Qərblə təmaslarını sıxlaşdıran Ermənistan Rusiyanın ünvanına getdikcə daha çox ittihamlar səsləndirir. Hesab edilir ki, bu gedişlə tərəflərin münasibətlərinin qırılma nöqtəsinə gəlməsi qaçılmaz olacaq.
Qarşılıqlı ittihamların artdığı bir vaxtda Ermənistan Təhlükəsizlik Şurasının sədri Armen Qriqoryan “Amerikanın səsi” radiosuna müsahibəsində yenidən bildirib ki, Rusiya İrəvan qarşısında öhdəliklərini yerinə yetirmir.
O qeyd edib ki, Rusiyanın Ermənistanı müqavilələrdə nəzərdə tutulan silah və sursatla təmin etməməsi iki ölkə münasibətlərinin gündəmində qalmaqda davam edir. Onun sözlərinə görə, bu məsələ Təhlükəsizlik Şurası katiblərinin Minskdə keçirilən son görüşündə müzakirə olunmayıb: “Bütün problemlər tərəfdaşlarımızla açıq şəkildə müzakirə edilməlidir. Çünki bu məsələlər bizim üçün strateji əhəmiyyət kəsb edir”. Qriqoryan həmçinin qeyd edib ki, KTMT ölkələri Ermənistanın qaldırdığı məsələlərin qanuni olduğunu anlamalıdır: “Bu çox vacibdir”. Ermənistanın “İravunk” nəşri yazır ki, Qriqoryan bu ittihamları ABŞ səfəri çərçivəsində səsləndirir: “Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə mövzuları ilə məşğul olan Təhlükəsizlik Şurası katibi Armen Qriqoryan kifayət qədər uzun müddətdir ABŞ-dadır. Qriqoryanın qayıdıb-qayıtmaması, dövlət hesabına nə işlə məşğul olması ilə bağlı xəbər yoxdur. Bəs, Armen Qriqoryanı ABŞ-a niyə çağırıblar? Britaniya və Amerika xüsusi xidmət orqanlarının “sevimli”si olan Ermənistan Təhlükəsizlik Şurasının katibinin Vaşinqtona səfəri həmişə təhlükəli görünüşə malik olur. Keçən il sentyabrın 27-də o, Vaşinqtonda ABŞ prezidentinin təhlükəsizlik üzrə müşaviri Sallivanın iştirakı ilə İlham Əliyevin müşaviri, Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə sənəd imzalayıb. Həmin sənəd Praqada Nikolun qarşısına qoyuldu və o, Qarabağı Azərbaycanın bir hissəsi kimi rəsmən tanıdı”. Nəşr bildirir ki, Qriqoryanın ABŞ-dan Rusiya əleyhinə fikirlər səsləndirməsi təsadüfə oxşamır və bunu Moskvada da sezirlər. Elə rusiyalı politoloq Sergey Markedonov da məsələyə bu prizmadan yanaşır: “Bu gün Avrasiyada ABŞ və Rusiya arasında şiddətli rəqabət gedir. Və bu, təkcə hərbi deyil, həm də diplomatik sferanı əhatə edir. Gözümüzün önündə cərəyan edən Cənubi Qafqaz uğrunda Vaşinqton və Moskva arasında rəqabət Avrasiyadakı ən çətin rəqabətin bir hissəsidir. Bu prosesin bir hissəsi kimi Ermənistan və Azərbaycan arasındakı münaqişənin amerikalı vasitəçiləri iki ölkə arasında sülhün uzaqda olmadığını iddia etməkdə davam edirlər. Onlar son aylarda bu cür danışıqların harada getməsindən – Vaşinqtonda, Brüsseldə, Moskvada, Kişinyovda – asılı olmayaraq bu barədə danışırlar. Ancaq hər dəfə fərdi nüanslar, detallar dəqiqləşdirilməmiş qalırdı. Bundan sonra danışıqlar münaqişə tərəflərinin atışma və eskalasiyaları altında davam etdirildi. Bu və ya digər şəkildə Vaşinqton Bakı ilə İrəvan arasında vasitəçilik məsələsində liderliyi öz üzərinə götürməyə çalışır. Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında son Vaşinqton danışıqlarına paralel olaraq, ABŞ Dövlət Departamentinin Beynəlxalq Təhlükəsizlik və Nüvə Silahlarının Yayılmaması Bürosunun baş müşaviri Castin Fridmanı İrəvana göndərib. Enerji sektorunda tərəfdaşlıq perspektivlərini müzakirə etmək məqsədilə”.
Markedonovun sözlərinə görə, ABŞ İrəvanla Bakı arasında birbaşa dialoqu Rusiyanın iştirakı olmadan, öz koordinasiyası və platformasında qurur: “ABŞ son vaxtlar Rusiyada baş verən hərbi-siyasi böhran nəticəsində Moskvanın imic itkisindən qazanc əldə etməyə çalışır. Vaşinqton məsələni belə təqdim etməyə çalışır: Bu gün əsas amillər Moskvadan asılı deyil. Buna görə də yalnız Amerikanın iradəsinə diqqət yetirmək lazımdır. Təbii ki, bütün bunlar Cənubi Qafqazda nüfuzunu, münaqişənin həlli üçün alətlərini saxlayan Rusiyaya xoş deyil. ABŞ-ın Bakı ilə İrəvan arasında birbaşa dialoqda israrlı mövqeyində altruizmin olmadığını da vurğulamaq lazımdır. Bu, müstəsna olaraq Rusiya ilə eyni geosiyasi rəqabət kontekstində edilir. Həm ABŞ, həm də Rusiya Ermənistan-Azərbaycan münaqişəsinin həllində aparıcı mövqe tutmağa çalışır”. Ekspert qeyd edir ki, burada zəif halqa Ermənistan olduğundan ondan daha çox istifadə olunur. Onun sözlərinə görə, ABŞ Ermənistanı daha çox təsir altına ala bilib. Hazırda ABŞ-ın məqsədi Rusiyanı regiondan sıxışdırıb çıxarmaqdır. Bunun üçün yenə Ermənistan istifadə edilən əsas kartdır. Armen Qriqoryanın Rusiyanın ünvanına artan tənqidi də buradan qaynaqlanır. Məsələn, Qriqoryan bildirir ki, Xankəndidə Rusiya sülhməramlıları ilə bağlı gözləntilər də özünü doğrultmur. Əvəzində Qriqoryan Vaşinqtonun fəaliyyətindən razılıq ifadə edir: “İrəvan Vaşinqtonun Ermənistan-Azərbaycan danışıqlarını irəlilətmək səylərini yüksək qiymətləndirir”. Vaşinqtona səfəri barədə danışan Qriqoryan səfərin əsasən ikitərəfli xarakter daşıdığını və Ermənistanla ABŞ arasında münasibətlərin geniş spektrini əhatə etdiyini vurğulayıb. Onun sözlərinə görə, bu əlaqələrin dərinləşdirilməsi və yeni mövzuların daxil edilməsi üçün yaxşı imkan var. Bunlar fonunda “armenianreport” saytı yazır: “Rusiya Ermənistanın strateji müttəfiqidir. Onun ölkəmiz, xalqımız qarşısında bir sıra öhdəlikləri var. Tarixi və bir sıra müqavilələrlə müəyyən edilmiş öhdəliklər. Rusiya hərbi bazası Gümrüdə yerləşir. Rusiya sülhməramlıları Qarabağdadır. Ermənistan hələ də KTMT-nin bir hissəsidir. Lakin İrəvan bütün bunlardan ABŞ-ın istəyi ilə imtina etməyi düşünür. Rusiyanın buna reaksiyasının necə olacağını təsəvvür etmək çətin deyil”.
Nahid SALAYEV
araz.az xəbər portalı.