Quba meşələrinin məhvinə dair növbəti videofakt – Ailə münaqişəsi ilə əlaqəli deyil!
Bir-neçə ay bundan öncə, sosial şəbəkələrdə Quba sakini, meşəbəyi Şahin Qafarovun Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən döyülməsi barədə məlumatlar yayılmışdı. Bu hadisə barədə, araz.az da, deryaz.az-a istinadən onu bildirir ki, onda, Ş. Qafarov: «Ağacları qırmayın!» — deyə, video çəkərək, sosial şəbəkədə paylaşdığına görə, nazirliyin Quba rayon şöbəsinin əməkdaşları onu döyərək, xəsarət yetirmişdilər.
Ardından Meşələrin İnkişafı Xidmətinin rəisi Cabbar Qəribov mətbuata bildirdi ki, Quba Regional Meşə Təsərrüfatı Mərkəzinin ərazisində çəkilmiş və sosial şəbəkələrdə yayılmış görüntülər təhlil olunub, şikayətçi Şahin Qafarovun ağac kəsilməsi ilə bağlı iddiaları yerində yoxlanılıb və… sözügedən ərazinin ötən ildə odun tədarükü üçün ayrılmış sanitar qırma sahəsi olduğu müəyyən edilib. Sözügedən sahədə belə fakt qeydə alınmayıb. Bu azmış kimi, Xidmətin rəsmisi Ş. Qafarovun şikayətçi düşməsini, meşə işçilərinə qarşı ittihamlarını onunla Quba RMTM-də fəhlə işləyən qardaşı oğlu Orxan Qafarov arasında olan ailə münaqişəsi ilə əlaqələndirib.
Quba polisindən və rayon prokurorluğundan isə sosial şəbəkələrdə döyülərək xəsarət alması ilə bağlı paylaşılan fotonun Şahin Qafarova aid olmadığını demişdilər.
Ümumiyyətlə, Qubada meşə massivlərinin məhv edilməsi və yerli mühafizəçilərin bundan yaxşı xəbərləri olduqları, qırılan ağacların emal müəssisələrinə satılması barədə indiyədək xeyli məlumatlar yayılıb və Meşələrəin İnkişafı Xidməti onların heç də hamısına “don geyindirə” bilməyib.
Redaksiyamıza daxil olan məlumata və ona əlavə olunan video-foto görüntülərə görə, son günlərdə Quba meşəsinin 11-ci dolayında Azad və Talehin nəzarət etdiyi ərazilərdən çəkilib. 300-dən çox ağac kəsilib. Başqa nahiyələrdə də minlərlə ağacın məhv edilməsi barədə informasiyalar vardır. Məsələ ilə bağlı Meşə Təsərrüfatı Mərkəzinin direktoru Elvin Baxışovla əlaqə saxlamağa çalışdıq. Telefonu direktorun katibəsi qaldırdı və maraqlandığımız məsələni rəhbərə çatdıracağını vəd etdi. Lakin təxmin etdiyimiz kimi, nazir müavini Vüqar Kərimovun himayə etdiyi deyilən Vüsal müəllimdən səs-soraq çıxmadı. Bundan sonra məlumatları, video-foto faktları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məsul şəxslərinin, o cümlədən, ETSN-nin mətbuat xidmətinin rəhbəri İradə İbrahimovanın vatsap nömrələrinə mesaj kimi göndərdik. Araşdırma aparılacağını vəd etsələr də, nəticələr hələ də ləngiyir.
Bu gün Elvin Baxışovun mobil telefonunu əldə edərək bir daha onunla əlaqə saxladıq və qeyd olunan faktlarla bağlı münasibət bildirmələrini xahiş etdik. Adı çəkilən bu şəxs isə məsələlərə münasibət bildirmək əvəzinə «Verə bilərsiniz buraxın mətbuata, onu hüquqi cəhətdən araşdıracağam, özüm hüquqşünasam. Amma, bu şantajla bağlı arxasında dayanarsan» cavabını verdi.
Qeyd olunan video və foto faktları təqdim edirik.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.