“İnterfaks” agentliyinin yaydığı məlumata əsasən, Beynəlxalq axtarışa verilmiş Ermənistanın keçmiş müdafiə naziri Mikael Arutyunyan Rusiya ərazisində axtarış siyahısından çıxarılıb. Bu barədə “lragir.am” saytının köşə yazarı Naira Ayrumyan xəbər verir.
“İrəvanda 2008-ci ilin 1 mart tarixində baş vermiş hadisələrdə ittiham edilən Arutyunyan barəsində materiallar öyrənildikdən sonra onun RF ərazisində axtarışının ləğv edilməsi barədə qərar verilib”, – agentliyin həmsöhbəti deyib.
Sentyabrın 8-i baş nazir Nikol Paşinyanın Moskvaya səfəri planlaşdırılır. Ermənistan Mikael Arutyunyanı beynəlxalq axtarışa verib, Moskvanın keçmiş müdafiə nazirinin adını axtarış siyahısından çıxarılması ilə bağlı qərarı isə quru rədd cavabına və Ermənistanın şərtləri yerinə yetirməməsinə oxşayır.
Çox güman, mövzu Moskvada keçirilən Paşinyan-Putin görüşündə müzakirə ediləcək. İstisna edilmir ki, Arutyanın təhvil verilməsi daha geniş Putin-Paşinyan danışıqlarının bir hissəsi olmalı idi, amma Moskva, faktiki olaraq, öz payına düşən öhdəlikləri yerinə yetirməkdən imtina edib.
İrəvan özünün ehtimal edilən öhdəliklərindən imtina edəcəkmi və bunlar nə ilə əlaqəlidir? Rusiya mətbuatında iki əsas mövzudan bəhs edilir: Azərbaycanın KTMT üzvlüyü və erməni qoşunlarının rus bayrağı altında Suriyada iştirakı. Bu iki mövzu öz-özlüyündə deyil, Kremlin Qafqaz regionunda öz təsirini möhkəmlətmək siyasətinin bir hissəsi kimi maraq kəsb edir.
Ermənistan Xarici İşlər Nazirliyi bir neçə gün öncə qəti şəkildə bildirib ki, Azərbaycanın KTMT-yə üzv olacağı təqdirdə İrəvan veto hüququndan istifadə edəcək. Bu zaman bəyan edilib ki, Ermənistan müharibədən sonra Suriyanın bərpa prosesində iştirak edəcək.
Mikael Arutyunyanın təhvil verilməsi ilə bağlı Moskvanın rədd cavabı İrəvanın Azərbaycanın KTMT üzvlüyünə veto tətbiq etməklə bağlı rəsmi bəyanatına cavab olub? Axı bu rədd cavabı o deməkdir ki, Ermənistan Qarabağ problemini KTMT-nin “daxili məsələsinə” çevirmək istəmir.
Ermənistan müstəqil və milli maraqlar üzərində qurulan siyasət həyata keçirməyə çalışır. Bu zaman Ermənistanın siyasi partiyaları əvvəlki kursa davam edir: məsələn, ötən gün “Daşnaksütun” partiyasının fraksiya rəhbəri Armen Rüstəmyan Ermənistan-Rusiya münasibətlərinin hər şeydən öndə gəlməli olduğunu bildirib, çünki bu münasibətlər pozulsa, nəticələr qaçılmaz olacaq.
Ermənistan-Rusiya münasibətləri hər şeydən öndə gəlməlidir – bu ifadə nə deməkdir? Hər şeydən öndə milli maraqlar və Ermənistanın suverenliyidir. Ermənistan-Rusiya münasibətləri isə ali məqsəd deyil, sadəcə məqsədə çatmaq üçün yoldur.
Rus və erməni ekspertlər Paşinyan-Putin görüşü ərəfəsində Nikol Paşinyanı güzəştə getməyə məcbur etmək üçün bilərəkdən gərginliyi artırırlar. Lakin Rusiyanın Mikael Arutyunyanı axtarış siyahısından çıxarması faktı Nikol Paşinyanın güzəştə getmək niyyətində olmamasından xəbər verir.
Nəticə etibarilə, Mikael Arutyunyan Ermənistan üçün mühüm maraq kəsb etmir. Bəli, hazırda 1 mart hadisələri araşdırılır. Bəli, bu məsələyə aydınlıq gətirilməlidir. Amma milli maraqları qurban verməklə yox. Milli maraqlar isə suverenliyin möhkəmləndirilməsini tələb edir.
araz.az xəbər portalı.