“Qarabağın erməni əhalisinin hamısı inteqrasiyaya qarşı çıxır demək düzgün olmaz. Burada söhbət ancaq separatçı rejimin rəhbərliyindən gedir. Çünki onlar başa düşür ki, getdikcə itirirlər, cinayətkardırlar və Azərbaycan onları gec-tez cinayət məsuliyyətinə cəlb etməlidir”.

araz.az  yenisabah.az-a istinadən xəbər verir ki, bu sözləri açıqlamasında siyasi şərhçi Fikrət Sadıxov deyib.

Analitik separatçı rejimin bölgədə yaşayan sıravi ermənilərin Azərbaycana inteqrasiya olunması proseslərinə maneçilik törətməsi faktına münasibət bildirib.

Xatırladaq ki, ötən gün separatçılar Ağdam-Əsgəran yolunu beton bloklarla bağlayaraq, Azərbaycanın bölgəyə humanitar yardım aparmaq təklifinə qarşı etiraz aksiyaları keçiriblər.

F.Sadıxovun fikrincə, yaranmış vəziyyətdə separatçıların yeganə üslubu Azərbaycana müqavimət göstərmək, yolları bağlamaq və müxtəlif bəhanələrlə Azərbaycana qarşı çıxış etməkdir.

Analitikə görə, təbii ki, bu məsələdə onlara sülhməramlılar da kömək edir, bir çox şeylərə gözlərini yumur, bəzi hallarda isə köməklik göstərirlər:

“Burada digər bir məqam isə odur ki, artıq Avropa İttifaqı da inteqrasiya məsələsinə qoşulub və onlarda Bakı-Xankəndi münasibətlərinin bərpa olunmasında maraqlıdır. Həmçinin, avropalı rəsmilər tərəfindən bir sıra addımların atılması da artıq istisna deyil. Lakin başqa bir reallıq da odur ki, hazırda bölgədə paradoksal bir vəziyyət yaranıb. İndi ermənilər bizim onlara yardımımızı istəmir. Bəs yaxşı, Laçın yolu ilə onlara gedən yardım hansı yolla gedir? Bu yol hansı ölkəyə məxsusdur? Əlbəttə ki, bizə. Deməli, öz yolumuzla onlara yardım göstərilir. Onda bundan da imtina etsinlər ki, bu yol Azərbaycanın yoludur, biz ondan istifadə etmək istəmirik və biz Azərbaycandan heç bir halda kömək gözləmirik.

Onlar bundan nəticə çıxarmalıdırlar. Əgər Əsgəran-Ağdam yolunu bağlayırlarsa, onda Laçın yolundan da köməklik gözləməsinlər. Axı niyə ancaq blokada haqqında bar-bar bağırırlar? Fikrimcə, bu, separatçı rejim rəhbərliyinin oyunbazlığıdır. Çünki onlar uduzduqlarını çox yaxşı başa düşürlər”.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.