İyunun 21-də Prezidentin tapşırığı ilə Baş nazirin sərəncamı ilə Gədəbəy rayonunun Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə Komissiya yaradılıb.
araz.az APA-ya istinadət xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri, Gədəbəy rayonunun Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə yaradılan Komissiyanın sədri Muxtar Babayev bildirib.
Nazir deyib ki, iyunun 22-də və 27-də Komissiya üzvləri kənd sakinləri ilə görüş keçirib, texnoloji prosesi ilə tanış olub, o cümlədən tullantı suları üçün tikilmiş gölün monitorinqi aparılıb:
“Səhiyyə, sağlamlıq məsələləri ilə bağlı TƏBİB-in, Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı, Fövqəladə Hallar Nazirliklərinin və digər müvafiq strukturların əməkdaşları ora səfər edib. Kənd sakinlərində narahatlıq vardı ki, göldən gələn havanın qoxusu onların sağlamlığına neqativ təsir göstərə bilər. İlk gündən havanın keyfiyyətinin nəticələrini əhaliyə çatdırmağa çalışdıq. Hava monitorinqi təhlükəli maddələrin normadan artıq olmaması, hava keyfiyyətinə təsir etmədiyini məlum oldu”.
Ovqat.com xatırladır ki, ötən gün Prezident İlham Əliyev 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə Söyüdlü kəndindəki ekoloji problemin səbəbini Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yarıtmaz fəaliyyətilə əsaslandıraraq demişdi:
“Bütün bunları qeyd edərkən görürük ki, ölkəmizin böyük hissəsi artıq rəsmən “yaşıl enerji” zonası elan edilib və bunun fonunda Gədəbəy rayonunda baş vermiş hadisə tamamilə qəbuledilməzdir. Mən hesab edirəm ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ən azı səhlənkarlığa yol verib, nəzarətsizlik nümayiş etdirib, passiv müşahidəçi kimi çıxış edib və bunun nəticəsində xarici investor bizim təbiətimizi zəhərləyib. İnsanlar haqlı olaraq öz etiraz səsini ucaldıblar, amma onların səsinə baxan olub? Yox! Bir gün, iki gün, üç gün, beş gün, hara baxırdı Ekologiya və Təbii Sərvətlər Nazirliyi? Bilmirdimi ki, belə problem var? Ya bilirdi gözünü yumurdu, ya da bilmirdi. Hər ikisi qəbul edilən deyil”.
Prezident həmçinin vurğulamışdı ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi onun konkret göstərişinə məhəl qoymayıb: “Mən konkret tapşırıq vermişdim, konkret. Hanı ekspertizanın nəticələri? Nə qədər vaxt keçib? Bir aya yaxın vaxt keçib. Heç kim mənə məruzə etmir – Nazirlər Kabineti etmir, Ekologiya və Təbii Sərvətlər Nazirliyi etmir. Hesab edirlər ki, mən bunu unutmuşam. Yox, mən heç nə unutmuram… Ekologiya və Təbii Sərvətlər Nazirliyi nə üçün bu məsələyə diqqət yetirməyib, biganə qalıb və mən tapşırıq verəndən sonra gediblər, gəliblər, nəticə haqqında heç bir məlumat yoxdur”.
Prezidentin bu iradlarından sonra Muxtar Babayevin media açıqlaması yayaraq, “xeyr, biz monitorinq aparmışıq, heç bir neqativ hala rast gəlməmişik” mənasına gələn fikirlər söyləməsi ölkə başçısının dediklərini inkar etməyə və ona söz qaytarmağa oxşayır.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.