merkel 11 1 650x410

Almaniya Federativ Respublikasının Kansleri xanım Angela Merkelə

Surəti: Almaniya Federativ Respublikasının Azərbaycandakı Səfirliyinə

Sayğıdəyər xanım Merkel!

Ötən uzun vaxt aralığından sonra Sizin şəxsinizdə dövrümüzün ən nüfuzlu bir alman rəsmisinin bölgəmizə səfəri dönəmin tarixi proseslərinə yeni ovqat gətirə biləcəyi ehtimalı ilə çoxdan gözlənilən bir səfər olması ilə yanaşı, bölgəni narahat edən həssas məsələlərə münasibətdə də səmərəli bir yanaşma gözləntiləri doğurmuşdur.
Təbii ki, Ermənistana, Gürcüstana, Azərbaycana səfəriniz zamanı Cənubi Qafqaza yetirdiyiniz diqqət qarşılığında biz də daxil olmaqla, bu bölgə xalqları hərəsi öz mövqeyindən ölkənizə sıcaq münasibətlərini sərgiləməyə çalışacaqlar. Bölgədə ölkənizin dəstəyindən daha çox yararlanma imkanı əldə etmək üçün hərə öz imkanlarını və arqumentlərini ortaya qoymalı olacaq. Və bir çox məsələlər, gələcəkdə bölgəyə yönəlik addımların atılması da Sizin keçirəcəyiniz silsilə görüşlərdən sonra mövqelərinizin formalaşmasından asılı olacaqdır, şübhəsiz. Çox ziddiyyətli baxışların kəsişməsi fonunda optimal seçim etmək mürəkkəb məsələdir, hətta obyektiv yanaşıldıqda belə, yanıldıcı tərəfləri mövcuddur, bu yanıldıcı tərəflər də bölgə xalqlarının təqdim etdikləri arqument və faktların gerçəkçi qaynağa/səbəbə/ malik olub-olmamasında və təqdim edənin səmimililik dərəcəsindədir yəqin ki.
Xatırladım ki, Ermənistan tərəfi Kosmos dövrünün işğalçısıdır və gələcəyə də bu təfəkkürlə getməkdədir. Bununla belə o, qonşu xalqların torpaqlarını mərhələlərlə mənimsəmək məqsədini pərdələyərək Sizinlə görüşdə heyətinizi özünün bir xristian cəfakeşi və insan haqları müdafiəçisi olduğuna inandırmağa və dövlətinizlə körpüləri bərkitməyə çalışacaqdır. Ermənistanın onunla dərin əlaqələrin zəruriliyini əsaslandıran arqumentlərindən çoxu bizlərə bəlli yarıbəsit, qərəzli /guya ənənəvi xristian baxış bucağından/, səmimilikdən uzaq arqumentlər olacağı şübhə yeri doğurmur. Birincisi, ona görə ki, xristian dünyasına minnət qoyacaq bir üsluba malik erməni millətçi kəsiminin Eçmiədzin Kilsəsinin başçılığı altında 17-ci əsrin 60-cı illərindən başlayaraq böyük dövlətlərin (Osmanlı, İtaliya, Fransa və Almaniya, İngiltərə, Rusiya, ABŞ) qapılarında bir-birinə zidd yanaşmalar sərgilədikləri heç kəsə sirr deyil. (1878-ci il Berlin Konfransında iştirakı nəzərdə tutulmayan Türkiyə ermənilərinin təmsilçisi katolikos Mkrtiç Xrimyan və katib Minas Çerazın Konfransda iştirak istəyini görüncə Almaniya Kansleri Otto Bismarkın “Pomeranlı bir əsgərin sümüyünü bütün ermənilərə dəyişmərəm!” kimi məşhur ifadəsi də o dönəmki erməni iddialarının bir yöndən dəyərləndirilməsi idi. Alman İmperatoru I Vilhelmlə görüşə bilməyən həmin erməni heyətinin Alman İmperatriçəylə görüşə üz vurması qarşılığında İmperatriçə Sarayı önündəki Saray mənsubu tərəfindən Mkrtiç Xrimyana vurulan şillə və onun papağının düşməsi hadisəsi də o qəbildəndir… Hələ mən əsrlər öncəsi səlcuq, moğol, fars, ərəb qapılarındakı erməni hiylələrinə və bəzi başqa olaylara toxunmuram.) Terrorçu erməni millətçiliyinin əsl üzünü yaraları və problemləri günümüzədək davam edən XX əsriin faciəli tarixi olayları özündə əks etdirməkdədir. Mən bu mövzuda 3 dildə nəşr olunmuş “Ermənilərin müsəlmanlara, xristianlara və yəhudilərə qarşı soyqırımı” (2 nüsxə Səfirliyinizə təqdim edirəm) və ““Erməni məsələsi” və türk-müsəlman soyqırımı” (ensiklopedik tarixi araşdırma) adlı tarixi kitabların müəllifiyəm. Həmin kitablarda bu gün və gələcəkdə də aktuallığını qoruyacağı şübhə doğurmayan bir mövzudan – Kiçik Asiyadan Orta Asiyayayadək nəhəng ərazidəki bir sıra bölgələrdə təkcə ermənilərin özlərinə düşman seçdikləri türklərə (müsəlmanlara) qarşı deyil, həm də arxa seçdikləri və təəssübkeşləri olduqlarını bildirdikləri xristianlara və yəhudilərə qarşı törədikləri hərbi cinayətlərdən, indiki beynəlxalq hüququn dili ilə dedikdə, soyqırımlardan bəhs edilir.
Ermənilərin 1919-1920-ci illərdə ingilislərin işğalı sayəsində Türkiyənin Qars Vilayətində hökumət yaratdığı zaman oradakı rus və yunan kəndlərini qılıncdan keçirməsi; 1918 və 1993-cü illərdə Gürcüstanda gürcülərə qarşı və 1916-cı ildə Türkiyədə, 1918-1919-cu illərdə Qubada (Azərbaycan) və Urmiyada (İran), 1941-ci ildən etibarən isə faşist əməliyyatları kölgəsində Şərqi Avropada yəhudilərə qarşı soyqırımları törətməsi kimi tarixi sənədlər bizim kitabda sistemli şəkildə təqdim və şərh olunur. Bu heyrətamiz olaylar sırasında Qafqaz almanlarına qarşı erməni millətçiləri tərəfindən həyata keçirilən siyasi terror, faktiki soyqırım siyasəti də araşdırdığımız önəmli səhifələrdəndir. Bütünlüklə tarixi sənədlərin işığında araşdırılan bu səhifələrdə erməni millətçilərinin Cənubi Qafqazda Helenendorf (Göygöl, Azərbaycan Respublikası) almanlarına qarşı 1904-1907-ci illərdən başladığı terror və təqib siyasəti I Dünya müharibəsi dövründə çar Rusiyasındakı, II Dünya müharibəsi dönəminədək isə bolşevik dövləti SSRİ-dəki himayədarlarının köməyi ilə müxtəlif formalarda davam etdirilir, sonda almanların sürgünü, 1941-ci ilin oktyabrın 8-də Qazaxıstan çöllərinə köçürülməsi ilə nəticələnir.
Azərbaycandakı almanların təsərrüfat sahələri, evləri, mal-qarası isə yeni gələn ermənilərə qismət olur. İ.Stalinin sağ əli olan erməni A.Mikoyanın səyləri ilə bu ərazilərə təkcə Ermənistandan deyil, İrandan da yüzlərlə erməni ailəsi köçürülür… Sonra almanların mal-mülkünə sahib olan ermənilər bununla kifayətlənməyərək Göygöldəki alman qəbiristanlığına da sahib çıxmağa çalışır, oradakı bir sıra qəbirlərin baş daşları «erməniləşdirirlər»…
Ermənilərin 1918-ci ilin dekabrında Tiflisdəki alman sülhyaratma hərbi missiyasına qarşı həyata keçirdiyti terror aktı isə artıq onların Almaniya dövlətinə meydan oxuması idi və Almaniyanın Qafqazdan ayağını kəsməyə yönəlmişdi.

Sayğıdəyər xanım Merkel!

Sizləri üstün dəyərləri müdafiə edən xristian təəssübkeşi olmaqla yanaşı, etnik və dini mənsubiyyətindən asılı olmayaraq, insanlığın faciələr yaşamış qisminə də həssaslığı ilə seçilən ünlü Avropa liderlərindən biri olaraq tanıyırıq. Bu səbəbdən də, müsəlman, xristian və yəhudilərin acı tarixi taleləri haqda ilkin qaynaqlara dayanan bir tədqiqata, bir kitaba etinasız qala biləcəyini zənn etmir və bundan sonra dünyamızda bu cür faciələrin təkrarlanmaması üçün xarici siyasətinizdəki mövqe seçimlərinizə də bir daha yenidən baxmağınızın da hər kəsə faydası toxunacağı düşüncəsindəyik. Həmçinin alman və eləcə də Avropa ictimaiyyətinin bu tarixi faciələrlə bağlı əsl həqiqətləri öyrənmələri üçün bu mövzuya ən mühüm yeniliklər gətirmiş, bir neçə ölkədə Azərbaycanı təmsil etmiş bir araşdırmaçı olaraq mənim də iştirakımla ölkənizdə alman alimləri ilə birgə bu mövzuda çox möhtəşəm bir konfrans keçirilməsini, beləliklə də dünya ictimaiyyətini çaşdıran bəzi mübahisəli məsələlərə son qoyulmasına doğru ciddi addım atılmasını istərdim. Və daha bir mühüm məsələni gündəmə gətirmək məcburiyyətində olduğumu bildirməliyəm: Nədən ATƏT-in Minsk Qrupunun üzvü kimi Almaniya Dağlıq Qarabağ məsələsinin ədalətli həllində fəal rol almasın? Nədən Minsk Qrupunun digər üzvü Türkiyə ilə səyləri birləşdirib balans yaratmasın? Minsk Qrupunun indiki üç həmsədri I Dünya Müharibəsində ermənilərlə tərəfdaş olub və Dağlıq Qarabağ məsələsi də əslində həmin dönəmdən başlayıb. Elə isə, onlar necə bitərəf hakim rolu oynaya bilərlər?! Baxınız: 2008-ci il martın 14-də BMT Baş Assambleyasında Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən, Ermənistan silahlı qüvvələrinin işğal altındakı ərazilərdən çıxarılmasını tələb edən bir qətnamə qəbul edilib. Həmin sənəddə azərbaycanlıların öz evlərinə qayıtmaq hüququ da təsdiqlənib. Ancaq qətnamənin səsverməyə çıxarıldığı zaman Rusiya, Fransa və ABŞ öz barışyaratma görəvlərinə və 1993-cü ildəki mövqelərinə qarşı gələrək 14 mart 2008-ci il tarixli qətnamənin əleyhinə səs veriblər. Deməli ya həmsədrlik institutu ləğv olunmalı, ya da tərkibi dəyişməli və ya ən azı tamamlanmalıdır! (Yaxud problemin həlli yalnız BMT çərçivəsində yürüdülməlidir…) I Dünya Müharibəsində Osmanlı ilə müttəfiq olmuş Almaniya Türkiyə ilə birgə I Dünya Müharibəsindəki digər tərəfin arbitrliyinə qarşılıq vermək, yəni balans yaratmaq gücünə malikdir… Bu, həmçinin Almaniyanın nüfuzunun və iqtisadi yayılmasının bölgədə və tədricən türk coğrafiyalarında və türklərə rəğbət bəsləyən ölkələrdə artması deməkdir. Proseslərin bu yöndə inkişafı aşağıdakı sualın da cavabından keçir: Almaniya heç bir məhkəməyə gerçək dəlilləri təqdim olunmamış (və olunmayacaq) böhtançı “erməni soyqırımı” iddialarını dəstəkləsə nə qazanacaq, Türk Dünyası ilə sağlam, beynəlxalq hüquqa uyğun münasibətlər qursa nə qazanacaq? Əlbəttə, biz Almaniya ilə münasibətlərimizin inkişaf xəttini erməni xalqının əleyhinə bir istiqamət kimi deyil, terrorçu və işğalçı erməni millətçiliyinin bitib-tükənməyən hərbi cinayətlərini və qonşulara qarşı açıq (ya gizli) torpaq iddialarını cilovlama yönündə görməkdəyik…

Almaniyanın çağdaş dünyamızdada roluna gəldikdə isə, bizin nəzərimizdə Almaniya qüdrətli dövlətdir, almanların dünyada dürüstlük, qayda-qanun sevən, bəşəriyyətə böyük mədəniyyət vermiş və üstün texnologiyalar icad edən və s. kimi çox parlaq bir imici vardır. Əlbəttə, Almaniya və onun timsalında Avropa nədən indiki lideri Trampın şəxsində dünya siyasətini gülünc və oyuncaq şəklə salan ABŞ-ın yedəyində sürünüb avropalılara rəğbət bəsləyən insanlığı çaşdırmalıdır? Başqa sözlə, Almaniya təkqütblü dünya formalaşdırmaq istəyənlərə qarşılıq olaraq balans yaradan cərgədə yer alsa, almanların da, Avropanın da, insanlığın da çox şey qazanacağına əminik…
Sözümüzü yekunlaşdıraraq bir ictimai xadim – yazıçı, jurnalist, tarixi araşdırmaçı və 31 Mart Azərbaycanlı Soyqırımını Tanıtım Təşkilatının Başqanı olaraq diqqətinizə çatdırmaq istəyirəm ki, bir postsovet respublikası kimi, Azərbaycanın da ciddi demokratik islahatlara, şübhəsiz ki, çox ehtiyacı var və ölkəmizin sürətli inkişafına xidmət edəcək bu islahatlar qədər də bölgəmizdə və dünyamızda beynəlxalq ədalətin bərqərar olmasına ciddi ehtiyac vardır!..
Dünyada demokratiya və ədalətin bərqəraq olması yollarındakı missiyanıza uğurlar diləyi ilə:

 

“Tarix və Mədəniyyət”
jurnalının baş redaktoru,
Xaqani İsmayıl

araz.az xəbər portalı.