xadxac1409201801.jpg

Ağdam rayonundan olan məcburi köçkün Quliyev Asəf Lətif oğlu Ağsu rayon Mərkəzi Xəstəxanasında baş verən özbaşınalıqlarla bağlı Səhiyyə Nazirliyinə müraciət edərək, bu xəstəxanada baş verən özbaşınalıqların qarşısının alınmasını xahiş edib.

Sozcu.az saytına da ünvanlanan həmin müraciəti olduğu kimi təqdim edirik:

Azərbaycan Respublikasının Səhiyyə naziri Oktay Şirəliyev cənablarına!

Sizə yazıb bildirirəm ki, Sentyabr ayının 11-də axşam saatlarında iki körpə uşağımın zəhərlənməsi ilə bağlı Ağsu rayon xəstəxanasına getdik. Xəstəxanada olan növbətçi həkim bizə dedi ki, xəstəxanada heç bir dərman pereparatları yoxdur və nazirlik tərəfindən xəstəxanaya dərmanlar verilmir. Hövbətçi həkim bizdən öz vəsaitimizlə dərman almağımızı tələb etdi. Mən Səhiyyə Nazirliyinin qaynar xəttinə müraciət edəcəyimi bildirdikdən sonra, növbətçi həkim, “sənin bəxtinə bir dənəsi qalıb”- deyə dərmanı gətirdi. Həkim bir daha bildirdi ki, nazirlik tərəfindən onlara dərman verilmədiyi üçün insanlarla bu cür rəftar etməyə məcbur olurlar. Siz təsəvvür edin, azyaşlı uşaqlar ölümlə üz-üzədir, həkim dərman vermək istəmir. Bu qədər biabırçılıq olar?

Cənab nazir!

Mən bilən Azərbaycanda xəstəxanalara dərman preparatlarının bir çoxu dövlət vəsaiti hesabına verilir. Bundan əlavə nəzərinizə çatdırım ki, xəstəxanaya gələn xəstənin birinci olaraq maddi durumunu öyrənmək yox, ona ilk tibbi yardım etmək həkimlərin borcudur. Çox təəssüf ki, Ağsu rayon xəstəxanasına getməyə məcbur olan insanların səhhəti ilə maraqlanaraq tibbi yardım etmədən öncə , xəstənin maddi imkanı ilə maraqlanırlar ki, görsünlər dərman almağa pulu var ya yox… ?

Cənab nazir!

Bundan öncə də, bu xəstəxanada bizdən 150 manat rüşvət istəmişdilər. Sizdən çox-çox xahiş edirəm ki, Mənim sizə etdiyim müraciətlərə cavab verərək Ağsu rayon xəstəxanasında baş verən özbaşınalıqlarla bağlı ölçü götürəsiniz. Bu xəstəxanada vəziyyət bu cürdür; pulun varsa sağalacaqsan, yoxdursa öləcəksən!

 

araz.az xəbər portalı.