Hələ də davam edən iki bayramımızın tətili bir daha təsdiqləyir ki, fürsətcil turizm rəhbərləri, iaşə və xidmət adamları turistlərin nəinki kələyini kəsmək, hətta banka kredit borclarını da ələ keçən müştəridən çıxarmaq istəyirlər… Rəhmətlik Məşədi İbad demiş, mən bunu öz təcrübəmdən bilirəm… Dünən İsmayıllıdan və Şəkidən iki tanışım zəng edib yanlız gecə yatmağa ucuz məkan soruşdular ki, məsləhət verim… Məlum olurdu ki, bir gecə yatıb-durmaq 150-350 manat arasıdır.
Turizmdən bal tutub barmaq sirmaq istəyən cənablarş bir gecə yatmaq üçün 350 manatlıq nə etmək olar o odalarınızda?! İnsafınız yoxdur, imnınız da yoxdur? Belə edirsiniz deyə, ölkəmizin əhalisi ayağı yer tutan kimi Gürcüstana qaçır… Bu qədər gözəl təbiəti olan Azərbaycanı niyə bu günə salırsınız?
XXX
Yeri gəlmişkənş məlum olur ki, “Şahdağ” Turizm Mərkəzinin direktoru Rüstəm Nəcəfov bildirib ki, ildən-ilə gəlirlər artır və dövlətdən asılılıq azalır. Onun sözlərinə görə, 2021-ci ildə dövlətdən 13,9 milyon manat subsidiya alıblarsa, 2022-ci ildə bu göstərici 12 milyon manatadək azalıb…2016-cı ildə dövlətin ayırdığı vəsait 17,9 milyon manat təşkil etmişdi (APA). O da bəlli olur ki, Dövlət büdcəsi xətti ilə təkcə 2007-2013-cü illərdə “Şahdağ” turizm kompleksinin tikintisinə $1.3 mlrd vəsait xərclənib.
Sosial mediada bu məsələyə münasibət bildirənlərin maraqlı da arqumenti var. Məsələn, Şakir Eminbəyli adlı fb istifadəçi yazır: “Dövlətin Turizm kompleksi niyə olsun ki? Dünyanın hər yerində Dövlət uğursuz manager imicinə malikdir. “Şahdağ” turizm kompleksinin yaradılmasına xərclənən 1,3 mlrd dövlət vəsaiti isə yalnız sənədlərdə mövcud ola bilər. O kompleksin real dəyəri azından dörd dəfə şişirdilib. Beynəlxalq audit şirkətlərinin gəldiyi qənaət budur. Ən əsası isə, “Şahdağ” heç vaxt Qış-yay turizm kompleksi ola bilməyəcək. Çünki yayda orada turisti cəlb edəcək təbiət gözəlliyi və yaxud əyləncə yoxdur. Son illər isə qlobal istiləşmə nəticəsində qar da şimal bölgələrinə ya gec yağır, ya da heç yağmır…”.
İqtisadçı ekspert İlham Şaban isə yazır: “Əslində görünən reallıq budur ki, Azərbaycanın qeyri-neft xidmət sektoru qeyri-neft istehsalından daha aşağı rəqabət imkanındadır: dövlətin subsidiyası olmasa, bəzi sahələri heç yaşamaq qabiliyyətində deyil. Götürün sadəcə bu ilki regional turizm və Abşerindakı çimərlik qiymətlərini müqayisə edin: 4 nəfərlik ailə Novxanıda çimərliyə daxil olmaq üçün 100 manat verməlidir və 50 manat da sərinləşdiruci içkilərə, əgər nornal nahar etmək istəsən heç 100 manat da çatmayacaq…”.
Bəli, ölkəmizin turizm sektorundakı bu xaos və əsassız idarəolunmanın səbəbindəndir ki, hər il milyonlarla valyutamız Türkiyənin, Belorusun, Gürcüstanın və Avropa ölkələrinin turizminə axır… Qəbələdəki otellərin birində üçgünlük xərcə Türkiyədə 1 həftə, Gürcüstanda isə iki həftə dincəlmək olar…
Asif MƏRZİLİ
araz.az xəbər portalı.