“Ermənistanın niyyəti bəllidir. Xüsusilə də 44 günlük savaşdan sonra İrəvan özünün düşdüyü ağır durumda və ağır şərtlər altında sülh prosesinin davam etməsini və sülh müqaviləsinin bağlanmasını istəmir. Ermənistan özünün xaricdə olan havadarlarının və böyük dövlətlərin təşviqi ilə prosesi hansısa bir müddətə qədər uzatmaq, bölgədə yeni geopolitik dəyişiklər və reallıqlar yaranana qədər gözləmək istəyir”.
Bu sözləri siyasi şərhçi Oqtay Qasımov deyib.
O, Ermənistan Baş naziri Nikol Paşinyanın “France-Presse” qəzetinə verdiyi müsahibəsinə toxunub.
Baş nazir müsahibəsində İrəvanın “qırmızı xətləri”ni Ermənistanın ərazi bütövlüyü və suverenliyi, eləcə də “Dağlıq Qarabağ”ın hüquq və təhlükəsizliyi olduğunu bildirib.
Öz növbəsində, O.Qasımov söyləyib ki, buna görə də Ermənistan müxtəlif maddələri ortaya atır, eləcə də proses bəzi terminlərlə manipulyasiya edilir:
“Bu Ermənistanın niyyətidir və dəfələrlə söylənilib. Xüsusilə də Brüssel görüşündən sonra sülh prosesi ilə bağlı müəyyən addımların atıldığı və tərəflərin qarşılıqlı olaraq bir-birinin ərazi bütövlüyünü tanıması ilə əlaqədar verilən bəyanatlar müəyyən ümidlər yaradırdı. Hətta Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin Brüssel görüşündən sonra verdiyi bəyanat və orada ölkələrin ərazi bütövlüyü ilə bağlı mövqelərində qəti olduqlarını bildirməsi maraqlı və olduqca ümidverici bir amil idi”.
Analitikə görə, Ermənistan tərəfi “qırmızı xətlər” deyərkən burada Ermənistanın beynəlxalq hüquqla təsbit olunmuş sərhədləridir ki, bunu da anlamaq olar.:
“O ki qaldı Qarabağda yaşayan ermənilərin hüquq və təhlükəsizliyi, hansısa “blokada” haqqında söylədiyi hədyanlar, Azərbaycana qarşı beynəlxalq təbliğat şousu və basqıları artırmaq üçün ortaya atılan məsələlərə, əlbəttə ki, bu mövqe prosesi gərginləşdirir. Bu, sülh prosesini yubatmağa hesablanmış bir addımdır. Çünki Azərbaycan dəfələrlə qəti şəkildə bildirib ki, Qarabağda yaşayan ermənilərin məsələsi Azərbaycanın daxili işidir və Azərbaycan orada yaşayan insanların bütün hüquq və təhlükəsizliyinin təmin ediləcəyini bəyan edib. Hətta Azərbaycan Prezidenti İlham Əliyev növbəti dəfə dünən Şuşada bunu səsləndirdi. Haqlı olaraq məsələ bu cür qoyulur ki, Qarabağda yaşayan 25-30 min nəfər erməninin Azərbaycanda yaşayan digər etnik azlıqlardan heç bir ayrıca üstünlüyü yoxdur və ola bilməz. Azərbaycanda yaşayan hər bir ölkə vətəndaşı bu ölkənin tamhüquqlu vətəndaşıdır və ona verilən konstitusion hüquqlardan sərbəst şəkildə istifadə etmək hüququna malikdir”.
Analitik əlavə edib ki, bu baxımdan, Ermənistanın hər dəfə bu məsələləri gündəmə gətirməsi prosesi uzatmağa yönəlib:
“Çünki Ermənistanın Azərbaycanın ortaya qoyduğu 5 maddəlik sülh təklifinə hansısa bir düzəliş, yaxud əlavələr etməyə imkanı yoxdur. Hətta buna qarşı daha konstruktiv bir təklif belə verməyib. İrəvan sadəcə olaraq prosesi uzatmaq, hazırkı status-kvonu davam etdirmək üçün Qarabağ erməniləri məsələsini ortaya atır ki, bu da bir başa Azərbaycanın daxili işlərinə qarışmaqdır. Bu, qəbul edilə bilməz və Ermənistan həddini bilməlidir”.
“Dövlət başçısı dünən bildirdi ki, əgər proseslər normal şəkildə gedərsə və Ermənistan konstruktiv davranarsa, onda ilin sonuna qədər sülh müqaviləsinin bağlanmasına ümid etmək olar. Amma bu, olmayacaqsa, bölgədə gərginlik davam edəcək. Bunun, əlbəttə ki, bölgə ölkələrinə, xüsusən də Ermənistanın özünə ciddi zərəri dəyəcək ki, ermənilər də bunu bilməlidir. Ermənistan Azərbaycanın daxili işlərinə burun soxmaqdan əl çəkməlidir. Xüsusən də Azərbaycan ərazilərindəki hərbi birləşmələrinin çıxarılmasını təmin etməli və Qarabağdakı hərbi xuntaya maliyyə yardımı göstərməyi dayandırmalıdır. Bunlar Azərbaycan ərazilərini işğal altında saxlamaq cəhdləridir ki, bunlardan ən çox ziyan görən İrəvan olacaq”, – fikirlərini yekunlaşdırıb.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.