Bəzən bir bank kartından digər bank kartına az bir məbləğ köçürən zaman bəzi banklar müştərilərdən kifayət qədər yuxarı həddə komissiya haqqı tuturlar. Bu, özünü başqa bankın bankomatında edilən nağdlaşdırma zamanı da göstərir.

Bəs, bu komissiya haqları nə üçün yüksəkdir? Ümumiyyətlə, bu məsələ necə tənzimlənir?

Vətəndaşlar bildirirlər ki, bankların ən sadə əməliyyatlar zamanı əlavə komissiya haqqı tutması normal deyil.

Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov qeyd edib ki, bankın müştəridən komissiya haqqı tutması məsələsi “Banklar haqqında qanun”la tənzimlənir. Bu qanuna görə, banklar komissiya haqlarını özləri müəyyən edirlər. Ekspert xarici ölkələrdə də bu tipli komissiyaların müştəridən tutulduğunu bildirib.

Ə.Həsənov əlavə edib ki, yerli bankların təklif etdiyi kredit faizləri yüksəkdir. Onun qənaətincə, bu nəzərə alınaraq komissiya haqları aşağı endirilməlidir.

Qeyd edək ki, Mərkəzi Bank tərəfindən təklif edilən qanun layihəsinə əsasən, nağdlaşdırma faizlərinin standart olması nəzərdə tutulub. Bu qanun təsdiqlənərsə, Mərkəzi Bank bu komissiyaların yuxarı həddini müəyyən edəcək. Bununla da banklar həmin həddən yuxarı müştərilərdən vəsait tuta bilməyəcəklər.

Daha ətraflı Xəzər TV-nin süjetində:

araz.az xəbər portalı.

araz.az xəbər portalı.