Hazırda ölkədə xeyli sayda qadın nikahdankənar uşaq dünyaya gətirdiyi üçün qarşı tərəfdən aliment tələb edə bilmir. arazpress.com qafqazinfo-ya istinadən xəbər verir ki, onlar yalnız atalıq təsdiq olunduğu halda aliment iddiası irəli sürə bilər. Atalığı müəyyən etmək üçün isə mütləq DNT analizi aparılmalıdır. Bu xidmət pullu olduğundan əksər analar uşağın atasını sübut edə bilmir. Buna maddi imkanları çatmır.
Ailə, Uşaq və Qadın Problemləri üzrə Dövlət Komitəsi hüquq şöbəsinin əməkdaşı Seymur Məmmədov məsələylə bağlı bildirib ki, qanunvericilik uşağın atası olduğu iddia olunan şəxsdən DNT analizinin xərci əvvəlcədən alınmasına icazə vermir. Yəni ana uşağın atalığını müəyyən etmək üçün öncə özü vəsait tapıb, bu laborator analizi aparmaq üçün klinikaya müraciət etməlidir. Əgər atalıq təsdiqlənərsə, bu vəsait atadan alına bilər.
Hazırda paytaxtda fəaliyyət göstərən bir çox özəl klinikalarda atalıq testi götürülür. Ancaq bunun üçün bəzi nüanslar var. Uşağa atalıq testi etmək istəyən ailə klinikaya hüquqşunasla yaxınlaşmalıdır. Bu zaman onlar uşağın şəhadətnaməsi, ana və atanın şəxsiyyət vəsiqəsi və nikahdan öncəki arayış kimi sənədləri təqdim edərək terapevtlə görüşür. Test üçün nümunələr burada götürülərək Türkiyəyə göndərilir. Cavablar isə təqribi 1 ay müddətində bəlli olur. Testin qiyməti isə 1000-1500 manat arasında dəyişir.
Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov bildirib ki, ölkəmizdə DNT analizinin qiyməti 2-3 min manat aralığında dəyişir: “Hansısa cinayət işi ilə əlaqədardırsa, bu zaman hüquq mühafizə orqanlarının qərarı əsasında DNT analizləri məhkəmə bioloji şöbəsində dövlət hesabına edilir. Əgər cinayət işi yox, mülki işdirsə, kimsə boşanırsa, evlənirsə, uşağın atalığı təyin olunmalıdırsa, onda bütün xərclər həmin şəxsin hesabına olunur. Bu, təqribən 2-3 min manat aralığında başa gəlir. Bizdə xəstəlik təyin olunmur, ancaq atalıq və şəxsiyyətin identifikasiyası”.
Vəkil Vasif İsrafilovun sözlərinə görə, hazırda ölkəmizdə DNT analizi ilə bağlı müraciətlərin sayı xeyli yüksəkdir: “Atalığın müəyyən olunması ilə bağlı əvvəlcə məhkəməyə müraciət olunur. Əgər ata məhkəməyə gəlib uşağın ondan olduğunu boynuna almasa, iş genetik ekspertizaya göndərilir. Rəsmi nikah olmadığı halda məhkəmə analiz üçün sizdən evlilik haqda sənəd tələb edə bilməz”.
Maraqlıdır ki, məşhur alış-veriş saytı olan EBAY hətta DNT testi də təklif edir. Şirkət nəticələrin doğruluğuna 100% zəmanət verilsə də, qiymətlərin aşağı olması çox vaxt alıcılarda şübhə doğurur. Belə ki, testlərin qiyməti 7-500 dollar arasında dəyişir.
DNT analizi həm də sağlamlıqla bağlı bütün həqiqətləri ortaya qoyur. Çünki hansısa xəstəlik obyektiv səbəblərə görə özünü büruzə vermir. Müəyyən vaxta qədər onlar insan orqanizmində gizli olaraq qalmağı bacarır. Bu səbəbdən DNT diaqnostikası sağalmaz xəstəliklərin sonradan özünü büruzə verməsinin qarşısını almaq üçün çox xeyirlidir. Bu xəstəliklər sırasına isə altsgeymer, şəkərli diabet, kökəlmə, xərçəng, genetik mutasiyanın çətin forması, ürəktutmaları və sair daxildir”. Lakin bu metod elmi aləmdə fikir ayrılığı da yaradıb. Bir sıra mütəxəssis bildirir ki, DNT-nin dəqiq diaqnostikası üçün texnologiya hələ bir qədər də təkmilləşdirilməlidir.
Son olaraq qeyd edək ki, qonşu Türkiyədə atalıq testi 1000 lirəyə (265 AZN) başa gəlir.
araz.az xəbər portalı.