Kanar arxipelaqının La Palma adası sahilində ölü balinanın mədəsində “xəzinə” aşkarlanıb.
araz.az “The Guardian” qəzetinə istinadən xəbər verir ki, Las Palmas Universitetinin əməkdaşları heyvanın ölüm səbəbini öyrənməyə çalışarkən onun qarnında diametri 50-60 santimetr, çəkisi 9,5 kiloqram olan daşa bənzər maddə aşkarlayıblar.
Məlum olub ki, bu, “üzən qızıl” adlandırılan nadir maddə – ənbərdir. Balinanın mədəsindən çıxan ənbər parçası təxminən 500 min avro dəyərində qiymətləndirilir.
Adətən 100 balinadan birində əmələ gələn maddənin mənşəyi XIX əsrin əvvəlində açılıb. Belə ki, bəzən balinaların yediyi kalmarların sümüklü dimdiyi həzm olunmayaraq mədədə yığılır və illər keçdikcə ənbərə çevrilir. Məməli adətən onu mədəsindən çıxara bilir və ənbər dənizdə, yaxud sahildə tapılır. Bəzi hallarda isə (La Palma sahilindəki balinada olduğu kimi) o, həddən artıq böyüyərək bağırsağı zədələyir və heyvanın ölümü ilə nəticələnir.
Ənbər parçaları müxtəlif çəkidə olur – bir neçə qramdan onlarla kiloqrama qədər. İndiyədək tapılan ən böyük “külçənin” çəkisi 340 kiloqram olub. O, 1942-ci ildə Madeyra adası sahilində aşkarlanıb.
Tərkibində olan iysiz amberin spirti ətrin daha uzun müddət qalmasını təmin edir. Buna görə də o, ətriyyatçılar arasında geniş populyarlıq qazanıb. ABŞ, Avstraliya və Hindistanda balina ovuna icazə verilmədiyi üçün orada ənbər ticarəti də qadağandır.
Hazırda ənbər üçün alıcı axtaran universitet satışdan əldə edəcəyi gəliri 2021-ci ildə La Palma adasında baş verən vulkan püskürməsi zamanı zərər çəkənlərə yardıma yönəltmək niyyətindədir. Təbii fəlakət nəticəsində adaya dəyən zərər 800 milyon avro həcmində qiymətləndirilir.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.