Yasamal rayonu, Tolstoy küçəsi 131 ünvanında yerləşən 3753 inventar nömrəli yerli əhəmiyyətli memarlıq abidəsinə müdaxilə olunduğu aşkar edilib.

araz.az bildirir ki, bu barədə, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən oxu.az-ın sorğusuna cavab olaraq, məlumat verilib.

Bildirilib ki, Xidmətin Bakı Regional idarəsinin əməkdaşları tərəfindən abidəyə baxış keçirilən zaman aşkar olunan müdaxilə faktının qarşısı dərhal alınıb. Abidənin fasadına vurulan rəng təmizlənib, əlavə qurğular sökülüb, tarixi tikili ilkin görkəminə qaytarılıb.

Diqqətə çatdırılıb ki, abidələrin üzərində bərpa, konservasiya, təmir, rekonstruksiya, regenerasiya və digər işlər onların layihələri Azərbaycan Milli Elmlər Akademiyasının müvafiq institutlarının rəyi nəzərə alınmaqla, Mədəniyyət Nazirliyi tərəfindən təsdiq edildikdən sonra aparılmalıdır.

Əks halda aparılan hər hansı təmir-bərpa işləri tarixi abidəyə müdaxilə kimi qiymətləndirilir və abidələrin qorunması haqqında Azərbaycan Respublikası qanunvericiliyinin pozulması Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq cinayət, inzibati, intizam və mülki məsuliyyət yaradır.

Faktla bağlı qanuna müvafiq tədbirlər görülməkdədir.

VİDEO KEÇİD

araz.az xəbər portalı.

araz.az xəbər portalı.