Əbil HƏSƏN
Qarabağ savaşında tutduğumuz yüksəklik strateji əhəmiyyətə malik olduğundan, buradan düşmən mövqelərini əlimizin içi kimi görürdük. Sursat, geyim, ərzaq və digər təminatlar sarıdan xoşagəlməzliklərlə üžləşsək də, tutduğümuz son mövqedə bəxt üzümüzə güldüyündən, daşnak vəhşilərinə göz açmağa imkan vermirdik. Düşmən də, bu vacib yüksəkliyi almaqda olduqca israrlı idi. Buranı əldən verməklə, biz, bir neçə kəndi düşmənə tam təslim etmiş olurduq.
On gün idi ki, burada qanlı döyüşlər gedirdi. Aclıq, susuzluq, yorğunluq, yuxusuzluq… da bir yandan bizi lap əldən salmışdı. Artıq gözlənilən kömək bizə hava və su qədər lazım idi: Onsuz da, daim atəş altında olan belə əhəmiyyətli mövqelərdə lazımi təminat olmadan çox duruş gətirmək mümkünsüz olub. Kömək gecikdikcə, hərtərəfli ölüm təhlükəsi ilə üz-üzə qalırdıq. Kömək isə, gəlmirdi ki, gəlmirdi!
Ərzaq ehtiyatımızın tükənməsi, hərbi sursatımızın azalması ucbatından, hərəmiz cibimizdə özümüz üçün bir patron saxlayırdıq – əsir düşməkdənsə, ölümü üstün tuturduq!..
…Nəhayət, kömək üçün xeyli canlı qüvvə gəldi. Bizi əvəz edib, nisbətən arxaya göndərdilər. Elə, arxada olarkən, komandirimiz mənə anamın yanıma gəldiyini xəbər verdi: “Üst başını səliqəyə sal, anan gəlib, səni gözləyir”.
Altı aya yaxın idi ki, evdən çıxmışdım. Evdən xəbərim yox idi. Yazıq anam dözməyərək, məni axtarıb, tapmışdı. Görəsən, o, belə qarışıq yerlərə necə gəlib çıxmışdı?
Kazarmaya gedib, tələm-tələsik üst-başımı səliqəyə saldım. Artıq anamla görüşə tələsirdim.
Anam boşalmış bir evin həyətində, əlində kiçik bir bağlama məni gözləyirdi. Yanında yerli sakinlərlə yanaşı, əsgərlər də var idi. Qaçaraq, ona yaxınlaşıb, qucaqlamaq istədim. Anam: “Bala, başına dönüm, mən Nicatın anasıyam. Onu tanıyırsanmı? Tanıyırsansa, de ki, anan gəlib!” – deyə, azca kənara çəkildi.
Yerimdə donub, qaldım, anam məni – doğma balasını tanımırdı. Axı, necə tanısın ki, üz-gözümü tük basmış, çox arıqlamışdım. Çəkim də, yarıbayarı azalmışdı.
— Nicatam da, ana!
— Nə danışırsan, a bala, Elə, Nicatın bir qolu sənin bədənindən yoğundu…
Mən papağımı çıxarıb, alnımda və qaşımda uşaqlıqdan yadigar qalan çapıqları ona göstərdim.
— Ana, bax, görürsən, mənəm!
Anam diqqətlə çapıqlarıma baxdı. Hüşunu itirib, qucağıma yıxıldı. Ətrafdakıların köməyi ilə, anamı zorla ayılda bildik. Özünə gələndən sonra, birtəhər onu yaxınlıqdakı boş evə keçırdim.
— Yazıq bala, bu nə gündü, düşmüsən?! Qonşunun da uşaqları əsgərdilər. Onlar belə deyillər. Əsmərin oğlu Aslan bütün günü evlərindədi…
Anam ah çəkib, gətirdiyi bağlamanı açdı. İçində çox şey yox idi — bir neçə şəkərbura və… Yazıq arvad, nə tapırdı ki, nə də gətirsin?! Heç, bilmirəm, bura necə gəlib çıxmışdı, yolpulunu hardan tapmışdı?!. Axı, evin yeganə qazanc gətirəni də mən idim. Mən də ki, altı aya yaxınıydı cəbhədəydim.
Anamla xeyli dərdləşdik. O, necə dolanmağından, bura necə gəlb çıxmağından danışdı, mənsə, cəbhədə baş verənlərdən. Başımız söhbətə elə qarışmışdı ki, havanın necə qaraldığından xəbərimiz olmadı.
“Bəs, anam gecəni harada qalacaq?” — deyə, fikirləşirdim ki, bu anda, həmişə öz oğlanları və bizimlə bərabər səngərdə olan, əsgərlərdən hər cür köməyini əsirgəməyən Mürsəl dayı, arvadıyla bərabər, bizə yaxınlaşıb, hədsiz etirazını bildirdi:
— Ə, bacıoğlu, bu nə işdi tutursan? Bacı, durub, oradan bura gəlib, sən də onu Səmədin boş qalmış evində saxlamısan. Səməd rayonun imkanlı şəxslərindən biri idi. Müharibə başlayan kimi, ailəsini də götürüb, Bakıya qaçdılar. İndi, işğal olunmuş rayonlardan birinin Bakıya yaxın ərazidə yerləşən İcra Hakimiyyəti aparatının başçısıdır. Üstəlik, bu illər ərzində, o, boş dayanmayıb; Qohum-əqrəbasını da müxtəlif dövlət idarələrində yaxşı vəzifələrə irəli çəkib. Uşaqlarının hərəsi bir nazirliyin “yağlı” kreslolarında əyləşib…
Anamla Mürsəl dayıgilə getdik. Anamı onlarda qoyub, kazarmaya qayıtdım. Komandirdən, anamı evə aparmaq üşün, icazə istədim. O, anamın xəstə olduğunu nəzərə alıb, icazə vərəqimi yazıb, möhürlədi.
Sabahı gün, Mürsəl dayıgillə sağollaşıb, evimizə yola düşdük. Çətinliklə də olsa, birtəhər evimizə gəlib çıxa bildik. Evə çatan kimi, yuyunub, dincəlmək istədim…
…Yuxudan duranda artıq axşam düşmüşdü. Bütün ağrı-acım canımdan çıxmışdı: Sanki anadan təzəcə doğulmuşdum. Yemək yeyib, qonşumuz Aslangilə getdim.
Eşitdiklərimə görə, uşaqlıq dostum olan Aslan da, könüllü olaraq, cəbhəyə gedibmiş. Onun harada döyüşdüyünü öyrənmək istəyirdim. Darvazalarından içəri keçib, Aslanı harayladım. Xeyli çağırdıqdan sonra, Aslan pərdəni aralayıb, mənə baxdı və bir andaca yox oldu. Onun hərəkəti mənə pis təsir etdi. Acıq eləyib, evə getmək istəyirdim ki, birdən, Aslangilin evlərinin arxasından möhkəm çığırtı eşitdim. Qayıtmaq istədim, amma Aslanın bayaqkı xoşagəlməz hərəkəti məni evə dönməyə məcbur etdi…
…Səhər yuxudan oyananda, anam, Aslanın yıxılaraq, ayağını sındırdığını mənə çatdırdı:
— Sən demə, Aslan fərariymiş. Əynində hərbi paltar olan bir nəfər həyətlərinə girib və Aslanı çağırıb. O da, qorxusundan pəncərədən tullanıb, qaçmaq istəyərkən, ayağı sınıb. Ata-anası qorxularından onu həkimə də aparmayıblar. Evə xəlvəti sınıqçı gətiriblər. O da, deyəsən, əyri bağlayıb sınıqları. Çünki, gədə ağrıdan hələ də zarıyır”.
Anamın bu xəbərindən sonra məni gülmək tutdu. Demək, Aslan da, anam kimi, məni tanımayıb, dalınca hərbiçilər gəldiyini zənn edib, qorxaraq, özünü pəncərədən atıb.
Mən bu sirri heç kəsə açmadım.
Bu hadisədən illər sonra anam yenə mənim yanıma gəlmişdi – bu dəfə həbsxanaya. Məni və əsgər yoldaşlarımı torpaqlarımızın verilməsində təqsirli bilib, həbs etmişdilər. Anam: “A bala, dünyanın mizan-tərəzisi itib. Vətən üçün canından keçənləri həbs edirlər. Qorxusundan özünü pəncərədən atıb, ayağını sındıran fərarilərə isə, həm maşın, həm də əlillər üçün tikilən binadan mənzil verirlər – Aslan kimi!” — deyə, doluxsanıb, boynuma sarıldı. Xəstə arvadı birtəhər sakitləşdirə bildim…
…İllə sonra mən bəraət alaraq, həbsdən azad oldum. Amma bunun mənə nə faydası?! Gəncliyimin ən gözəl çağlarını türmədə keçirmişdim. Hələ bu azmış kimi, baxımsızlıqdan və imkansızlıqdan anam da ağır xəstəliyə düçar olmuşdu. Hansı həkimə göstərirdimsə: “Gecikdirmisən, gərək vaxtında gələydiniz!” — deyib, məni naümid geri qaytarırdılar.
Vaxtında necə gətirəydim axı?!
Mən həbsdə ola-ola, anamı kim həkimə gətirəcəkdi?!
…Ağır Qarabağ müharibəsinin daha acı fəsadı, çox evlər kimi, bizim evdən də yan keçmədi. Savaşın, çox analar kimi, anama da “bəxş etdiyi” və adı “oğul dərdi” olan sağalmaz bir xəstəlik öz işini gördü. Anam həyata əlvida deyib, daim üz-gözümə dikili qalan solğun gözlərini əbədi yumdu. Bu itkinin ağırlığı, haqsızlıqlarla üz-üzə qalmış çox oğullar kimi, mənim üçün də, çəkilməz oldu. Daha bir ağırlığı isə, mən, müharibə vaxtı fərarilik edib, anasının tumanının altında gizlənən, çağırışımdan qorxaraq, pəncərədən tullanıb, qacmaq istərkən ayağını sındıran uşaqlıq “dostumun” kişiyə yaraşmayan bəd əməli müqabilində aldım: Həmin fərari — qəsəbənin indiki bələdiyyə sədri Çolaq Aslan, anama qəbir yeri üçün torpağı, həddindən artıq baha qiymətə satırdı mənə!..
araz.az xəbər portalı.