Taleh-Mahmudov.jpg
Mirkazım SEYİDOV: “Vətən, xalq sevgili milli diasporumuzun etibar və inam məkanına çevrilən bu regionda hara baxsan, doğma Azərbaycan izləri görünür. Diasporçularımız gördükləri möhtəşəm işlərlə vilayətə səs salıblar”

Taleh MAHMUDOV: “Vilayət və şəhər rəhbərlərinin bizə olan səmimi dostluq və qardaşlıq münasibətlərinin nəticəsidir ki, regionun ictimai, sosial, iqtisadi, mədəni həyatı ilə bərabər, siyasi həyatının da fəal iştirakçılarıyıq – indi azərbaycanlılar arasında partiya, təşkilat fəalları çoxdur, üstəlik deputatlar da var…”

Həmvətənlərimizin daha çox yaşadıqları çoxmillətli Rusiya Federasiyasında keçirilən növbəti regional və yerli seçkilər Azərbaycan ictimai-siyasi dairələrinin də maraqlarından kənarda qalmadı. Federasiyanın böyük şəhər və vilayətlərində baş tutan bu seçkilərdə soydaşlarımızın qazandıqları uğurlu qələbələr barədə, araz.az xəbər portalının redaksiyasına da, qürurverici xəbərlər daxil olmaqdadır. Belə xəbərlərdən birini də, “Araz” Media Qrupunun rəhbəri və mərkəzi ofisi Novosibirsk vilayətinin Novosibirsk şəhərində yerləşən Türkdilli Xalqlarla Slavyan Xalqları arasında «Sodrujestvo» Əməkdaşlıq Fondunun sədri Mirkazım Seyidov, Rusiya Federasiyanın ikinci böyük vilayəti Krasnoyarskdan redaksiyamıza ünvanlayıb.

Mirkazim SeyidovBizim üçün olduqca maraqlı olan həmin xəbərdə müəllif öncə göstərir ki, Krasnoyarsk vilayətində 159 millətdən ibarət, 3 milyon nəfərə yaxın əhali məskunlaşıb: “Saylarına görə, burada məskunlaşan həmyerlilərimiz rus, ukraynalı, tatar və almanlardan sonra beşincidir. Rusiyanın Mərkəzi və Şərqi Sibir ərazi dairələrinin ən böyük yaşayış məntəqəsi olan vilayət paytaxtı Krasnoyarsk şəhərində, bu regionda məskunlaşan 30 millətin hər birinin diaspor birlik qurumları – Milli-Mədəni Muxtariyyat təşkilatları var. Müxtəlif peşə, sənət sahibi olan 60 min nəfər azərbaycanlını özündə daha sıx birləşdirən, üzvlərinin sayına görə, tatarlardan sonra ikinci yeri tutan Azərbaycan Milli-Mədəni Muxtariyyatı bu qurumlar arasında yüksək imicə malik ən nüfuzlulardandır. Bu təşkilat milli diaspor quruculuğu və onun inkişafı, habelə həmin vilayətin ictimai-siyasi, mədəni-iqtisadi tərəqqisi naminə faydalı işlər gördüýü üçün daim fərqlənib.
Uzun zamandır “çəkici bir yerə vuran” krasnoyarsklı soydaşlarımızın birlik ideyalı diaspor təşkilatı çox şeyə nail olub. Nəinki vilayətin mərkəzi Krasnoyarsk şəhərindəki, eləcə də Norilsk, Berezovsk, Şarıpovsk, Suxobuzimsk, Açinsk, Kansk… yaşayış məntəqələrindəki diaspor təşkilatlarımız, Azərbaycan imicini yerli əhali arasında daha yüksəklərə qaldırmaq üçün, canla-başla çalışır, əlindən gələni əsirgəmir.
Onu da qeyd edim ki, 2004-cü ildə Azərbaycan Milli-Mədəni Muxtariyyatı adıyla yenidən formalaşan bu diaspor qurumumuzun rəhbərləri, həmin vaxtdan vilayətin Milli-Mədəni Muxtariyyatlar, eləcə də Milli Vətəndaş Assambleyası və Vilayət Müsəlmanları təşkilatlarının rəhbər şuralarının tərkibinə keçiblər. Elə, o vaxtdan da, Taleh Mahmudov təşkilatın sədri seçilib. Krasnoyarsk bundan sonra Vətən, xalq, el-oba sevgili milli diasporumuzun etibar və inam məkanına çevrilib.
8f3a552f3f599d2d0f6aa32d917c19a1.jpgTaleh Mahmudovun indiyədək rəhbərlik etdiyi bu təşkilatın həyata keçirdiyi fundamental tədbirlər, sözün həqiqi mənasında, vilayətə səs salıb. Bunun ürəkaçan nəticəsidir ki, burada hara baxsan, doğma Azərbaycan izləri görünür. Bu vilayətdə yaşayanlarla danışsanız, onlar arasında sorğu aparsanız, tam əminəm ki, bu təşkilatın fəaliyyətini xüsusi vurğulayacaqlar. Çünki ötən müddət ərzində bu təşkilatın xətti ilə həyata keçirilən tədbirlər, görülən işlər, dövlət rəsmiləri ilə görüşlər… həmişə öz səmərəsini verib. Keçirilən bütün aksiyalar çox yaxşı qarşılanıb, cəmiyyət arasında əks-səda doğurub. Ona görə ki, təşkilat rəhbərləri, həmişə, regiondakı azərbaycanlı gəncləri ətraflarına toplaya, cəmiyyətin bütün təbəqələri arasında birlik nümayiş etdirə bilib, burada Azərbaycanı tanımayan, doğma Vətən həqiqətlərini bilməyən heç kəsin qalmaması üçün əllərindən gələni əsirgəməyiblər”.
Mirkazım Seyidovun sözlərinə görə, Krasnoyarskın diaspor rəhbəri həm də olduqca maraqlı həmsöhbətdir. Onun dedikləri soydaşlarımıza sonsuz inam və vətəndaşlıq ruhu bəxş edir. Bunun müsbət nəticəsidir ki, Vətəndən uzaqda yaşamalarına baxmayaraq, onlar da, öz təşkilatlarının xətti ilə, Azərbaycançılıq ideyalarının qələbə çalmasına, milli dövlətçiliyimizin daha da möhkəmlənməsinə öz vətəndaş töhfələrini verməyə çalışırlar.
Oxucularımızın diqqətinə çatdırırıq ki, ötən ilin sonlarında Krasnoyarskdakı diaspor təşkilatımızın ürəkaçan işləri barədə araz.az saytı da geniş yazılar dərc etmişdi. Bu yerdə təşkilatın rəhbəri Taleh Mahmudovun həmin yazılardakı maraqlı açıqlamasını yenidən oxucularımızın diqqətinə çatdırmaq yerinə düşərdi. Həmin açıqlamasında diaspor rəhbəri bildirirdi ki, Krasnoyarskda milli mədəniyyətimizin, ağrılı problemimiz olan Qarabağ həqiqətlərinin geniş təbliğinə, milli diasporumuzun formalaşıb, daha da inkişaf etməsinə xidmət edən möhtəşəm layihələrdən ibarət tədbirlər təşkil olunur, onların layiqincə həyata keçməsi üçün bütün vasitələrdən istifadə edilir: “Azərbaycan torpağı bizim üçün müqəddəsdir, burda Vətən sevgimiz daha yüksəkdə dayanır. Bu səbəbdən, diaspor fəallarımız hər fürsətdə ağrılı problemimiz olan Qarabağ həqiqətləri ətrafında öz işlərini qururlar. Onlar çoxşaxəli bütün fəaliyyətlərini daim mənfur düşmənin – erməni daşnaklarının vurulmasına yönəldir, güclü maddi-mənəvi dəstəklərini bu istiqamətlərə yönələn möhtəşəm işlərə sərf etməkdən rahatlıq tapırlar.
Krasnoyarskdakı diasporumuzun aktiv fəaliyyətinin və həyata keçirdiyi Azərbaycan mövzulu böyük layihəli çoxsaylı tədbirlərin müsbət nəticəsidir ki, vilayətə üz tutan soydaşlarımız buraya adaptasiya olmaqda çətinlik çəkmir. Ona görə ki, həyata keçirdiyimiz bütün tədbirlər yalnız Vətən naminə, sırf insanlıq xatirinə olur: Talelərini Krasnoyarskla bağlayan hər kəsin hər an diasporçularımızın yanında olmaları da bu səbəbdəndir.
Hara getsək, azərbaycanlı olduğumuzu bilməliyik, yalnız özümüzü düşünməməliyik. Hamının qəlbində Vətənə sevgi, həmyerlisinə qayğı olmalıdır. Vətənimizi layiqincə təmsil və təqdim etmək əsas borcumuzdur.
Ölkəsindən çıxanların xaricdə müəyyən çətinlikləri ola, hər şey öz yoluyla getməyə bilər, amma insan özünə inanmalıdır – əsas odur ki, qarşına qoyduğun məqsəddən geri dönməyəsən. Mən də, əziyyətlə nail olduqlarımın bəhrəsini gördükdən sonra, sözün əsl mənasında, bunun ləzzətini almışam.
Əsas məsləhətim gənclərədir: İlkin olaraq, onlar bilməlidirlər ki, gəzməyə qərib ölkə, ölməyə Vətən yaxşıdır. Biz, xaricdə də Vətənimizin əsgərləriyik, burda da, Vətənə borcumuz nədirsə – ödəməliyik! Bütün Azərbaycan gəncliyi bir yumruq kimi olsa, bizi heç nə yıxa bilməz, hər şey gənclikdən asılıdır.
Xaricə üz tutan soydaşlarımızın hamısını bir olmağa, milli maraqlarımızı qorumağa, Azərbaycan prezidenti möhtərəm İlham Əliyev cənablarının Dünya Azərbaycanlılarının son qurultayındakı çıxışına uyğun fəaliyyət göstərməyə çağırıram!
klimm1109201801.jpgSözün həqiqi mənasında, diasporumuz gördüyü möhtəşəm işlərlə vilayətə səs salıb. Yerli əhali indi bizimlə daha çox maraqlanır, alqışalayiq işlərimiz bizi nüfuz, hörmət-izzət sahibi edib. İndi, çətin ki, bu böyük vilayətdə doğma Azərbaycanımızı tanımayan kimsə tapıla, onun haqqında həqiqətləri bilməyən kimsə qala.
Bizə, səmərəli fəaliyyət göstərmək üçün belə münbit iş şəraiti yaratdıqlarına görə, vilayət və şəhər rəhbərlərinə, biz azərilərlə bərabər, əslən Azərbaycandan olan avarların, tatların, talışların, ləzgilərin, rutulların… da daxil olduğümüz diaspor təşkilatımız adından minnətdarlığımızı çatdırırıq. Çünki, nə vilayət qubernatoru, nə Qanunverici Məclisin sədri, nə də şəhər rəhbəri indiyədək bizim bir problemimizə, bir təklifimizə biganə qalmayıblar; Məhz, vilayət və şəhər rəhbərlərinin bizə olan səmimi dostluq və qardaşlıq münasibətlərinin nəticəsidir ki, biz vilayətin ictimai, sosial, iqtisadi, mədəni həyatı ilə bərabər, siyasi həyatının da fəal iştirakçılarıyıq – indi azərbaycanlılar arasında partiya, təşkilat fəalları çoxdur, üstəlik deputatlar da var…”.
Yuxarıda qeyd edildiyi kimi, 2004-cü ildən bu regionda pərakəndə fəaliyyət göstərən diaspor təşkilatlarımızı qısa zaman ərzində özündə birləşdirməyə nail ola bilən və Krasnoyarsk vilayət Milli-Mədəni Muxtariyyatlar Şurasının tərkibində fəaliyyət göstərən Azərbaycan Milli-Mədəni Muxtariyyatı (AMMM) Təşkilatının fəaliyyəti, Rusiyanın ayrı-ayrı bölgələrindəki diaspor təşkilatlarımızın fəaliyyətlərindəki mövcud durumdan tamamilə fərqlənir. Elə, o vaxtdan təşkilat sədri seçilən Taleh Mahmudovun rəhbər fəaliyyəti də, fərqli motıvlərlə zəngindir. İctimai-siyasi sahədə fəal olmaqla yanaşı, həm də vilayətin tanınmış iş adamı kimi də nüfuz qazanıb. Yalnız onu demək kifayətdir ki, Taleh Mahmudov vilayət mərkəzindəki ən inamlı tibb müəssisəsi olan “Bionika”nın təsisçisidir.
Bəli, Krasnoyarskda böyük bizneslə məşğul olan Taleh Mahmudov, ictimai-siyasi fəallığı, xeyirxahlığı ilə, vilayətin bütün ictimai-siyasi təşkilatlarının və dövlət qurumu rəhbərlərinin diqqətini həmişə özünə, rəhbərlik etdiyi təşkilata cəlb edib. Buranın səlahiyyət və söz sahibləri yanında sözü keçəndir. Diasporumuzun rəhbəri, həm də Rusiya Federasiyası Dövlət Dumasının deputatı Pyotr İvanoviç Pimaşkovun bu vilayət üzrə köməkçi-təmsilçisi olub.

Alqışalayiq bütün işləri müqabilində, bu seçkilərdə Taleh Mahmudov böyük səs çoxluğu ilə, Krasnoyarskın Qanunverici Məclisinə deputat seçilib. “Araz” Media Qrupunun kollektivi adından diaspor rəhbərini bu qələbə münasibətilə ürəkdən təbrik edirik. Həmyerlimizə diaspor fəaliyyəti ilə bərabər, ictimai-siyasi fəaliyyətdə də möhtəşəm uğurlar arzulayırıq!

Məhi ELSEVƏR,
araz.az xəbər portalının xüsusi müxbiri.

araz.az xəbər portalı.