Bakının Nəsimi rayonunun İcra Hakimiyyətində, Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Nəsimi Rayon Təşkilatının birgə təşkilatçılığı ilə, Ulu Öndər Heydər Əliyevin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəlişi ilə bağlı, “14 İyul, 1969-cu il: Müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün” mövzusunda geniş və yaddaqalan müşavirə keçirilib. Müşavirədə Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, YAP Nəsimi Rayon Təşkilatının sədri Azər Süleymanov, Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli, Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev, Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının üzvü, 1-ci Dərəcəli Dövlət müşaviri Dilarə Seyidzadə, iqtisad elmləri doktoru Əvəz Ələkbərov, eləcə də rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların, qeyri-hökumət qurumlarının rəhbərləri, Vətən Müharibəsi əlilləri, İctimai Şuranın üzvləri, rayon ictimaiyyəti nümayəndələri və rayon gəncləri iştirak ediblər.
Tədbirdə, öncə, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Bundan sonra, ölkənin ərazi bütövlüyü uğrunda gedən savaşlarda canlarından keçən şəhidlərimizin və Ümummilli Liderin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Bundan sonra, maraqlı çıxışlar olub. Natiqlər öz çıxışlarında Heydər Əliyevin XX əsrin 70-ci illərində Azərbaycanda yaratdığı ictimai-siyasi ab-havanın, birbaşa, milli şüurun oyanmasına, Azərbaycan dilinin inkişafına, dəyərlərimizin xalq tərəfindən mənimsənilməsinə, tarixi keçmişimizin hərtərəfli öyrənilməsinə necə bir münbit şərait yaratdığını xüsusi olaraq vurğulayıblar. Çıxış edənlər xüsusi olaraq onu da qeyd ediblər ki, çətin olan o dövrdə, ali təhsil ocaqlarında ədəbiyyatımızla və tariximizlə bağlı diskussiyaların aparılması, Azərbaycan tarixinin bütün ali təhsil ocaqlarında tədris proqramına daxil edilməsi Ümummilli Liderin milli məfkurəmizin inkişafına birbaşa xidmət siyasətinin nəticəsi idi.
Çıxışlarda, Ulu Öndər Heydər Əliyevin hakimiyyətinin birinci dövründə Azərbaycanda yaradılmış iqtisadi potensialın sonrakı mərhələlərdə — müstəqillik illərində ölkəmiz üçün çox əhəmiyyətli rol oynadığı da xüsusi vurğulanıb. Qeyd edilib ki, Azərbaycançılıq şüurunun inkişafı, tariximizin öyrənilməsi, yerli kadrların yetişdirilməsi, o cümlədən, milli ruhun yüksəldilməsi istiqamətində keçirilən bir çox tədbirlər, sonrakı dövrdə də, millətimiz üçün, dövlətimiz üçün çox əhəmiyyətli rol oynayıb.
Bu tədbiri də, öz maraqlı məqamları yaddaqalan edib.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.