə yanaşı elmi təfəkkürün genişləndirilməsi üçün əhəmiyyətlidir. Təqdim etdiyim və edəcəyim bütün kitablar şəxsi kitabxanamdandır. Bu yaxınlarda UNEC-də Elmin Populyarlaşdırılması Mərkəzi yaradılıb və universitetin rektoru professor Ədalət Muradovun müvafiq əmri ilə həmin mərkəzə rəhbər təyin olunmuşam. Elmin populyarlaşdırılması Qərbdə geniş vüsət alıb. Nobel mükafatı laureatları da bu işlə çox gərgin şəkildə məşğul olurlar. Düşünürəm ki, elmin populyarlaşdırılması üçün portalın yaradılması vacibdir. Yaxın zamanlarda bunu həyata keçirəcəyik. Cahilliyə qarşı mübarizənin yeganə silahı maarifçilikdir. Bütün dünyanı yeni maarifçilik dalğası bürüyüb. Və əlbəttə ki, burada biz də öz layiqli yerimizi tutmalıyıq. Azərbaycanda böyük maarifçilərin yolunu davam etdirmək lazımdır. Xoşbəxtlik ondadır ki, maarifçilik məktəbimiz var və maarifçi babalarımızın ideyaları hər zaman aktualdır.
– Etibar müəllim, sizcə uşaqlarda neçə yaşından mütaliəyə həvəs oyatmaq lazımdır?
– Maraqlı sualdır. Bir vacib məqamla sualınıza cavab verməyə çalışacam. PIRLS (Progress in International Reading Literacy Study) beynəlxalq testinin 2021-ci üzrə nəticələri açıqlanıb. Qlobal miqyasda ibtidai təhsili bitirən (10-11 yaşlı) şagirdlərin oxuma bacarıqlarının inkişafında tərəqqini və oxuyub anlama (həmçinin dərketmə) bacarıqlarını ölçən bu qiymətləndirmə 5 ildə bir dəfə keçirilir. Bizim şagirdlər bu qiymətləndirmədə aşağı pillədə yer alıblar.
Bu qiymətləndirilməyə görə şagirdlər yüksək, orta və aşağı sosial-iqtisadi statusa malik qruplar üzrə təsnifatlandırılıb.
Yüksək status dedikdə valideynlərinin ən azı birinin universitet və digərinin peşə təhsilinə malik olması, evlərində 25-dən artıq kitab və 25-dən artıq uşaqla bağlı kitab olması nəzərdə tutulur. Aşağı status valideynlərinin hər 2-sinin orta təhsildən yüksək təhsili yoxdur, yaxud ümumiyyətlə təhsilsizdirlər, hər 2 kateqoriya üzrə 25-dən az kitabları var. Göründüyü kimi, Burada İKT alətləri deyil, kitab nəzərdə tutulur. Valideynər uşaqlarına sayından asılı olmayaraq kitabxana düzəltməlidirlər. Və əlbəttə ki, uşaqların bütün yaş dövrlərində detektiv əsərlər oxumaqları qadağan edilməlidir.
– Ölkədə kitabxanaların və kitab mağazalarının vəziyyəti necədir?
– Qənaətbəxş deyil. Kitab mağazalarının əksəriyyəti icarəyə məkan götürüblər. Əlifba dəyişikliyindən sonra kitabı bilməyənlər kirildə olan kitabları məhv etdilər. Kitabxanaların fondu demək olar ki, yenilənmir. Rayonlarda kitabxanalar bərbad vəziyyətdədir. Barmaqla göstərilən kitab mağazaları qalıb. Kitabın təbliğatı üçün ayda azı iki dəfə kitabxanalarda, kitab mağazalarında mütaliə mövzusunda tədbirlər keçirilməlidir. Belə tədbirlərin yalnız müəllif kitablarının təqdimatında şahidi oluruq. Yazıçılar, şairlər, elm adamları təkcə özlərinin yazdıqlarının təbliğatı ilə məşğul olmamalıdırlar. Elm və təhsil dünyəvi xarakter daşıyır. Və biz bu tendensiyalardan geri qala bilmərik. Dünya universitetlərinin reytinqində kitabxana əsas indikatorlardan biridir. Lakin təəssüflər olsun ki, 1-2 universitet istisna olmaqla, bu vacib indikatora əhəmiyyət verən yoxdur. Çünki kitaba bağlı adamlar deyillər. Məktəb kitabxanaları müəllimlərin diskussiya məkanı olmalıdır. Bunu görən şagirdlərdə mütaliəyə motivasiya yaranacaq. Ən təhlükəlisi “bilirəm” söyləməkdir. “Bilirəm” demək bizdə epidemiya kimi yayılıb. Televiziyaların maarifçilik missiyası yoxdur. Elm və təhsil sahəsində bayağı, savadsız verilişlər verməklə bu dəyərləri gözdən salırlar. Dördüncü Sənaye İnqilabı dövründə biliyin və elmin statusu dəyişib. Sadəcə bunu anlamaq lazımdır.
Biz böyük Qələbimizi insan kapitalına çevirməliyik!
araz.az xəbər portalı.
araz.az xəbər portalı.