Alqis Hesenoglu2006201801

Sosial şəbəkə istifadəçilərindən biri mənə sual ünvanlayıb: “Rusiya ilə münasibətlərin yaxşılaşması Qarabağ probleminin həllində bizə nəsə verə bilərmi? Ümumiyyətlə, Azərbaycan Prezidentinin Qarabağla bağlı yürütdüyü əsas xətt nədən ibarətdir? Bir-neçə cümləylə izah edə bilərsinizmi?”

İzah edərəm. Amma bir-neçə cümləyə ehtiyac yoxdur…

Kənardan məsləhət verib yol göstərmək, “Qarabağ məsələsi milli şərəf mövzusudur” deyə şüarlar səsləndirmək cəlbedici və çox prestijli bir işdir.

1991-ci ildə AXC-nin sədri Əbülfəz Elçibəy təhsil aldığım Bakı Dövlət Universitetinə (o vaxt ADU adlanırdı) gəlmişdi.

Akt zalında keçirilən görüşdə bir tələbənin “Hakimiyyətə yetsəniz Qarabağ problemini necə həll edəcəksiniz” sualını Əbülfəz Elçibəy çox rahat, durumundan məmnun bir təbəssümlə qarşıladı: “Çox sadə, sərhədləri kəsəcəyik, ermənilər çapalaya-çapalaya məhv olacaqlar”.

AXC liderinin cavabına bir sırada, yanaşı əyləşdiyimiz böyük türkolaq alim, vətənpərvər ziyalımız, mərhum akademik Tofiq Hacıyevin pıçıltıyla verdiyi reaksiya dəqiq yadımdadır: “Adamın dünyadan xəbəri yoxdur”…

Doğrusu, o zaman Tofiq müəllimin belə deməyi mənə xeyli qəribə görünmüşdü: Necə xəbəri olmaya bilər ki?…

Bir il keçmiş Ankarada Ermənistan prezidenti ilə ayaqüstü söhbətin ardından Azərbaycan prezidenti Əbülfəz Elçibəyin verdiyi bəyanat tamam fərqli məzmun daşıyırdı: “Levon Ter-Petrosyanla mən istəsək də, heç nə edə bilmərik. Bu, çox qəliz problemdir. Qarabağ probleminin həllində qlobal güclərin rəyi olmadan dönüş yaratmaq alınmaz”.

İllər ərzində çox az şey dəyişib. “Dünyadan xəbəri olmayan” böyük bir əksəriyyət Qarabağla bağlı mühakimə yürüdür, yol göstərir və ittiham edir: “30 ildir ki, problem niyə həll edilmir?”

Qarabağ problemi təkcə erməni məsələsi deyil.

Şuşanın, yeddi rayonun işğalı, Xocalı faciəsi, minlərlə şəhid və s. bizə məlum olanlardır.

Bilmədiyimiz məqamlar var: Azərbaycan ətrafında hansı oyunlar gedir, bu oyunlardan dövləti və xalqı itkisiz ötüşdürmək üçün hansı diplomatik, siyasi gərginliklər yaşanır, bu, ancaq ölkə prezidentinə məlumdur.

Elə məsələlər var ki, onları bilmək, ictimailəşdirmək məqbul sayılmaz.

Niyəsini Heydər Əliyev 2002-ci ildə ANS-in əməkdaşı Qənirə Paşayeva ilə müsahibəsində izah etmişdi: “Mən çox şey bilirəm. Hesab edirəm ki, hər şeyi açıb, danışmaq xalqımıza uğur gətirməz”.

30 illik konfliktin neqativ statiskası mahiyyətin özü deyil. Uzantılarıdır.

Azərbaycan xalqına saysız-hesabsız faciələr yükləmək ermənilərin etnik, siyasi, tarixi və müasir potensialı xaricindədir.

Bu, bir ovuc ermənin işi deyil.

Qarabağ problemi erməni layihəsinin üçüncü mərhələsidir.

1918 ci il mayın 28-də Cümhuriyyətimizin elanından bir gün keçməmiş Milli Şura İrəvanın erməniləri güzəştə gedilməsi haqqında “məcburi və bədbəxt” bir qərar qəbul edib.

Əli yalın (Milli ordusu olmayan) bir dövlət necə və hansı dirənişi göstərə bilərdi ki?

1920-ci ilin dekabrında sosialist Azərbaycanının (tərksilah edilmiş, əli-qolu bağlı bir ölkənin) xeyir-duası ilə Zəngəzur Ermənistana verilib.

Naxçıvanla Bakı (Azərbaycan) arasında Meğri koridoru yaradılıb. Dağlıq Qarabağın muxtariyyət statusu tanınıb. Bu, üçüncü mərhələyə hesablanmış gedişlərdir.

Üçüncü cəhdi siyasi və hüquqi cəhətdən gerçəkləşdirmək alınmır.

Daş Qayaya rast gəlib: Azərbaycanın Milli Ordusu Cənubi Qafqazın ən qüdrətli silahlı qüvvəsidir (Ərazi, insan itkilərimizin əsas səbəbi Milli Dövlətçiliyi təcəssüm edən Milli Ordumuzun yoxluğu olub).

Ermənistan regiona rifah gətirən bütün projelərdən kənarda qalır, Azərbaycanın diktəsi hesabına…

Ermənistan (son olayların əhatəsində) daha çox “Poçt şöbəsi”nə oxşayır.

“Poçt şöbəsində” nə baş verir.

Həmişə heyranlıqla mütaliə etdiyim Anton Çexovun yaratdığı obraz – Sladkopersov poçt şöbəsinin müdiridir. Yaşlanıb, qayğılar artıb.

Onun arvadı gözəl və həm də ayağı sürüşkəndir. Adı hər gün biriylə hallanır. Rabitəçi isə ona nəzarət edə bilmir.

Qeyrətli ər namusunu qorumaq üçün nəyə əl atsa yaxşıdır. O, özü şayiə yayır ki, Sladkopersovun arvadı polis rəisinin məşuqəsidir.

Və istənilən nəticə alınır. Polis şefinin qorxusundan heç kim Sladkopersovun arvadı səmtə baxa bilmir.

Yalnız bundan sonra poşt şöbəsinin rəisi rahatlıqla öz işləri ilə məşğul ola bilir.

Bu gün Ermənistan rəhbərliyinin verdiyi ziddiyətli mesajlar (xüsusilə də Qərbə yönəlik) özünüqoruma üsullarıdır və daha çox Sladkopersovun fəndini xatırladır: “Məni sıxmayın, incitməyin, mən Qərblə gəzirəm”.

Reallıqda Ermənistanın qərbliliyi üçün şərtlər kəsaddır.

Ermənistan ölkə deyil, for-postdur, “Poçt şöbəsidir”, kölgədir.

Kölgənin özü yox, sahibi olur.

Sahibinin duruşundan, yerişindən iqtisadi-siyasi pozasından asılı olaraq kölgə uzana, darala, yeriyə, dayana və yox ola bilər.

Azərbaycan bədxah qonşumuzun sahibi (və sahibləri) ilə münasibətlərə elə yöndən işıq salmaq istəyir ki, onun (və onların) Ermənistan adlı kölgəsi olmasın.

İkitərəfli anlaşmalarda “Poçt şöbəsi”nin xidmətinə ehtiyac qalmasın.

Konkretləşdirsək, Azərbaycan Prezidentinin Qarabağ siyasətini iki cümləyə sığışdırmaq mümkündür.

Azərbaycan ordusunu günbəgün silahlandırmaq, gücləndirmək…

Ermənistanı iqtisadi baxımdan perspektivsiz dövlətə çevirmək…

Həqiqət kimi sadə, aydın…

Və alternativsiz!

Alqış HƏSƏNOĞLU

 

araz.az xəbər portalı.