19 iyul 2023-cü il tarixində Bakı Fond Birjasında “VMF”MMC-nin kapital bazarlarında ilk istiqraz buraxılışını qeyd etmək məqsədi ilə “Açılış Zəngi” mərasimi keçirilib.
Tədavül müddəti 18 ay, nominal dəyəri 100 manat, 1,000,000 (bir milyon) manat həcmində olan, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlar birjada emitentin anderrayteri Unicapital İnvestisiya Şirkəti tərəfindən 100% uğurla yerləşdirilib. İstiqrazın illik faiz dərəcəsi 13%, faiz ödəniş dövrü isə 3 aydan bir təşkil edir.
VMF istiqrazları üçün “Açılış Zəngi”nin çalındığı tədbirdə yerli və xarici şirkətlərin rəsmiləri ilə yanaşı, Azərbaycan Respublikası Mərkəzi Bankının, Bakı Fond Birjasının və Milli Depozit Mərkəzinin səlahiyyətli nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, 1997-ci ildə yaranan və dünyaca məşhur “Longines”, “Rado”, “Maurice Lacroix”, “Raymond Weil”, “Versace”, “Salvatore Ferregamo”, “Tissot”, “Certina”, “Hamilton”, “Swatch”, “Flik-Flak”, “Seiko”, “Citizen”, “Obaku”, “VMF NF”, “VMF Rover”, “VMF Elli”, “Casio”, “Zippo”, “Victorinox” və digər brendlərin Azərbaycanda rəsmi distributoru olan “VMF” şirkəti tədbir zamanı iştirakçılara 50-dən çox yeni və qeyri-adi dizaynlı saat modellərini nümayiş etdirib. Bu səpkidə ilk dəfə və olduqca böyük auditoriya qarşısında təşkil olunan tədbir böyük rəğbətlə qarşılanıb.
Tədbirdə “VMF” şirkətinin yaradıcısı Vahid Mustafayev şirkətin bu günədək keçdiyi uğur yolundan danışıb. Öz çıxışı zamanı “VMF 2024” konseptinə də toxunan cənab Mustafayev yaxın gələcək planlarının satış nöqtələrinin Azərbaycan üzrə sayını 30-a çatdırmaq, onlarda texnoloji müsbət dəyişikliklər etmək, yeni multi-brend mühiti yaratmaq, satış prosesini əyləncə seqmenti ilə inteqrasiya etmək istiqamətində olduğunu qeyd edib.
Görüş Bakı Fond Birjasının və “Unicapital İ.Ş” ASC-nin rəsmi səlahiyyətli nümayəndələrinin çıxışları müşayiətində davam edib. Onlar qeyd olunan istiqrazların korporativ qiymətli kağızlar bazarında maliyyə alətlərinin diversifikasiyasına səbəb olmaqla investorlar üçün daha geniş imkanların olduğu münbit investisiya mühitinin formalaşmasında müstəsna rolu olacağını bildiriblər.
VMF şirkətinin Baş direktor əvəzi Ülkər Sofi-zadə çıxışnda “Bu ildən“VMF 2024” konseptinə uyğun olaraq 20-dən çox satış nöqtələrinin Azərbaycan üzrə sayını 30-a qədər artırmaq, onlarda texnoloji müsbət dəyişikliklər etmək, yeni multi-brend mühiti yaratmaq, satış prosesini əyləncə seqmenti ilə inteqrasiya etmək əsas istiqamətlərdəndir” deyib.
Xatırladaq ki, bu hərrac “Unicapital”ın son aylarda həyata keçirdiyi 4-cü 100% uğurlu yerləşdirmədir.
“Biz ilk özəl Azərbaycan şirkətiyik ki, istiqraz buraxırıq və mən bununla çox fəxr edirəm ki, biz birincilər sırasındayıq, birinciyik”.
Bunu Bakı Fond Birjasında “VMF” MMC-nin ümumi dəyəri 1 milyon manat olan istiqrazlarının Açılış Zəngi mərasimində Şirkətin prezidenti Vahid Mustafayev bildirib.
Məbləğə toxunan V.Mustafayev qeyd edib ki, bir milyon rəqəmi şirkətə kifayət qədər uyğun olan rəqəmdir.
O, fikrini belə əsaslandırıb:
“1 milyon manat bizə uyğun məbləğdir ki, onunla başlayaq, bu sektorda hərəkətlər edək. Daha sonra sözsüz ki, 18 ay davam edəcək, 18 aydan sonra biz yeni istiqrazlar buraxacağıq. Onların artıq rəqəmləri daha böyük olacaq”.
Qeyd edək ki, sözügedən istiqrazlar illik 13 faiz dərəcə ilə buraxılıb və istiqrazların sayı 10,000 ədəddir.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.