“Priqojin qiyamı Rusiya hərbi sistemində “Pandoranın qutusu”nu açdı. İllərdir üstü örtülən, xalının altına süpürülən və ictimailəşməyən problemlər, eləcə də daxili çəkişmələr açıq müstəviyə çıxır”. 

araz.az xəbər verir ki, bu sözləri politoloq Şahin Cəfərli deyib.

O bildirib ki, hadisələrin inkişafında 2 tendensiya müşahidə olunur:  “Birincisi, Şoyqu və Gerasimov qiyam hadisəsindən yararlanaraq sadiq hesab etmədikləri, onlara “biət etməyən” və digər motivlərlə bəzi yüksək rütbəli zabitləri vəzifələrdən uzaqlaşdırmağa, “zərərsizləşdirməyə” başlayıblar. 

İkincisi, ordu içərisindən etiraz səsləri yüksəlir və itaətsizlik meylləri güclənir.

Cəbhədəki problemlər barədə Baş Qərargah rəisinə məruzə etdikdən sonra qovulan 58-ci ordunun komandanı İqor Popov ətrafındakı qalmaqalı yəqin izlədiniz. General-mayor Popov zabit və əsgərlərə ünvanladığı audiomüraciətində rəhbərlik tərəfindən arxadan vurulduqlarını deyir, “böyük rəisləri” (Gerasimov və Şoyqu) xain və alçaq adlandırır (Son məlumata görə, Popov Suriyaya sürgün edilib)”.

Politoloq deyir ki, Ukraynada döyüşən 7-ci desant-hücum diviziyasının komandanı, general-mayor Aleksandr Kornev və 106-cı desant-hücum diviziyasının komandanı, “Rusiya qəhrəmanı”, general-mayor Vladimir Selivestryov da vəzifədən uzaqlaşdırılıblar: “Həbs olunan yüksək rütbəli zabitlər var. Hava Kosmik Qoşunlarının komandanı, ordu generalı Surovikinin harada olduğu məlum deyil. Hava-Desant Qoşunlarının komandanı, general-polkovnik Mixail Teplinskinin də vəzifədən azad olunacağı, hətta həbs ediləcəyi barədə söz-söhbətlər dolaşır. Bununla əlaqədar “Telegram”da 7-ci desant-hücum diviziyasının şəxsi heyəti adından audioyazı yayılıb. Onlar Müdafiə Nazirliyinə xəbərdarlıq edirlər ki, Teplinskiyə qarşı bu cür addımara dözüm göstərməyəcəklər, hətta döyüş mövqelərini tərk edib, arxa cəbhəyə haqq-hesab çəkməyə gələcəklər. Səs yazısı “ölümcül xətaya yol verməyin” xəbərdarlığı ilə bitir. 

Bu cür müraciətlər və səs yazıları bir tərəfdən Rusiya ordusunun içəridən qaynamağa başladığını göstərir, digər yandan isə müəlliflərin haqlılığından asılı olmayaraq, ciddi hərbi nizamnamə pozuntusu, hətta cinayət əməlidir”.

Ş.Cəfərlinin sözlərinə görə, bu durum hərbi rəhbərliyi çox çətin seçim qarşısında qoyur: “Onlar ya belə hərəkətlərin qarşısını qətiyyətlə və sərt şəkildə alacaqlar, nəticədə gərginlik artacaq, hətta silahlı qarşıdurma riski yaranacaq. Ya da hər hansı tədbir görməyəcəklər, nəticədə nüfuzları daha da sarsılacaq və ordu içərisində nizam-intizam aradan qalxacaq, vakxanaliya yaranacaq. 

Vəziyyətin bu yerə gəlib çıxması ali baş komandan Putinin avtoritetinin də əvvəlki səviyyədə olmadığını söyləməyə əsas verir. Ukrayna cəbhəsində baş verəcək böyük məğlubiyyətin Rusiya daxilində ciddi hərc-mərclik və xaosa səbəb olması ehtimalı çox yüksək görünür…”.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.