Kənd Təsərrüfatı Nazirliyi fermerlərə müraciət edib.

Nazirlik məhsul istehsalçılarına müraciət edərək bildirib ki, taxıl sahələrinin biçindən sonra yandırılması yolverilməzdir. Bu addım həm ekoloji baxımdan, həm aqrotexniki qaydalar baxımından zərərlidir və torpağın münbitliyinin azalmasına, üzvi maddələrin, mikroflorasının məhv olmasına gətirib çıxarır. Samanın yandırılması nəticəsində torpağa ziyan dəyir, faydalı mikroorqanizmlər məhv olur. Yanğın nəinki əkinə yararlı torpaqları, eləcə də meşə, meşəmühafizə zolaqlarını, əhalinin yaşadığı əraziləri və digər sahələri əhatə edir. Bu isə öz növbəsində ekoloji problemlərə gətirib çıxarır.

Həmçinin qeyd olunub ki, təsərrüfatlarda kövşənin, yəni məhsulu biçilmiş əkin sahələrinin yandırılması qadağandır:

“Eyni zamanda, biçindən sonra əkin sahələrini yandıran fermerlərin nəzərinə çatdırırıq ki, onlar bu əməli törətməklə qanunvericilikdə müəyyən edilmiş qaydada inzibati məsuliyyət daşıyırlar. “Torpaqların münbitliyi haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən əkin yerlərinin yandırılması qadağan edilib. Bu qadağanın tətbiqində məqsəd əkinəyararlı torpaq sahələrinin münbitliyini qorumaq, ekoloji mühitə vurulan zərərin qarşısını almaq, kənd təsərrüfatında məhsuldarlığı yüksəltməkdir. İnzibati Xətalar Məcəlləsinin 244-1-ci maddəsinə əsasən əkin yerini yandıran fıziki şəxslər 400 manatdan 600 manata, vəzifəli şəxslər 1500 manatdan 2000 manata, hüquqi şəxslər isə 5000 manatdan 6000 manatadək məbləğdə cərimə olunacaqlar”, – deyə məlumatda qeyd olunub.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.