WhatsApp Image 2018-09-10 at 17.29.23.jpg

Təşkilatın Ali Məclisinin növbəti toplantısı bu barədə qərar qəbul edib

Son vaxtlar fəaliyyətini daha da genişləndirən “Qərbi Azərbaycana (Ermənistana) Qayıdış” İctimai Birliyi Ali Məclisinin növbəti toplantısı keçirilib. Toplantının gündəliyinə daxil edilən vacib məsələlər ətrafında maraqlı çıxışlar zamanı, konkret təkliflər səsləndirilib. İclasda Birlik sədri Rizvan Talıbovun təqdimatı ilə, yeni təyinat sərəncamlarına baxılıb və bu təyinatlar QAQB-ın Ali Məclis üzvləri tərəfindən təsdiq olunub.

Öncə, sədrin həmin sərəncam əsasında, müxtəlif sahələr üzrə özünə müavinlər təyin etməsi Ali Məclis tərəfindən təsdiqini tapıb. Türkiyə dövləti və qardaş ölkənin İzmir şəhəri üzrə Nigar Ogedayın, İğdır və Kars bölgələri üzrə Serdar Unsal Türkün, Ankara şəhəri üzrə İlham Mərdanovun QAQB-ın təmsilçiləri təyin olunmaları məsələsi barədə də, Ali Məclis təsdiq qərarı verib. Eyni zamanda, Ali Məclis Namiq Kərimovun Gəncə şəhəri, Vidadi Əhmədovun Quba, Qusar və Xaçmaz, Qurban Əsgərovun Goranboy bölgələri üzrə adıçəkilən təşkilatın təmsilçiləri təyin olunmalarını da müsbət qarşılayıb. Ali Məclis yenicə səlahiyyət verdiyi həmin şəxsləri, həm də öz üzvləri sırasına qəbul edib.

QAQB Ali Məclisi soydaşlarımızın tarixi yurdlarından deportasiya olunmaları ilə bağlı anım günlərinin keçirilməsi tədbirlərinin təşkili üçün on nəfərdən ibarət işçi qrupunun üzvlərini də secib. Yığıncaqdakı geniş müzakirələrdən sonra, Ali Məclis, növbəti iclasında Əsasnaməsi qəbul olunacaq “Qərbi Azərbaycana Qayıdış Fondu”nun, eyni zamanda QAQB sədrinin mətbuatla əlaqələr üzrə müavini Qeysər Əliyevin rəhbərliyi altında “Qərbi Azərbaycan TV” — (QAtv) internet televiziyasının yaradılması məsələlərinə baxmağı qərara alıb!
Toplantı öz məhsuldar işini səkkiz istiqamət üzrə komitələrin yaradılması ilə davam etdirərək, yeni təsis olunmuş həmin komitələrə sədr, müavin və üzvlər seçib.
Ali Məclis toplantısının yekununda, yaxın günlərin birində, QAQB-ın təşkilatçılığı ilə, Beynəlxalq Mətbuat Mərkəzində Qərbi Azərbaycan (Ermənistan) qaçqınlarının problemlərinə həsr olunacaq dəyirmi masanın keçirilməsinin vacibliyi də vurğulanıb və bu barədə yekdil səslə daha bir qərar qəbul olunub.

Malik MİRZƏ,
araz.az xəbər portalının xüsusi müxbiri.

araz.az xəbər portalı.