Saatlı rayon Mollavaizli kənd sakini Asim Əliyev narahatlıq doğuran bu suala cavab axtarır

Elə, bu narahatlığa görədir ki, Asim Əliyev ölkənin media vasitələrinə, eləcə də, araz.az xəbər portalına şikayət xarakterli öz Müraciətini ünvanlayıb. Şikayətçi bu narahatlıq məngənəsindən çıxması üçün, biz jurnalistlərdən kömək istəyir.

“Mən, dəfələrlə, Saatlı Rayon Gigiyena və Epidemilogiya Mərkəzinin direktoru Vəli Məmmədova informasiya sorğusu ünvanlasam da, indiyədək, bu sorğuma tam və düzgün cavab ala bilməmişəm. 2022-ci ildən GEM direktoru mənim sorğuma düzgün cavab vermir. Yəqin, özünüz yaxşı təsəvvür etdiniz bunun acı nəticəsini?!”.

Bununla bağlı, şikayətçi öz Müraciətində xüsusi olaraq onu da vurğulayır ki, Ombudsman Aparatından da, dəfələrlə, Saatlı GEM-in direktorundan düzgün cavab tələb edilib: “Di gəl ki, bu nüfuzlu qurumun sorğusuna belə, hələ də, düzgün cavab verilməyib. Saatlı GEM-in direktoru 2022-ci ilin dekabr ayında informasiya sorğusuna iki cavab məktubu göndərib. Həmin cavab məktubunun birində Mərkəz işçilərinin sayı 76 nəfər, digərində isə, 52 nəfər göstərilib. Belə ki, 21 dekabr, 2022-ci il tarixli, 864 saylı cavab məktubunda qeyd edilib ki, ştat üzrə işçi sayı 76 nəfərdir. Lakin 8 gündən sonrakı — 29 dekabr, 2022-ci il tarixli, 870 saylı cavab məktubunda göstərilib ki, 52 nəfərdir. Konkret olaraq, tək-kək ştat üzrə yazılanların cəmini hesabladıqda, hər şey, necə deyərlər, “tərsinə fırlanır”. Çox maraqlıdır, 8 gün ərzində bu dövlət qurumunda 24 nəfər işçi necə “yoxa çıxa bilər”?!

Fikrimcə, ölkənin media nümayəndələri araşdırıb, bu suala dəqiq cavab tapa bilərlər. Çünki, bu ciddi məsələ ilə bağlı, dəfələrlə, Respublika GEM-in Baş direktoru Sara xanım Həsənovaya da, müraciətlər ünvanlasam da, dəqiq cavab ala bilməmişəm. Ombudsman Aparatı da, Vəli Məmmədov mənim sorğuma cavab vermədiyi üçün, 9 iyun, 2023-cü il tarixində Respublika GEM-in Baş direktoruna müraciət edib. Lakin bu günə qədər cavab ala bilməyib.

Ümumiyyətlə, “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərini pozmaq bahasına olsa da, Saatlı GEM-in direktoru Vəli Məmmədov işçilərinin siyahısı, görəcəyi işlərə dair tədbirlər planı, Respublika GEM-ə verdiyi hesabatı… barədə informasiyaları verməkdən həmişə yayınır. Bir idarə rəhbəri, nədən, işçiləri barədə məlumatı gizlətsin?! Necə olur ki, ölkənin Baş naziri cənab Prezidentə hesabat verir və bu hesabat bütün mediada yayımlanır, lakin Saatlı GEM-in direktoru Respublika GEM-ə verdiyi hesabatı gizlədir?! Bu səxs, özünü vəzifəsində hamıdan üstünmü hesab edir?!

Əslində, vəzifəli şəxs olaraq, o, Saatlı rayon camaatının qarşısında hesabat verməyə də borcludur. Onda bilər ki, Saatlı camaatı nə işlə məşğuldur və rayonda mövcud durum necədir!

Hörmətli media, bu işdə köməyinizi gözləyirəm. Çünki rayonun Gigiyena və Epidemilogiya Mərkəzinin rəhbərinin heç nə vecinə deyil!”.

Sonda, şikayətçinin xahişini və dediklərini nəzərə alıb, bir media vasitəsi olan araz.az xəbər portalı adından onu qeyd etmək istəyirik ki, Azərbaycan Respublikası Konstitusiyasının və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq maddələrinin tələbələrinə uyğun olaraq, hər bir ölkə vətəndaşının, qanun tələblərinə düzgün əməl etməklə, dövlət idarələrinə və bələdiyyələrə informasiya sorğusu göndərmək hüququ var. Onu da qeyd edək ki, Qanunun 10.4.8-ci maddəsinə əsasən, informasiya verən, informasiyanın əldə olunmasının təşkilinə görə diqqətli olmalı və həqiqətə uyğun olmayan, natamam və ya qeyri-dəqiq informasiya verməməlidir. Buna görə, bu Qanunun 9-cu maddəsində nəzərdə tutulan informasiya sahibləri, qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ciddi məsuliyyət də daşıyırlar. Elə, bunlara görə, araz.az da, şikayətçi ölkə vətəndaşına öz köməyini əsirgəməyəcək və bu ciddi məsələni diqqətdə saxlayacağıq.

İlham ƏSƏDOV,
araz.az xəbər portalının xüsusi müxbiri.

araz.az xəbər portalı.