ATƏT MQ-nin həmsədrləri Qarabağ münaqişəsini nizamlamaq istəyirlərsə, ilk növbədə Azərbaycanı nizam-intizama çağırmalıdırlar. Bu barədə Parisdə səfərdə olan Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.
“Bakı təhdidlərlə bizi güzəştə getməyə məcbur edə biləcəyini düşünürsə, yanılır. Azərbaycan heç cür başa düşmür ki, bugünki Ermənistan fərqlidir, bu, bütün ermənilərin yeni potensialı ilə ətrafında cəmləşdiyi Ermənistandır. Və Azərbaycanın aqressiv addımları Ermənistana və Arsaxa qarşı deyil, bütün ermənilərə qarşı olacaq və onlar birləşmiş erməni xalqından əks zərbə alacaqlar”, deyə o bildirib.
Paşinyan Azərbaycan prezidenti ilə nizamlanma məsələsi ilə bağlı görüşün keçirilib-keçirilməyəcəyi barədə suala inkaredici cavab verib.
O, həmçinin Fransa prezidenti ilə Qarabağ mövzusunu müzakirə etdiyini bildirib.
“O, problemin həll edilməsi məsələsini ciddi şəkildə müzakirə etmək üçün həqiqətən imkan olub-olmadığını soruşdu. Bununla bağlı fikir mübadiləsi apardıq və mən ona dedim ki, mənim fikrimcə, Azərbaycan rəhbərliyi Qarabağ münaqişəsinin nizamlanmasından danışarkən o qədər də səmimi deyil. Bu, yalnız regionda nizamlanma atmosferi olduğu halda mümkündür. Amma biz təhdidlər eşidirik, belə bir şəraitdə nizamlama haqqında danışmaq isə sadəcə olaraq qeyri-realdır”, deyə Paşinyan bildirib.
araz.az xəbər portalı.