Ötən il Milli Televiziya və Radio Şurasının qərarı ilə lisenziya verilən telekanalın yayım vaxtı məlum olub.
Araztv.com xəbər verir ki, qurumun sədri Nuşirəvan Məhərrəmli bildirib ki, Milli Televiziya və Radio Şurasının 28 dekabr 2017-ci il tarixli qərarı ilə “Türkel TV” MMC-yə ümumrespublika televiziya yayımı üzrə ixtisaslaşmış (xəbər televiziyası) üçün müddətsiz lisenziya verilib.
Kanalın açılması barədə qərar 28 dekabr 2017-ci ildə Milli Televiziya və Radio Şurasının iclasında verilmişdir. Şuranın 14 noyabr 2017-ci il tarixli qərarı ilə ixtisaslaşmış (xəbər) televiziya kanalının açılması üçün ümumrespublika televiziya yayımı üzrə 16 noyabr 2017-ci il tarixdən 16 dekabr 2017-ci il tarixədək elan edilmiş müsabiqədə iştirak etmiş BAKU ART LAB MMC, Türkel TV MMC, MEDİA MASTER MMC-nin sənədlərinə baxılmış və Türkel TV digər iddiaçılarla müqayisədə daha üstün yaradıcılıq imkanlarına, daha münasib maddi-texniki bazaya və peşəkar kadr potensialına görə qalib seçilmişdir
MTRŞ sədri bildirib ki, ölkənin ixtisaslaşmış ilk ümumrespublika xəbər kanalı 2018-ci ilin oktyabr ayında fəaliyyətə başlayacaq. Bununla da respublika üzrə yayımlanan kanalların sayı 11-ə çatacaq.
araz.az xəbər portalı.