Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) ikinci dəfə güzəştli mənzillərin satışını həyata keçirdi. Mənzil seçimi prosesindən narazı qalanlara baxmayaraq, MİDA birinci layihəsi olan Yasamal Yaşayış Kompleksinin 1, 2, 3, 4 və 5 saylı binalarında mənzillərin seçiminin uğurla başa çatdığını açıqlayıb. Məlumata görə, satışa çıxarılan 324 mənzilin seçimi “Elektron hökumət” portalı üzərindən “Güzəştli mənzil” elektron sistemi vasitəsilə bərabər şəraitdə etibarlı, təhlükəsiz, şəffaf və fasiləsiz iş rejimində həyata keçirilib. Satışa çıxarılmış 324 mənzilin hamısı artıq seçilib. Seçilmiş mənzillərin 70 faizindən çox hissəsi artıq vətəndaşlar tərəfindən uğurla imzalanaraq ərizələri təqdim edilib.
Xatırladaq ki, mayın 7-də MİDA ilk satış prosesinin mənzil seçimi mərhələsində “Elektron hökumət” portalında yaranan texniki nasazlıqlar səbəbindən elektron imzalanma proseduru və mənzil seçimi prosesinin ardıcıllığı pozulmuşdu. MİDA texniki nasazlıqlar nəticəsində “Güzəştli mənzil” sisteminin istifadəçilərinin seçim imkanlarının qeyri-bərabərliyi bu elektron sistemin əsas iş prinsiplərinə zidd olduğunu nəzərə alaraq, mayın 7-də keçirilmiş mənzil seçimi mərhələsinin nəticələrinin ləğv edilməsi barədə qərar qəbul etdi.
Prosesdə iştirak edən şəxslər hər iki hərracın uğursuzluqla nəticələndiyi qənaətindədir. Şikayətlərə əsasən güzəştli mənzil sistemində elektron kabinetlərə giriş müəyyən vaxt ərzində məhdudlaşdırılıb. Vaxt bitdikdən sonra isə mənzillərin satışı ilə bağlı proses bitib. Ekspertlər hesab edir ki, qərarın ləğv olunması gözlənilən deyil. Qurumun fəaliyyətinin hökumətin gözündə tam səmərəsiz hala düşməməsi üçün nəticələri təsdiq etmək qərara alınıb. Müşahidəçilərin qənaətincə, iştirakçıların 90 faizi prosesdə iştirak edə bilməyib. Təxminən 9 min insan qeydiyyatdan keçib. Qatılanların orta hesabla 8-10 faizi mənzil sahibi ola bilərdi. Amma insanların bu xidmətdən istifadə edə bilmələri üçün pəncərə aktivləşməyib. Pəncərə təxminən 40-45 dəqiqə sonra aktivləşib ki, həmin vaxt təklif olunan mənzillər artıq satılmış olub. Təklif olunan mənzillər əslində aztəminatlı insanlar üçün nəzərdə tutulub. Bəzi iqtisadçılar hesab edir ki, bu xidmətin prosesi əlçatan olmalıdır. İstifadəsi mümkün olmayan halda təklif edilməməlidir. Əks halda, dövlətin bu sosial layihəsinə inam sual altına düşəcək.
Maraqlıdır, güzəştli mənzillərin satışı ilə bağlı şikayətlərlər araşdırıla bilərmi?
İqtisadçı-ekspert Nazim Bəydəmirli “Cümhuriyət” qəzetinə açıqlamasında büdcə vəsaitləri hesabına mənzil tikintisinin əleyhinə olduğunu deyib: “Dövlət bazar iqtisadiyyatı şəraitində müxtəlif təşkilatlar yaradıb və həmin qurumlar vasitəsilə iş həyata keçirməməlidir. Təbii ki, dövlət sifarişçi ola bilər. Yəni, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) xətti ilə növbədə duranlar, qanunla güzəştli mənzil almaq kateqoriyasına aid olan şəxslər dövlət tərəfindən təmin oluna bilər. Bunun üçün dövlət vəsait verməlidir. Ümumiyyətlə, ipoteka və birbaşa dövlət büdcəsi hesabına hər hansı bir təşkilatın yaradılmasını kökündən yanlış hesab edirəm. Bu yolla mənzil problemini həll etmək olmaz. Dövlət tikinti şirkətləri üçün ucuz resurslara çıxışı təmin etməli, banklarda faiz dərəcələri aşağı salınmalıdır ki, maliyyə qurumlarının ipoteka krediti verməyə marağı olsun. İpoteka kreditini alan şəxs evi haradan almağı özü seçməlidir. Dövlət büdcəsi hesabına mənzil tikib onu sonradan bu cür yollarla satmaq əhəmiyyətli kampaniya deyil”.
Ekspertin sözlərinə görə, MİDA dövlət vəsaiti hesabına kommersiya fəaliyyəti ilə məşğul olur: “Dəfələrlə demişik ki, Agentliyin təklif etdiyi qiymətlər heç də güzəştli və ya sosial mənzil ola bilməz. Bu, Mənzil Məcəlləsinə gətirilən sosial mənzil anlayışına ziddir. Sosial mənzil heç vaxt özəlləşdirilmir, satılmır. Sosial mənzillər – mülkiyyətçi olmaq istəməyən və ehtiyacı olan vətəndaşların yaşaması, mənzil şəraitinin yaxşılaşdırılması üçün dövlətin yaratdığı bir imkandır. Ona görə də dövlət sifarişçi olaraq sosial mənzillər ala bilər. Ancaq bu mənzilləri hökumət yox, tikinti şirkətləri rəqabətli mühitdə tikməlidir. Rəqabətli mühit olarsa, o zaman mənzillərin və sosial evlərin də qiyməti aşağı olar. Ancaq hazırkı metod bir qrup insanın dövlət vəsaiti hesabına mülkiyyətçi olmasına şərait yaradır, həmçinin müxtəlif şirkətlərin də əsassız varlanmasına gətirib çıxardır.
Təəssüf ki, Azərbaycanda sosial evlər anlayışı bir qrup şəxsin dövlət vəsaiti hesabına kommersiya fəaliyyəti göstərməsi və dövlətin imtiyazlarından istifadə etməklə digər tikinti şirkətlərini bazardan sıxışıdırıb çıxarmaqdan ibarətdir. Bu, rəqabəti pisləşdirir. Hələ bu sistemin satışının şəffaf olması məsələsinə toxunmuram. Faktiki olaraq bu sistem bir neçə dəfə çöküb. Bu onu göstərir ki, sosial mənzillər müxtəlif tapşırıqlarla əl altından “imtiyaz”ı olan insanlara satılır. Dövlət vəsaiti hesabına, bazar qiymətindən bir qədər də aşağı mənzillər satışı ilə məşğuldurlar. Bu isə rəqabəti kökündən pisləşdirən və dövlətin bazar iqtisadiyyatına müdaxiləsidir. Bu da “Rəqabət haqqında” Qanuna ziddir”.
Yeganə Oqtayqızı
Cebhe.info
araz.az xəbər portalı.