Kommunikasiyaların açılması Ermənistanın Rusiyadan asılılığını azaldacaq ki, bu da Azərbaycanın xeyrinə olacaq. Bunu amerikalı diplomat Ceyms Uorlik Ermənistanın “news.am” saytına deyib.

Onun sözlərinə görə, Türkiyə ilə sərhədlərin açılması Ermənistanın da xeyrinə olacaq. O əmindir ki, Ermənistan-Azərbaycan münasibətləri yaxşılaşarsa, Ermənistan və Azərbaycan üçün yeni çiçəklənmə dövrü açılacaq. Uorlik bildirib ki, vaxt gələcək, Türkiyə ilə sərhədi açmaq mümkün olacaq və bu, Ermənistana böyük fayda verəcək: “Buna nail olmaq asan deyil, lakin bu məsələ gündəmdə olmalıdır. Kommunikasiyaların bərpası son dərəcə vacibdir və Ermənistanın maraqlarına uyğundur, çünki bu, bir sıra məsələlərdə Rusiyadan asılılığı azaldacaq. Azərbaycan da bundan faydalanacaq”. “ABŞ-ın Cənubi Qafqazda həyati maraqları varmı, yoxsa region əsasən Rusiya və İranın təsiri ilə vacibdirmi” sualına cavabında Uorlik qeyd edib ki, Vaşinqtonun həmişə regionda maraqları olub: “Əlbəttə, onlara Azərbaycanın enerji sektorunda maraqlar əlavə olunub, lakin bununla məhdudlaşmır. Biz Cənubi Qafqazda sabitliyin qorunmasında maraqlıyıq, bizim Ermənistanla çoxlu əlaqələrimiz var”. Beləliklə, ABŞ Azərbaycanın istədiyi kimi regionda kommunikasiyaların açıılmasının nə dərəcədə zəruri olduğunu bəyan edir. Rusiyanın “Nezavisimaya qazeta” mətbu orqanı yazır ki, əslində, Azərbaycan regionda həm komminikasiyaların açılmasına, həm də Qarabağ ermənilərinin inteqrasiyasına nail olacaq: “Azərbaycan prezidenti İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanla yaxın günlərdə keçiriləcək danışıqlarda sülh müqaviləsi ilə bağlı mövqelərin yaxınlaşacağını gözlədiyini bildirib. Bunu Azərbaycan lideri ilin birinci yarısı üzrə ölkənin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan müşavirədə deyib. Əliyev-Paşinyan görüşünün hansı fonda baş tutacağını Laçın yolunda baş verənlər də müəyyən edir. Bu münasibətlə və ümumilikdə regiondakı vəziyyətlə bağlı Nikol Paşinyan ABŞ dövlət katibi Entoni Blinkenlə telefonla danışıb. Qarabağı Ermənistanla birləşdirən yeganə yol olan Laçın dəhlizi ilə hərəkət rejimini yumşalan Bakı yenidən buradan keçidi dayandırıb. Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) tabeliyində olan avtomobillərdə ölkənin sərhədçiləri tərəfindən siqaret partiyaları, mobil telefonlar, onlar üçün ehtiyat hissələri, o cümlədən gizlədilmiş yanacaq qabları aşkar edildikdən sonra Azərbaycan tərəfi belə bir qərar qəbul edib. Xüsusi bəyanatda qeyd olunur ki, BQXK-nın tibbi evakuasiya maşınlarının qaçaqmalçılıq üçün istifadəsi Azərbaycan qanunlarının kobud şəkildə pozulması, humanitar missiyaya olan etimadından sui-istifadədir. Bakı bütün zəruri istintaq-əməliyyat tədbirlərinin tamamlanmasını gözləyərək yolun müvəqqəti bağlandığını bəyan edir.

BQXK cavab bəyanatında vurğulayır ki, missiya Qarabağdan ağır xəstələri təcili tibbi yardım üçün Ermənistana aparır. Sənəddə Ermənistandan Qarabağa uşaqlar üçün ərzaq, eləcə də bəzi ilkin tələbat mallarının çatdırılmasından da bəhs edilir. Azərbaycan tərəfinin ittihamlarını təkzib etmədən, BQXK cinayəti törədənləri təşkilatın ştatdankənar işçiləri, birdəfəlik müqavilə ilə işə götürülən sürücülər kimi təqdim edib. Vəziyyətin aşkar şəffaflığına baxmayaraq, Xankəndidəki rejimin baş verənlərlə bağlı öz baxışı var. Rejim təmsilçilərindən David Babayan deyib: “Bir sıra ölkələrlə səmimi danışmağın vaxtı çatıb və biz Ermənistanın son mövqeyini almalıyıq. Rusiya da aydın mövqe ortaya qoymalıdır”. Bakının yanaşması hamıya məlumdur – Qarabağ Azərbaycanın bir hissəsidir və ona görə də bu regionda baş verən hər şey Azərbaycanın daxili işidir. “Sülh danışıqları ilə bağlı mövqeyimiz aydındır, məntiqlidir və beynəlxalq hüquqa əsaslanır. Hesab edirəm ki, bu prinsiplər əsasında, beynəlxalq hüququn norma və prinsipləri əsasında sülh müqaviləsi imzalana bilər. Hər halda, belə imkanların olduğuna inanıram”, – deyə Əliyev bildirib. Onun sözlərinə görə, danışıqların son raundları və bir neçə günə planlaşdırılan yüksək səviyyəli təmaslar “sülh sazişinə daha da yaxınlaşmaq” məqsədi daşıyır. “Biz bunu istəyirik, bu təşəbbüsü irəli sürdük. Ancaq yenə də deyirəm, hər şey bizdən asılı deyil, qarşı tərəf də buna hazır olmalı və sözlə ifadə olunan prinsipləri kağıza köçürməlidir”, – deyə Azərbaycan prezidenti vurğulayıb. O, həmçinin, “Ermənistanın mövqeyində müsbət irəliləyişin olduğunu” vurğulayıb. “Əgər ötən ilin oktyabrında İrəvan Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və sərhədlərini tanıyıbsa, bu ilin mayında daha da irəli gedib, Azərbaycan ərazisinin, o cümlədən Qarabağın və anklav kəndlərinin parametrlərini rəsmən tanıyıb. Bu müsbət fakt kimi qiymətləndirilməlidir. İndi bu sözlərin kağız üzərində sabitləşməsinin, imzaların atılmasının, münasibətlərin qurulmasının vaxtı çatıb. İstənilən halda biz bu istiqamətdə səylərimizi davam etdirəcəyik”, – deyə Əliyev bildirib. Onun sözlərinə görə, bu gün Azərbaycanın silahlı qüvvələri bir il əvvəlkindən də böyük hərbi potensiala malikdir. “Biz həm döyüş qabiliyyəti, həm də silah və texnika ilə təchizat baxımından güclənəcəyik, çünki bu proses davam edir və dayanmamalıdır. Artıq dediyim kimi, biz iki istiqamətə – hərbi potensialın gücləndirilməsi və işğaldan azad edilmiş torpaqların bərpasına nə qədər lazımdırsa, o qədər də vəsait ayıracağıq”, – deyə Əliyev bildirib. O vurğulayıb ki, “bu siyasət sayəsində Azərbaycan öz gücünü artırır”. “Bu lazımdır, çünki müasir dünyada güc amili ön plana çıxır”, – deyə Azərbaycan lideri əlavə edib”. Qəzet yazır ki, bununla Azərbaycan konkret mövqeyini ortaya qoyub. İndi Ermənistan da bununla razılaşıb regionda həm kommunikasiyaları açacaq, həm də Qarabağ ermənilərinin inteqrasiyasına əngəl ola bilməyəcək. Xüsusən də bu prosesdə ABŞ-ın da maraqlı olması fonunda İrəvanın başqa seçim imkanı qalmır.

Samirə SƏFƏROVA

araz.az xəbər portalı.