Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə iyulun 22-də Göygöl rayonunda “Qərbi Azərbaycanın Basarkeçər rayonunun Zod icmasının Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Tarixi torpaqlarımıza mütləq qayıdacağıq” mövzusunda konfransı keçirilib.
İcmadan araz.az-a bildiriblər ki, “Heydər Əliyev İli” çərçivəsində təşkil olunan tədbirin iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin Göygöl şəhərindəki abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, əziz xatirəsini ehtiramla yad ediblər.
Sonra Şəhidlər xiyabanı ziyarət olundu, şəhidlərin məzarları üzərinə gül dəstələri düzülüb.
Heydər Əliyev Mərkəzində keçirilən konfransı giriş sözü ilə açan Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev Ulu Öndərin dövlət quruculuğundan və Azərbaycanın tarixi torpaqlarının işğaldan azad olunmasından, ölkə iqtisadiyyatının inkişafı ilə bağlı gördüyü nəhəng işlərdən, Göygöl rayonunun sosial-iqtisadi cəhətdən inkişafına göstərilən dövlət qayğısından danışıb. Ölkəmizin dinamik inkişafının, Vətən müharibəsində qazanılan tarixi Zəfər sayəsində Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad olunmasının, Qərbi Azərbaycan İcmasının yaradılmasının əhalisinin əksəriyyəti Qərbi Azərbaycandan olan Göygöl sakinləri tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılandığı, əhalinin Prezident İlham Əliyev tərəfindən bu məsələyə göstərilən dövlət qayğısını açıq-aşkar hiss etdiyi vurğulanıb.
Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli çıxışında Qərbi Azərbaycan məsələsinə Ulu Öndər Heydər Əliyevin həssas münasibətini qeyd edib. O, Heydər Əliyevin torpaqlarımızın azad olunması, qayıdış məsələlərinin həlli ilə bağlı atdığı gələcəyə hesablanmış addımlar, qəbul etdiyi müdrik qərarlar barədə məlumat verib. Qeyd edib ki, Heydər Əliyevin Qərbi Azərbaycan məsələsi ilə bağlı tutduğu mövqe, əsasını qoyduğu siyasət bu gün Prezident İlham Əliyev tərəfindən layiqincə və uğurla davam etdirilir. QAİ-nin yaradılması və fəaliyyətinin təşkilinə göstərilən qayğı barədə danışan icma rəhbəri Qərbi Azərbaycan məsələsinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması istiqamətində görülən işlər, Qayıdış Konsepsiyasının mahiyyəti haqqında məlumat verib.
Tədbirdə Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, akademik Əhliman Əmiraslanov Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qorunub saxlanılmasındakı rolundan, Qərbi Azərbaycan məsələsinə dair əsasını qoyduğu siyasi kursun mahiyyətindən bəhs edib. Bildirib ki, Ulu Öndər Moskvada tutduğu yüksək vəzifələrdən getdikdən sonra ermənilər Qərbi Azərbaycanda və Qarabağda Azərbaycan xalqına qarşı növbəti dəfə məkrli siyasət yürütməyə, əhalini öz tarixi torpaqlarından deportasiya etməyə, etnik təmizləmə və soyqırımı aktlarını həyata keçirməyə başlayıblar. Özünün və ailəsinin, həmkəndlilərinin ağrılı qaçqınlıq həyatına toxunan akademik deyib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin hərtərəfli inkişafı üçün davamlı surətdə nəticəyönümlü islahatlar həyata keçirilir. Qərbi Azərbaycan məsələsinə istər ölkə daxilində, istərsə də xaricdə, beynəlxalq təşkilatlarla əməkdaşlıq müstəvisində böyük diqqət ayrılır. Bunun sayəsində bütün dünya azərbaycanlıları kimi, Qərbi azərbaycanlılar, Basarkeçər rayonunun Zod kəndindən olan qaçqınlar da ölkənin ali rəhbərliyinin ətrafında sıx birləşərək bu siyasəti dəstəkləyirlər.
Tədbirdə iştirak edən ağsaqqal Azadxan Haqverdiyev və Əməkdar müəllim Dilarə Qazıyeva çıxışlarında Zod kəndindən olan insanların ağır qaçqınlıq həyatından danışıb, əhalinin Qərbi Azərbaycana qayıdacağına güclü inamını ifadə ediblər.
Zod icmasının üzvlərinin fikirləri əsasında akademik Əhliman Əmiraslanovun Zod kənd icmasının rəhbəri seçilməsi təklifi yekdilliklə dəstəklənib.
Tədbirdə, həmçinin Qərbi Azərbaycan İcmasının Qəyyumlar Şurasının sədri Mürvət Həsənli və İcmanın aparat rəhbəri Qalib Qasımov da iştirak ediblər.
Konfrans bədii hissə ilə davam edib. Konsert proqramında. Aşıq musiqisi, şeirlər və folklor nümunələri səsləndirilib.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.