UEFA Millətlər Liqasına start verilib. Bir çoxları üçünsə onun nə olduğu və necə formalaşdığı sual doğurur.
Bu liqanın daha zəif milli komandalar üçün Avro 2020-ə yol açacağı deyilir. Millətlər Liqası eyni zamanda beynəlxalq yoldaşlıq görüşlərini də əvəz edəcək.
Necə keçirilir?
Turnirdə iştirak edən 55 ölkə UEFA reytinqinə uyğun olaraq dörd liqaya bölünüb. A Liqası ən güclülərin, D Liqası isə ən zəiflərin çıxış etdiyi liqalardır. Hər bir liqada isə dörd qrup var. Qruplardakı komandalar sentyabr, oktyabr və noyabr aylarında bir-birinə qarşı evdə və səfərdə oynayacaqlar.
A Liqasındakı dörd qrupun qalibləri gələn ilin iyun ayında keçiriləcək UEFA Millətlər Liqasının finalına vəsiqə qazanacaqlar. Burada Millətlər Liqasının qalibi müəyyənləşəcək.
B, C və D Liqalarında qrup birinciləri bir pillə yuxarı liqaya çıxacaqlar. A, B və C Liqalarında qrup sonuncuları isə bir pillə aşağı düşəcəklər.
Azərbaycan hansı liqadadır?
Azərbaycan milli komandası ən zəiflərin yer aldığı D Liqasında, 3-cü qrupda çıxış edir.
Burada Azərbaycanın rəqibləri Farer Adaları, Kosovo və Malta komandalarıdır.
İlk görüş 7 sentyabrda Bakı Olimpiya Stadionunda Kosovaya qarşı keçiriləcək. Azərbaycanın qrupda son qarşılaşması da elə bu komandaya qarşı 20 noyabrda Kosovada olacaq.
Bu qrupun qalibi, yuxarıda da qeyd edildiyi kimi, C Liqasına yüksələcək.
Azərbaycanı oyunlara milli komandanın yeni baş məşqçisi Qurban Qurbanov hazırlaşdırır.
Məqsəd nədir?
Bu turnirin güclü komandalara elə böyük təsiri olmayacağı deyilir. Sadəcə olaraq onların yoldaşlıq görüşləri Millətlər Liqasındakı digər elit komandalara qarşı görüşlə əvəzlənib.
Lakin Avropa Çempionatına vəsiqə qazanmaq haqqında xəyal quran zəif komandalar üçün bu bir fürsətdir. İndi belə komandalar öz güclərinə uyğun rəqiblərlə üzləşərək əsas turnirə vəsiqəni təmin edə bilərlər.
Bəs Avro 2020 seçmə mərhələsi?
Avro seçmələri əsasən dəyişilməz qalır. Yalnız pley-of mərhələsində əvvəllər qrupda üçüncü yeri tutmuş komandalar çıxış edirdisə, indi bu mərhələdə Millətlər Liqası qruplarının qalibi olmuş 16 komanda qarşılaşacaq.
Əgər onlar artıq çempionata vəsiqə qazanıblarsa, həmin komandanın əvəzində pley-of mərhələsində növbəti daha titullu komanda çıxış edəcək.
Hər liqanın öz yolu olacaq və bu yollarla qalib gəlmiş hər bir komanda UEFA Avro 2010-ə vəsiqə qazanacaq.
İlk oyun hansı komandalar arasında olub?
Tarixdə ilk dəfədir keçirilən Millətlər Liqasında ilk görüşlər sentyabrın 6-da baş tutub. İlk qarşılaşma isə Qazaxıstan və Gürcüstan arasında olub.
Astanada keçirilmiş görüşdə Gürcüstan 0-2 hesabı ilə qalib gəlib.
(www.bbc.com)
araz.az xəbər portalı.