İndi, Səfər Mehdiyevin rəhbərliyi altında dövlət gömruk xidmətinin atdığı hər bir uğurlu addım, ictimaiyyət tərəfindən də, özünün yüksək qiymətini alır
Ölkənin internet mediası “Media” informasiya portalının baş direktoru, iqtisadçı Elman Həsənovun Azərbaycan gömrük sistemindəki mövcud durumla bağlı maraqlı yazısını dərc edib. Gömrük sahəsində islahatların sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında ölkə rəhbəri tərəfindən verilmiş tapşırıqların icrasına artıq inamla başlanılması müəllif yazısının əsas məğzidir. Prezident Sərəncamı ilə, Dövlət Gömrük Komitəsinə təyin edilmiş yeni rəhbərlik tərəfindən bu istiqamətdə atılan ciddi addımların deyilənlərin təsdiqi olduğu yazıda xüsusi olaraq qeyd edilir:
“Bu ilin aprel ayında respublikamızda kecirilən növbədənkənar prezident seçkisində bir daha inamlı qələbə qazanan İlham Əliyev cənabları, seçkilərdən dərhal sonra, bir sıra önəmli dövlət qurumlarına rəhbərlik edənləri tutduqları vəzifələrindən uzaqlaşdırdı və onların yerinə yeni kadrların təyin olunması ilə bağlı müvafiq sərəncamlar imzaladı. Aparıcı sahələrə rəhbərlik edən bəzi şəxslərin tutduqları vəzifələrdən uzaqlaşdırılmasına hansısa ciddi amillər səbəb oldu. Yüksək ranqlı belə vəzifə sahiblərindən biri də, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev oldu. Həmin vəzifəyə isə, ölkə rəhbərinin 23 aprel 2018-ci il tarixli digər sərəncamıyla gömrük general-leytenantı Səfər Məmməd oğlu Mehdiyev təyin olundu”.
Müəllif yazısında öncə onu qeyd edir ki, respublikamız öz müstəqilliyinə qovuşandan sonra, ayrı-ayrı sahələr kimi, gömrük xidməti də, ölkəmiz üçün strateji cəhətdən yüksək əhəmiyyət kəsb edən dövlət qurumlarından birinə çevrildi. Bu səbəbdən ki, həm ölkə iqtisadiyyatının davamlı inkişafında, həm xarici ölkələrlə müəyyən əlaqələrin qurulmasında və bu kimi digər vacib addımların atılmasında gömrük əvəzsiz rol oynayan sahələrdən biridir: “Sözün həqiqi mənasında, gömrük xidməti istənilən ölkənin iqtisadi təhlükəsizliyinin keşiyində duran, nəticə etibarilə onun suverenliyinin qorunmasında fəal iştirak edən etibarlı qüvvədir; İqtisadi inkişafın dərinləşməsində, daxili bazarın yad təsirlərdən qorunmasında, beynəlxalq iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsində, eləcə də dövlət büdcəsinin gəlir hissəsinin formalaşmasında gömrük xidmətinin rolu danılmazdır.
Məhz bu vacib amillərə görədir ki, Azərbaycan gömrük sisteminin hərtərəfli inkişafı daim xalqımızın ümummilli lideri Heydər Əliyevin nəzər-diqqətində olmuşdur. Sistemin mütərəqqi tərəqqisi də, ulu öndərin müəyyən etdiyi möhtəşəm siyasətə uyğun formalaşmış və dövlət müstəqilliyimizin əsas atributlarından biri olaraq, getdikcə çoxfunksiyalı kompleksə çevrilmişdir.
O da hər kəsə bəllidir ki, əsası ümummilli lider tərəfindən qoyulan və bu gün də uğurla həyata keçirilən davamlı iqtisadi inkişaf konsepsiyasının reallaşmasında da, indiyədək gömrük orqanı əməkdaşları mühüm rol oynamış və indi də, əhəmiyyətli dərəcədə rol oynamaqdadırlar.
Bəli, ölkəmizdə müasir tələblərə cavab verən gömrük sisteminin təkmilləşdirilməsi işi dövlət və hökumət tərəfindən bu gün də dəstəklənir, bu sahədə əldə olunan nailiyyətlər layiqincə dəyərləndirilir. Heydər Əliyev yolunun layiqli davamçısı, ölkə prezidenti İlham Əliyev cənabları da, Azərbaycan gömrüyünün öz ənənələrini qoruyub saxlaması və daha da təkmilləşdirməsi işini daim diqqət mərkəzində saxlayır. Məhz bu diqqət və qayğının nəticəsidir ki, respublikamızın iqtisadi suverenliyinin və təhlükəsizliyinin etibarlı təminatçısı kimi formalaşan Azərbaycan gömrüyü, bu gün dünya standartlarına cavab verən mükəmməl maddi-texniki və normativ-hüquqi bazaya, müasir infrastruktura və ən yeni informasiya-kommunikasiya texnologiyalarına malik modern bir dövlət təsisatı olaraq, xarici-iqtisadi fəaliyyətin gömrük-tarif tənzimlənməsini daim təkmilləşdirməklə, ölkəmizdə daxili bazarın qorunması və yerli istehsalın stimullaşdırılması, həmçinin ilbəil inkişaf etməkdə olan dövlət büdcəsinin gəlirlər hissəsinin formalaşdırılmasında öz rolunu getdikcə daha da artırır”.
Müəllif yazısında onu da xüsusi vurğulayır ki, Dövlət Gömrük Komitəsinin yeni rəhbərliyinin bütün struktur boyu tətbiq etdiyi yeni təkmil metodlu iş prinsipinin müsbət nəticəsidir ki, bu az müddət ərzində, artıq, sistemin bütün sahələrində xeyli ürəkaçan işlər görülüb. Kadr potensialını yeniləşdirmək, gömrük nəzarətinin səmərəsini və xidməti intizamı gücləndirmək, struktur dəyişiklikləri keçirmək, gömrük buraxılış məntəqələrinin texniki resurslarını möhkəmləndirmək, tarif-tənzimləmə sistemini təkmilləşdirmək, dövlət büdcəsi qarşısında öhdəlikləri yerinə yetirmək, strateji əhəmiyyətli malların qaçaqmalçılıq yolu ilə ölkədən çıxarılmasının qarşısını almaq… istiqamətlərində əldə olunan yeni-yeni uğurlar, doğrudan da, alqışalayiqdir: “Müxtəlif mənbələrdən əldə etdiyim məlumatlara görə, Dövlət Gömrük Komitəsinə sədr təyin olunan Səfər Mehdiyev, vəzifəsinin icraasına başladıqdan az sonra, bu sahədə islahatların sürətlənməsi, gömrük-keçid məntəqələri vasitəsilə daşınan malların hərəkətində mövcud olan bütün neqativ amillərin aradan qaldırılması yönündə, gömrük strukturundakı hər bir səlahiyyət sahibinə lazımi tapşırqlarını verib.
Qısa zaman kəsiyində atılan addımlar onu da sübut edir ki, ölkə rəhbəri cənab İlham Əliyev tərəfindən, gömrük sahəsində islahatların davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında verilmiş tapşırıqların icrasına artıq qərar verilib. Son vaxtlar gömrük sahəsində həyata keçirilən islahatlar nəticəsində, dövlət sərhədlərinin buraxılış məntəqələrinin buraxılış qabiliyyətinin artırılması, vətəndaşların hər cür rahatlığının təmin olunması, bütün növ malların və nəqliyyat vasitələrinin yoxlanılmasında “bir pəncərə” prinsipinin daha da təkmilləşdirilməsi, ticarət-iqtisadi münasibətlərdə idxal-ixrac əməliyyatlarının rəsmiləşdirilməsinin sadələşdirilməsi, bütün istiqamətlərdə gömrük işinin beynəlxalq standartlara uyğun aparılması, normativ hüquqi bazanın yaradılması, ticarətin asanlaşdırılması, gömrük sərhədindən mal dövriyyəsinin sürətləndirilməsi, iqtisadi təhlükəsizliyin möhkəmləndirilməsi və s. istiqamətində bir sıra məqsədyönlü işlər görülüb. Hər kəsə o da bəllidir ki, daha uğurlu nəticələr əldə etmək üçün, Səfər Mehdiyev gömrük əməkdaşlarının qarşında idxal-ixrac əməliyyatları zamanı şəffaflığı tam təmin etməyi və hər cür neqativ halları aradan qaldırmağı əsas şərt olaraq qoyub. Hazırda, gömrük xidmətində komitə sədrinin tam nəzarəti altında həyata keçirilən kompleks tədbirlərdən biri də, gömrük nəzarətinin təşkili və təkmilləşdirilməsi, eləcə də bu nəzarətin səmərəliliyinə zərər vurmadan onun sadələşdirilməsidir.
Son aylar ərzində bu sahədə yaşanan problemlərin aradan qaldırılması məqsədilə atılan addımlar, artıq öz bəhrəsini verməkdədir. Açıq-aşkar şəkildə görünür ki, bu gün sahibkarların əksəriyyəti tərəfindən gömrük sistemində aparılan islahatların əhəmiyyəti lazımınca dəyərləndirilir. Və bu yöndə atılan addımların, məhz ölkəmizin qeyri-neft sektorunun inkişafına daha ciddi təsir göstərəcəyi də, onlar tərəfindən tez-tez dilə gətirilir.
Onu da qeyd etmək vacibdir ki, ötən müddət ərzində DGK-ya tabe olan qurumlarda bir çox islahat proqramlarının həyata keçirilməsi ilə bərabər, qanunvericiliyin tələblərini kobud şəkildə pozan bəzi gömrük əməkdaşlarının ən sərt şəkildə cəzalandırılmaları halları da baş verib. Belə ki, bir müddət bundan öncə, Dövlət Gömrük Komitəsi sədri Səfər Mehdiyevin müvafiq əmrinə əsasən, Bakı Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti generalı Vüsal Novruzov və Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Baba Salayev tutduqları vəzifələrindən uzaqlaşdırılaraq, sərəncama götürülüblər. Vüsal Novruzovun yerinə, uzun illər ərzində gömrük orqanlarında bir çox aparıcı sahələrə rəhbərlik etmiş və kifayət qədər də iş təcrübəsi toplamış Kənan Məmmədov təyin olunub.
Ümumiyyətlə, son aylar ərzində DGK-nın sturktur vahidlərində bir çox təyinatlar, çoxsaylı yerdəyişmələr baş verib. Sözsüz ki, atılan addımların hər biri yüz ölçülüb, bir biçildikdən sonra, rəhbərlik tərəfindən müvafiq qərarlar ictimaiyyətin diqqətinə çatdırılıb. Komitədən isə, bu kadr dəyişikliklərinin rotasiya qaydasına uyğun baş verdiyi və bu sahədə həyata keçirilən islahatların tərkib hissəsi olduğu bildirilib.
O da maraqlıdır ki, bütün bunlardan əlavə, komitə sədri öz açıqlamalarında biznes nümayəndələrini də, xarici iqtisadi fəaliyyət zamanı qanunvericiliyin tələblərinə əməl etməyə, qanunazidd əməllərdən çəkinməyə çağırıb və mediaya verdiyi açıqlamasında: “Gömrük orqanları daim qanuni ticarəti dəstəkləyəcək, qanunsuz ticarətə qarşı, qanunvericiliyin tələblərinə uyğun ən sərt şəkildə mübarizə aparacaq,” – deyib.
Gömrük sahəsində Səfər Mehdiyevin atdığı hər bir addım, gündəlik yeni bir uğurun başlanğıcı deməkdir.
Baş verənləri və atılan addımları təhlil etməklə belə bir qənaətə gəlmək olur ki, gömrük general-leytenantı Səfər Mehdiyevin ölkəmiz üçün olduqca əhəmiyyət kəsb edən bir sahəyə təyinatı, zamanında verilmiş bir təyinat oldu. Bu təyinat, həm də bu sahədə yeni ab-havanın, yeni bir düzənin əmələ gəlməsi ilə nəticələndi.
Bu gün hər kəs aydın görür ki, ölkə rəhbəri cənab İlham Əliyev tərəfindən verilmiş tapşırıqlar əsasında, ölkəmizin gömrük sahəsində ciddi islahatlar həyata keçirilir, hər cür neqativ amillərə qarşı qanunun gücü ilə mübarizə tədbirləri görülür. Adicə bir fakt: DGK-də olduqca strateji sahə hesab olunan Bakı Baş Gömrük İdarəsində və Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsində həyata keçirilən kadr islahatlarından sonra, adı çəkilən hər iki qurumda xoşagələn bir ab-hava yaranıb. Yəni, hər iki qurumun əməkdaşları bu gün istər cavabdehlik daşıdığı sahələrdə, istərsə də vətəndaşlara qarşı münasibətdə fərqli yanaşma ortaya qoyurlar ki, bu da movcud ab-havanın varlığından xəbər verir. Diqqəti bir məqama da yönəldək ki, adları qeyd olunan qurumlarda rəhbər şəxslərin dəyişdirilməsi, artıq, baş verən çoxsaylı süründürməçilik, hər cür qanun pozuntusu hallarının qarşısının alınması ilə nəticələnməkdədir.
Bütün bunlar onu söyləməyə əsas verir ki, Səfər Mehdiyevin rəhbərliyi altında həyata keçirilən yeni idarəçilik metodu, bu gün həm ölkəmizin sürətli iqtisadi inkişafına, həm qanunlarımızın daha təkmil olmasına, daha çox isə, hər kəsin komitə rəhbərinə olan inam və etibarının artmasına səbəb olmaqdadır. Bəli, indi ona da inanmaq olur ki, komitə rəhbəri tərəfindən atılan hər bir addım gündəlik yeni bir uğurun əsasını qoymağa hesablanır. Bu da, ölkə rəhbəri cənab İlham Əliyevin DGK sədri Səfər Mehdiyevə göstərdiyi etimadın, bəslədiyi inamın artiq özünü doğrultduğuna bir işarədir”.
Yazı müəllifi yeni sədri ictimaiyyətə təqdim etməyi də vacib bilib. Yazının haşiyə əvəzi verilən hissəsində göstərilib ki, Səfər Mehdiyev 1973-cü ilin mart ayının 17-də Naxçıvan Muxtar Respublikası, Babək rayonunun Nehrəm kəndində anadan olub. 1998-ci ildə qardaş Türkiyə Cümhuriyyətinin EGE Universitetinin Beynəlxalq İqtisadi Əlaqələr fakültəsini bitirdikdən sonra, Nehrəm kənd kolxozunda əmək fəaliyyətinə başlayıb. 1999- 2004-cü illərdə Dövlət Gömrük Komitəsinin Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsində gömrük tariflərinin tənzimlənməsi şöbəsinin inspektoru, böyük inspektoru, gömrük dəyəri şöbəsinin rəisi və Baş İdarənin rəis müavini vəzifələrində çalışıb. 2004-cü ilin fevral ayından, 2006-cı ilin fevral ayınadək Komitə sədrinin müavini, 2006-cı ilin fevral ayından isə, birinci müavini vəzifəsini daşıyıb. 23 aprel 2018-ci il tarixindən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri vəzifəsini icra etməyə başlayıb.
Müəllif yazısının sonunu inam və əminliklə bitirərək, qeyd edir ki, dövlət müstəqilliyimizin əsas atributlarından biri olan gömrük xidmətinin bundan sonrakı dövrlərdə dövlətə, xalqa nümunəvi xidmət göstərməklə, ən böyük nailiyyətimizin qorunub saxlanılmasına və daha da möhkəmlənməsinə xidmət edəcəyinə, ictimaiyyət arasında, artıq zərrə qədər də şübhə qalmayıb: “Gömrük sistemindəki mövcud durum tam əminliklə deməyə əsas verir ki, dövlətimizin bu strateji qurumu, bundan sonra da, öz işini Gömrük Məcəlləsinin tələblərinə uyğun qurmaqla, ölkəmizin iqtisadi təhlükəsizliyinin və maraqlarının etibarlı qorunmasını, gömrük xidmətinin beynəlxalq standartlar səviyyəsində təşkilini tam təmin edəcək. Gömrükçülər bütün imkanlarını səfərbər etməklə, gömrük işi sahəsində prosedurların tam sadələşdirilməsinə, şəffaflığın, eyni zamanda, istər ölkə, istərsə də əcnəbi vətəndaşlara göstərilən gömrük xidmətinin keyfiyyətinin artırılmasına və onların rahatlığının təmin edilməsinə də nail olacaqlar. Ona da əmin olmaq lazımdır ki, gömrük sahəsində həyata keçiriləcək bir çox mütərəqqi islahatlar ölkəmizin beynəlxalq ticarət sahəsindəki rolunu artırmaqla bərabər, qeyri-neft sektorunun inkişafına, sahibkarlıq mühitinin yaxşılaşdırılmasına, idxal-ixrac əməliyyatlarının sürətli və şəffaf şəkildə həyata keçirilməsinə, tranzit potensialının gücləndirilməsinə və digər sahələrə ciddi təsirini göstərəcək.
Gömruk əməkdaşları və biznes adamları arasında apardığımız sorğular da göstərdi ki, ölkə başçısının bu təyinatı uğurludur. Bizimlə həmsöhbət olan həmin şəxslər, ötən illər ərzində müxtəlif məsul vəzifələr tutmuş və çalışdığı hər sahənin incəliklərinə dərindən yiyələnmiş Səfər Mehdiyevin belə bir məsul vəzifəyə gətirilməsini, zamanında veriilən bir təyinat kimi qiymətləndirdilər. Biz jurnalistlər ona da şahidlik etdik ki, komitə sədri vəzifəsinin icraasına başladıqdan az sonra, mediaya açıqlamasında ona göstərilən yüksək etimad müqabilində, ölkə rəhbəri tərəfindən gömrük orqanları qarşısında qoyulan vəzifə və tapşırıqların uğurla icra olunacağını bəyan etdi.
Bundan çox keçməmiş, əksər media qurumlarında “Səfər Mehdiyev qollarını çırmadı və… — İslahatlar başlayır…” başlıqlı açıqlamalar işıq üzü gördü. Sözsüz ki, belə bir sərlövhə altında dərc olunan açıqlamalar, reallığa söykənməklə bərabər, adı çəkilən qurumda ciddi islahatların başlandığından xəbər verirdi.
Doğrudan da, indi, Səfər Mehdiyevin rəhbərliyi altında dövlət gömruk xidmətinin atdığı hər bir addım, gündəlik yeni bir uğurun başlanğıcı kimi, ictimaiyyət tərəfindən də, özünün yüksək qiymətini alır!”.
Malik MİRZƏ,
araz.az xəbər portalının xüsusi müxbiri.
araz.az xəbər portalı.