Əmlak eksperti: “Bu, vətəndaşların mülkiyyət hüququdur, onların hüququnu əlindən almaq olmaz”

Hüquqşünas: “Hökumətin bu problemi həll etməyə gücü yetir və düşünün ki, əlində çeki qalmış insanların içərisində ömrünün ahıl çağında olanlar var, gecikmək olmaz”

Azərbaycanın müstəqilliyini bərpa etdiyi ilk illərdə ölkədə dövlət əmlakının özəlləşdirilməsi barədə qanun qəbul olundu. Ulu öndər Heydər Əliyev 1996-cı ilin martında özəlləşdirmənin həyata keçirilməsini və bu prosesdə özəlləşdiriləcək dövlət mülkiyyətinin bir hissəsinin əhaliyə əvəzsiz verilməsini təmin etmək məqsədi ilə fərman imzaladı. Həmin fərmana əsasən, 1997-ci il yanvarın 1-dək anadan olmuş Azərbaycanın hər bir vətəndaşına əvəzsiz olaraq 4 çekdən ibarət özəlləşdirmə payı verildi.

2011-ci ilə qədər özəlləşdirmə çeklərinin tədavül müddəti bir neçə dəfə uzadılsa da, 2011-ci ildə proses dayandırıldı. Nəticədə vətəndaşlar 12 ildir halal haqlarından – dövlət payından yararlana bilmirlər.

Məlumatlara görə, bu gün özəlləşdirmə çekləri yüzminlərlə vətəndaş tərəfindən saxlanılır. Vətəndaşlar bu çeklərin yenidən işə yarayacağına ümid edirlər. Qanunda özəlləşdirmə paylarının “Qiymətli kağızlar haqqında” qanunla tənzimlənməsi, bu qanunda isə qiymətli kağızlar üçün zaman məhdudiyyətinin nəzərdə tutulmaması, habelə inflyasiyadan qorunmaqla, bir özəlləşdirmə payı üçün minimum 2000 ABŞ dolları ekvivalentində məbləğin müəyyən edilməsi və digər məqamlar tədavül müddətinin başa çatması ilə bağlı qərarın ədalətsiz olduğunu təsdiq edir.

Milli Məclisin deputatları, ictimai-siyasi, mədəniyyət-incəsənət xadimləri, hüquq müdafiəçiləri, iqtisadçılar, hüquqşünaslar, əmlak ekspertləri, eləcə də özəlləşdirmə çekləri əlində qalan vətəndaşlar aidiyyəti orqanlara müraciət etsələr də, indiyədək onların problemi öz həllini tapmayıb.

Tanınmış əmlak eksperti Nüsrət İbrahimov AYNA-ya açıqlamasında deyib ki, tədavül müddətinin başa çatdırılması ədalətli qərar deyil: “Bu proses bitməyib. Ona görə ki, qanunun və ulu öndər Heydər Əliyevin imzaladığı fərmanın tələblərinə əməl olunmayıb. Qanunda bir çox müddəalar var ki, tədavül müddətinin başa çatmasına hüquqi əsas yaratmır. Özəlləşdirmə payları qiymətli dövlət kağızıdır. Qiymətli kağız isə zamanla məhdudlaşdırıla bilməz. Yalnız şəxsin öz istəyi ilə satışa çıxarıla və həddiyə oluna bilər. Pay sahibləri onu istifadə etməkdə sərbəstdirlər. Kim istəsə sata bilər, hədiyyə verər, hansısa müəssisəyə pay olaraq yatırar, yaxud da real şəraitin olmadığını görüb gözləmə mövqeyinə keçər”.

“Qəribə vəziyyət yaranıb – kimlər ki, gözlədi və paylarını qorudu, onların vauçerləri dəyərsiz kağız parçasına çevrildi. Nəzərə almaq lazımdır ki, proses böyük qanun pozuntuları ilə müşayiət olunub. Bir sistemdən digər sistemə keçid olub və belə bir ciddi proses pay sahiblərinin qəpik-quruş əldə etməsi ilə başa çatıb”, – deyə həmsöhbətimiz bildirib.

İbrahimov əmindir ki, özəlləşdirmə payları əlində qalan vətəndaşlarla bağlı yekun qərar elan olunmalıdır: “Sosial mediada bununla bağlı çoxsaylı səhifələr fəaliyyət göstərir. Ölkə ziyalıları, mütəxəssislər çağırışlar edirlər. Bu, vətəndaşın mülkiyyət hüququdur. İnsanların mülkiyyət hüququnu əlindən almaq olmaz. Bu vauçerlər köhnəlir, indiki halda yalnız kağız üzərindədir. Gələcəkdə kağız kimi də effektini itirəcək. Bu problemi həll etməyin müxtəlif yolları var. Müvafiq qurumlar problemi aradan qaldırmalıdır. Ya növbəti özəlləşdirmə prosesində pay sahiblərinin iştirakına şərait yaradılmalı, ya da kompensasiya ödənilməlidir”.

Hüquqşünas Fərid Rüstəmov da AYNA-ya şərhində söyləyib ki, özəlləşdirmə çekləri ilə bağlı ciddi ədalətsizlik baş verib: “O zaman əhaliyə bu çeklərin paylanması zamanın tələbi idi. Ulu öndər Heydər Əliyev o dövr üçün ən doğru qərarlarından birini verdi. Çünki ölkəmiz yenicə müstəqillik əldə edirdi və SSRİ-dən qalmış dövlət əmlakı vətəndaşlar arasında bərabər bölünməliydi. Bununla bağlı tarixi faktlarla yaxından tanış olduqda görürük ki, özəlləşdirmə prosesinə hazırlıq xeyli zaman alıb. Şəxsən Heydər Əliyevin tapşırığı ilə dövlət məmurları müxtəlif ölkələrin təcrübəsini öyrənmək üçün xaricə ezam olunublar. Bu, o demək idi ki, ən yüksək səviyyədə siyasi iradə mövcud olub ki, hər kəs bu mütərəqqi prosesdən faydalana bilsin”.

“Sonradan isə proses düzgün aparılmadı. Əslində, prosesin böyük qüsurlarla aparıldığını əsas götürsək, ümumiyyətlə, hər şeyi yenidən başlamağı da tələb etmək olar. Lakin bu, böyük məbləğdə vəsait deməkdir. Heç olmasa, özəlləşdirmə payları əlində qalan vətəndaşlara sahib çıxmaq lazımdır”, – deyə müsahibimiz vurğulayıb.

Rüstəmovun sözlərinə görə, Azərbaycan hökumətinin bunu həyata keçirməyə gücü var: “Heç olmasa prosesi başlasınlar. Tədricən dəymiş zərəri ya kompensasiya etsinlər, ya da növbəti özəlləşdirmə prosesində pay sahiblərinin iştirakının anonsunu versinlər. Bu proses uzansa da, yekunda öz həllini tapacaq. Nə qədər tez olsa, bir o qədər yaxşıdır. Nəzərə alsaq ki, sosial problemlər mövcuddur, belə bir qərarın qəbul edilməsi pay sahiblərinə bayram sevinci yaşadar. Elə insanlar var ki, ömürlərinin ahıl çağlarını yaşayırlar. Onları da düşünmək lazımdır”.

QEYD

Məlumat üçün bildirək ki, özəlləşdirmə çekləri 1997-ci ildə dövlət qeydiyyatında olan bütün ölkə vətəndaşlarına miras əmlak payı olaraq verilib. Bu çeklər dövlət qiymətli kağızları olmaqla yanaşı, həm də mülkiyyət hüququ daşıyır. Çeklərin hər birinin dəyəri eynidir. Qanuna əsasən, özəlləşdiriləcək bütün iri və orta dövlət əmlakının ən azı 65 faizi özəlləşdirmə çekləri ilə əvəzlənməli, özəlləşdirmə prosesi bu şəkildə həyata keçirilməlidir.

Hər bir çekin dəyəri 1/32 milyonda hissədir. Bu hissəyə düşən əmlak ekvivalenti payı qanunda inflyasiyadan qorunan əmlak ekvivalenti payı kimi göstərilib. Eyni zamanda bu özəlləşdirmə paylarının banklarda girov qoyulması hüququ qanunla təmin olunub. Bu, o deməkdir ki, özəlləşdirmə çeklərinin hər birinə dövlət əmlakından düşən səhmlərin dəyəri eyni olmalıdır.

Çeklər çap olunan zaman dövlət buna böyük miqdarda vəsait ayırıb və qiymətli kağız olaraq bu vauçerlər dollardan və digər valyutalardan qiymətli tutulur. İnflyasiya qorunmaqla bir payçı üçün  özəlləşdirmə çekinin dəyəri minimum 2000 ABŞ dolları ekvivalentində qəbul edilib. Qanunda vauçerlər üçün müddət nəzərdə tutulmasa da, tədavül müddətinin dayandırılması bəzi məmurların mövzunu qapatmaq cəhdi kimi qiymətləndirirlər.

Əhalinin maarifçilik səviyyəsinin aşağı olması, bəzi işbazların və məmur-oliqarxiyasının prosesin önünə keçməsi nəticə etibarilə bu vəziyyəti şərtləndirdi. Bəziləri vauçerlərini “qara bazar”da satışa çıxarsalar da, ədalətin zəfər çalacağı günü gözləyib bu günə qədər çeklərini qoruyanlar da var.

Əlavə qeyd

Hamı bilməlidir ki, ulu öndər Heydər Əliyev tərəfindən verilən Miras Özəlləşdirmə Payı mülkiyyət hüququ və bu hüququ təsdiq edən Dövlət Qiymətli Kağızı olan Özəlləşdirmə Çekləri – QANUNLA verilib!

Heyər Əliyevin ÖZƏLLƏŞDİRMƏ QANUNUNUN icrası ücün verdiyi və imzaladığı 450-li Fərman isə qanunla müəyyən edilmiş qaydada hər bir vədəndaşa düşən miras özəlləşdirmə paylarını təsdiq edən özəlləşdirmə çeklərinin dövlət öhdəliyi olaraq vətəndaşlara paylanılması və birincili olaraq yerləşdilməsini icra etmək ücün verilib. Bu gün də qüvvədə olan bu Fərmanla təsdiq olunmuş özəlləşdirmə çekləri haqqında Əsasnamənin 5-ci bəndi ilə bütün özəlləşdirmə dövründə özəlləşdirmə çeklərindən ödəmə vasitəsi kimi qəbulundan imtina etmək qəti qadağan olunub.

Fərman nə hüquq verir, nə də qanunun verdiyi hüququ ala bilər! Kompensasiya ödəmədən, məmurların hiyləsi ilə, Fərman əsasında özəlləşdirmə çeklərini dövriyyədən cıxarmaqla aparılan özəlləşdirmə qanunsuzluq, xalqa qarşı ədalətsizlik və dövlətə qarşı təxribatdır!

Mövzuya dair daha ətraflı məlumatla bu KEÇİDə daxil olmaqla tanış ola bilərsiniz.

Aydın Gəray 

araz.az xəbər portalı.

araz.az xəbər portalı.