Son günlər ölkənin müxtəlif bölgələrinin təbii qazla təmin olunmuş məntəqələrindən ay ərzində dəfələrlə heç bir xəbərdarlıq edilmədən mavi yanacağın verilişinin dayandırılması ilə bağlı şikayətlər daxil olur.
Moderator.az-a sonuncu belə şikayətlərdən biri Bərdə rayon mərkəzindən daxil olmuşdu. Xəbər verdiyimiz kimi, sentyabrın 6 və 7-də səhər saat təxm. 10-dan axşam 6-ya qədər şəhərin xeyli hissəsində sakinlərin evlərinə gələn təbii qaz kəsilib. Bir neçə abonent bununla bağlı “Azəriqaz”-ın qaynar xəttinə telefon açsa da, qəzanın səbəbləri haqda tutarlı məlumat verilməyib.
Bərdədə olan əməkdaşımız da “104” vasitəsi ilə “Azəriqaz” əməkdaşıyla əlaqə saxlayıb. Cəmiyyətdən bildirilib ki, Bərdədə xətlərin kipliyi yoxlanılır. “Bəs niyə abonentlər öncədən xəbərdar edilmir” sualına “Bilmirik. Xəbərdarlıq etmək onların öz işidir, biz məlumat veririk” cavabı verilib.
Görünən odur ki, bir sıra hökumət qurumları kimi, “Azəriqaz” da abonentləri –vətəndaşları saymır, onların kimliyi yalnız borc yazılanda, vaxtında ödənilməyəndə yada düşür. Bəs görəsən, keçmiş SSRİ məkanındakı ölkələrdə müvafiq qurumların abonentlərə münasibəti necədir?
Hazırda Bərdə şəhərində qonaq olan Ukrayna vətəndaşı, soydaşımız Leyla İsmayılova əməkdaşımıza açıqlamasında yaşadığı ölkənin də ərazisinin bir hissəsində döyüş əməliyyatları getməsinə, separatçıların nəzarətində olmasına rəğmən sabitlik olan yaşayış məntəqələrində qazın, suyun, işığın əsaslı səbəb olmadan, abonentlərə xəbərdarlıq edilmədən kəsilmədiyini bildirib:
”Biz 30 ildən çoxdur ki, Ukraynanın Çerkassı vilayətinin Smela şəhərində yaşayırıq. Burada işıq, qaz, su və s. ildə yalnız bir dəfə təmir üçün kəsilir. Bildiyiniz kimi, Ukrayna qazı, eləcə də elektrik enerjisinin xeyli hissəsini Rusiyadan alır. Buna rəğmən hökumətin nəzarəti altında olan yaşayış məntəqələrində, o cümlədən Smela şəhərində, kiçik istisnalarla qaz ildə yalnız bircə dəfə kəsilir və üstəlik, bir neçə gün öncə hər bir abonent şəxsi bildirişlə bu haqda xəbərdar edilir. 5-6 ildən bir təsadüfən qaz, yaxud, işıq, su kəsildiyi halda isə binanın sakinləri qocalı-cavanlı, qadınlı-kişili dərhal həyata toplaşaraq etiraz edirlər. Bu da nəticə verməzsə, şəhər sovetinə yürüş edirlər. Lakin belə vəziyyət çox nadir hallarda olur, onda da dərhal problem həll edilir. Yəni burada həm hökumət qurumları öz vəzifələrini layiqincə yerinə yetirir, həm də vətəndaşlar hüquqlarını bilir və onlara sayğı ilə yanaşılmasını tələb edirlər… Onu da deyim ki, yaşlı sakinlər daim cavanlara nəsihət edirlər ki, qaz, işıq, su yersiz olaraq kəsildikdə etiraz etmək ənənəsini davam etdirsinlər…”
Həmsöhbətimizin qürbətdəki soydaşlarımızın Vətəndə baş verənləri diqqətlə izlədiklərini vurğulayaraq ölkəmizdə şahidi olduğu problemlərə toxundu:
”Biz Ukraynada yaşayan azərbaycanlılar daim Azərbaycandakı proseslərlə, o cümlədən işğal altındakı torpaqlarımızın taleyi ilə maraqlanırıq. Ölkəmizin iqtisadiyyat, mədəniyyət, idman və s. sahələrdəki uğurlarına sevinirik. Bu il Milli Ordumuzun 100 illiyi ilə bağlı paradı böyük qürur hissi ilə izlədik. Ölkəmizin, bölgələrimizin, xüsusən paytaxtımız Bakının ildən-ilə abadlaşdırılması zahirən gözəlləşməsi, turist axınının çoxalması bizləri çox sevindirir. Milli musiqimizin, o cümlədən aşıq sənətinin, muğamın inkişafına dövlət qayğısını yüksək dəyərləndiririk. Lakin Azərbaycana gəlib bəzi gerçəkliklərin şahidi olan da çox məyus oluruq. İqtisadi-sosial sahədəki müəyyən kölgədə qalan problemlər, məmur özbaşınalığı, vətəndaşların hüquqlarının tapdalanması, rüşvətxorluq və korrupsiya halları bizləri də bir azərbaycanlı kimi çox narahat edir. İldə bir dəfə ata-anamı yoluxmaq üçün Bərdəyə gəlirəm. Hər dəfə gələndə rastlaşdığım yersiz problemlər məni az qala depressiyaya yuvarladır…”
“Təəssüf ki, Azərbaycan vətəndaşlarının xeyli hissəsi elementar yaşayış haqlarını yerlərdəki cavabdeh məmurlardan tələb etməyi bacarmır. Bərdədə olduğum günlərdə gah işıq, gah qaz, gah telefon, gah da internet kəsilir. Lakin insanlar aktiv şəkildə məmur səhlənkarlığına qarşı çıxış etmirlər. Sentyabrın 6-7-də Bərdədə yaşadığım ərazidə yayın cırhacırında, sakit bir havada iki gün ardıcıl olaraq təbii qazın verilişi dayandırıldı. Lakin gördüm ki, insanlar adi “Qaynar xəttə” zəng etməkdən də ehtiyatlanırlar. Elə məhz bu səbəbdən də cavabdeh məmurların çoxu işlərinə məsuliyyətlə yanaşmır… Belə nəticəyə gəldim “Azəriqaz”adlanan qurumun və onun yerli bölmələrinin yadına abonentlər- vətəndaşlar yalnız borcları yığanda yadına düşür, qalan hallarda onları adam yerinə qoymurlar, nə vaxt ürəkləri istəyir, xəbərdarlıqsız- filansız qazı kəsirlər. Neft-qazla zəngin ölkəmizin sakinlərinin adi yanacaq sarıdan əziyyət çəkməsi bizi çox ağrıdır ..” – deyə qürbətdən gəlmiş soydaşımız təəssüf hissi ilə bildirdi.
Sultan Laçın
araz.az xəbər portalı.