Rəşad Bayramov: “Kadrlardan da görünür ki, Laçın yolundakı nəzarət buraxılış məntəqəsi var gücü ilə işləyir”

Azərbaycanın Qarabağ iqtisadi rayonunun rus sülhməramlıların müvəqqəti məsuliyyət zonasında fəaliyyət göstərən  separatçı dəstəsinin “parlamentinin” “mətbuat katibi” Anuş Qavalyan bildirib ki, “blokada”da olduqları üçün “humanitar fəlakət” yarandığı yalanlarının ifşa olunmasından dərin narahatlıq keçirir.

O, yalançı hay-küylərini ifşa edən, əsl reallıqları göstərən, ermənilərin rəqs, qonaqlıqlar, restoranlarda bütün nemətlərin olduğu yüksəksəviyyəli xidmətləri əks etdirən görüntüləri paylaşmamağı xahiş edib.

Onun sözlərinə görə, bu videolardan “Azərbaycan təbliğat maşını fəal şəkildə istifadə edir:

“Toyların və digər gözəl tədbirlərin videoları ruhlandırıcıdır, güc və iradə nümayiş etdirir, lakin lütfən, dəbdəbəli həyatla əlaqəli videoları paylaşmaqdan çəkinin”.

Təbiidir ki, əgər qida çətinliyi, ərzaq çatışmazlığı olsaydı, bu çağırışa da ehtiyac qalmazdı. İnsanlar dəbdəbəli həyat olmadığı üçün onu çəkib yaya da bilməyəcəkdilər. Bununla bir daha sübut olunur ki, ermənilərin yaratdığı “blokada” oyunu saxta təbliğatdan başqa nəsə deyil.

araz.az bildirir ki, politoloq Rəşad Bayramov “Bakı-Xəbər”ə açıqlamasında, son aylarda ermənilərin dünya ictimaiyyəti qarşısında aramsız təbliğatının bir nömrəli mövzusu Xankəndidə və ətraf bölgələrdə yaşayan ermənilərin “blokada şəraitində aclıq və fəlakətlə” üzləşməsi ilə bağlı olduğunu xüsusi olaraq qeyd edib: “Guya 30 min uşaq da daxil olmaqla, 120 min erməni icması təhlükə altındadır, qısa müddətdə bütün qida ehtiyatı tükənəcək, mağazalar boşalıb, insanlar aclıqla üz-üzə qalıb və s. Ona görə də bu “humanitar fəlakətə” qarşı çıxırlar. Əvvəla, Xankəndidə “blokada” səbəbindən insanların aclıqla üz-üzə qalması cəfəngiyyatdır – bunu Xankəndidəki sosial şəbəkə istifadəçilərinin paylaşımları da sübut edir: israfçılıq da edirlər, əylənirlər də.

İkincisi, Xankəndi və ətrafında “30 mini uşaq olmaqla 120 min erməni” yaşamır.  Bu yalan statistikadır və ermənilər bu saxta statistikanı hallandırmaqla sadəcə beynəlxalq qurumlarda “qeydə düşmək” istəyirlər. Üçüncüsü, əgər “blokada” səbəbindən hər hansı aclıq qorxusu varsa, Azərbaycan Ağdamdan istənilən məhsulu almaq üçün təklif verib. Xankəndidən İrəvana 323 km, Xankəndidən Ağdama isə cəmi 36 km-dir: müddət – İrəvandan Xankəndiyə 5 saat 4 dəqiqə, Xankəndidən Ağdama 36 dəqiqədir. Niyə erməni icması bu qədər sərfəli, yaxın məsafədən istifadə edib azuqəsini, tələb olunan malı təmin etməməlidir? Niyə başqa ölkədən, həm də 10 dəfə uzaq məsafədən təmin etməlidir?

Çünki iddiaları Azərbaycan ərazisini talamaq, mümkün olduqca daha çox sərvət toplamaqdır. Ermənistan isə Azərbaycanın ərazi bütövlüyünü Qarabağ və anklavlarla birgə tanımağa hazır olduğunu bəyan edib. Belə olan təqdirdə, bizim öz sərhədlərimizə nəzarəti təmin etməyimizə də normal yanaşmalıdırlar. Bunu saxta “blokada” şousuna çevirməməlidirlər. Belə addımlar atdıqca, özləri-özlərini ifşa edir. Çünki kadrlardan da görünür ki, Laçın yolundakı nəzarət buraxılış məntəqəsi var gücü ilə işləyir. Oradan ərzaq və insanların buraxılmasına maneə yoxdur. Silah-sursat isə, təbii ki, buraxılmayacaq. Erməniləri də narahat edən məhz budur”.

Məhəmmədəli QƏRİBLİ

araz.az xəbər portalı.