2018-09-11-16-05-56nurin.jpgAzərbaycan tarixinin ən şanlı, şərəfli səhifələrindən biri – Bakının azad olunması tarixi – 1918-ci ilin 15 sentyabrının 100-cü ildönümünü yaşayırıq.

«Şərq» qəzeti ənənəsinə sadiq qalaraq xalqımızın taleyində dönüş nöqtəsi olan bu əlamətdar tarixi hadisəni özünəməxsus şəkildə qeyd edəcək.

Məlumdur ki, ötən il «Şərq» qəzeti redaksiyasında Milli Mətbuat Tarixi Muzeyi fəaliyyət göstərməyə başladı. Muzeyin yaradılması həm də Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümünə ərməğan da hesab edilir.

Çünki muzeydə milli mətbuatımızın təşəkkülü dövrü, istiqlal mücadiləsini siyasi müstəvi ilə yanaşı, eyni zamanda mətbuat səhifələrində də aparan məfkurə, insanlarımızın mübarizəsini əks etdirən materiallar, eksponatlar sərgilənir.

Sabah saat 12:00-da isə Milli Mətbuat Tarixi Muzeyinin daha bir otağı qapılarını açacaq. Bu otaqdakı eksponatlar və materiallar məhz Bakının xilaskarı – Qafqaz İslam Ordusunun tarixi ilə bağlıdır. Otaqda Qafqaz İslam Ordusunun yaradılmasını zəruri edən tarixi amillər, ordunun yaranması, o gərgin dövrdə Qafqaz İslam Ordusunun yaradılmasında əməyi keçən böyük şəxsiyyətlər barədə, ordunun Azərbaycana gəlişi, ordunun komandanı Nuru Paşa, Osmanlı generalı Ənvər Paşa və digər tarixi şəxsiyyətlər haqqında zəngin materiallar, həmçinin 1918-ci ilin sentyabrında çap olunmuş milli mətbuat nümunələri, qəzet və arxiv materialları, qardaş Türkiyədə çap olunmuş materiallar, dərgilər yer almaqdadı. Muzeyin «Qafqaz İslam Ordusu» adlanan bu şöbəsinin açılışı 15 sentyabr – Bakının azad edilməsi günü ərəfəsində olacaq.

Bu əlamətdar tarixi günlə bağlı «Şərq»in qonağı qardaş Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral, Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov və dəyərli ziyalılarımız olacaq.

Məlahət

araz.az xəbər portalı.