murad-kohneqala.jpgÜç həmkəndlidirlər, adətən, Bakının çayxanalarında görüşürlər. Görüşüb həmişəki kimi, gəlmişdən-getmişdən söhbət eləyirlər. Özü də görüşəndə üçü də bir-biri ilə qucaqlaşıb öpüşür. Adətən, söhbəti kənddən gələn xəbərlərdən, kənddə olmuş maraqlı əhvalatlardan başlayırlar.
Budəfəki görüşü də nə vaxtsa kəndlərində olmuş əhvalatdan başladılar.

Həmin əhvalatı siz də eşidin. Deyir, Saleh bir gün arvadla dalaşır. Arvadı deyir, səni mən kişi eləmişəm. Kənd yeridi dəə, bu da içən adam, dəli olur. Deyir, aaz, məni nətəri kişi eləyibsən, de görək? Arvad da qayıdır ki, sənə ərə gələndə evin bomboş idi, cehiz gətirib evini doldurmuşam.

Saleh ürəyində deyir, yaxşı, məni kişi elədiyini sənə göstərərəm. Qəsdən özünü mübahisədə uduzmuş kimi göstərib, evdən çıxır. Axşamüstü qayıdanda baxır ki, evdə heç kim yoxdur. Arvadının fəxrlə onun başına qaxdığı yorğan-döşəyi, qaz tükündən düzəldilmiş balıncları, paltar şkafını-zadı sürüyüb çölə çıxarır. Altdan mebelləri, üstündən də yorğan-döşəyi yığıb üstünə nöyüt tökür, altınnan da bir kibrit! Alov göyə qalxır. Soyuq hava, kəndin uşaqları isinməyə yer axtarır, biri-birini çağırırlar ki, ayə, gəlin, Saleh əmi ocaq qalayıb.

Görənlər söyləyir ki, qalın yun döşək alovlanmadığına görə Saleh əlindəki yaba ilə döşəyi qaldırıb o üz-bu üzünə çevirirmiş ki, yaxşı alovlansın…

Bu əhvalatı danışıb xeyli gülürşürlər. Sonra biri deyir, ayə, yaba demiş, kəndimizdə başdan xarabın biri olur, 41-45-də müharibəyə də aparmırlar, elə kolxozda pambıq sulayır. Müharibə qurtarıb veteranlar kəndə qayıdandan sonra buna çatır ki, bəs, deməzsənmi, belə işlər olubmuş, faşistlər hər yanı tutmaq istəyirmiş, qırğın-qiyamət. Bir gün o suçu əlində lapatka camaatın gur yığıldığı yerə, poçtun qabağına gəlib hirsli-hirsli deyir: “Noleydi, o lemsələri bura gətirəydilər, onların başını bu lapatkaynan bax belə əzərdim!”

Dostlar yenə gülüşür. Arada biri deyir, məni bağışlayın, tualetə dəyib gəlirəm.

Bu gedən kimi o biri ikisi başlayır gedənin arxasınca danışmağa: “Ayə, bu da son vaxtlar yaman çox içir haa. Mən ölüm? Vallah, evdə də arvadı narazılıq eləyir. Arvad neyləsin, narazılıq eləyəcək dəə. Heç yerdə işləmir, əlinə pul keçən kimi də arağa verir. Uşaqları böyük olar yəqin? Hə, uşaqları böyükdü, uşaq da üzünə qayıdır. O gün mənə deyir, yekə gədə ilə ağızlaşdım, dedim, sən öl, səni evdən itirərəm, qayıdıb mənə dedi ki, ay yazıq, sənin özünü evdən qovaram. Bax belədi vəziyyəti. Yox, əə? Ta danışma, gəlir…”

Hə, tualetdən qayıdandan soruşurlar, ayə, nə yaman gec gəldin? O da başlayır ki, tualetdə növbə idi, nə bilim, biri də özünü növbəsiz soxmaq istəyirdi, dedim, əmoğlu, biz də varıq. O biri dost deyir, tualet demiş, qoy, mən də dəyim ora, tezcə qayıdacam. Bu çıxan kimi o biri ikisi arxasınca başlayır: “Ayə, bu da borcun içindədi. Sən Allah, eləmi? Bilmirdiiin? Bankdan kredit götürmüşdü, verə bilmirdi, dalınnan sələm götürdü, indi də sələmi verə bilmir, canımçün, hər gün gəlib qaramatını üstümə tökür. Deyirəm, ə, mən nağayrım, özüm səndən pis gündəyəm, sələm alanda mənəmi gənəşmişdin? Ağlı olan da sələmə girərmi? Kimnən alıb sələmi? Ayə, nəvilim, bir dul arvaddı, deyir, qancığın da biridi. Ta denən bədbəxt olub ki! Gəlir, gəlir, danışma…”

Bu gəlib oturanda deyir, ə, niyə çay içmirsiniz, deyək, birini də gətirsin. Üçüncü deyir, təzə çaynik gələnə qədər mən də tualetə dəyim. Bu qalxıb gedən kimi yerdə qalan ikisi başlayır: “Bax, indi deyir çay gəlsin, ancaq bircə dəfə çayın pulunu verdiyini görməmişəm. Həə, yaman xəsisdi, yaman! Özü də, sağlığına qismət, yaxşı ev-eşiyi, di gəl, xəstəlikdi, adam da belə xəsis olarmı? Ə, yəqin arvaddan qorxur. Yox, ə, dədəsi də beləydi, Muzu Mahal demirdilərmi adına?! Dədəsi yox, babası. Ay sağ ol, babası, həmin şeydi dana! Nolsun e, tamahınnan qızını bərkgedənin birinə vermişdi, odu bax, dolandırmadılar, geri qaytarıblar. Sən canın, eləmi, niyə? Niyəsi odu ki, qızı qabaqlarında qul kimi işlədirlərmiş, qayınatası deyib, hər axşam ayağımı yumalısan, nə bilim nə. Yox ə? Vallah! Hansı zamanadı ə? Cavan gəlin niyə ayaq yumalıdı? Bu da guya atadı, peysərinə verirmiş, axırda qız özü çıxıb gəlib evlərinə. Həqiqiməə? Ayə, həqiqi nədi, qız çoxdan evlərindədi. Uşaq da bunlarda doğuldu. Nəvəsi var bunun? Bənədi! Özü də qız nəvəsi, deyir o qədər çox istəyirəm ki. Bə, o tərəfdən gəlib aparmaq istəyən varmı? Yox. Niyə, bə, əri nə deyir? Əə, əri nə deyəjək, o gün özü danışır ki, qudası uje oğluna ayrı qız almaq istəyir. Nə danışır, ə? Bənədi! Yerə soxum boyunu! Özüm ölüm, bunun yerinə olsaydım, gedib onun o ərinin də, dədəsinin də başına bir güllə… Kiri-kiri, gəlir…”

Üçüncü gələn kimi o birilər soruşur ki, ayə, harda qaldın, bu uzunda tualetmi olar? O da deyir, burdakı pullu idi, küçənin o başındakı pulsuz tualetə getmişdim…

Yenə, heç nə olmamış kimi, qayıdırlar üçlükdə gəlmişdən-getmişdən söhbət eləməyə.

Murad Köhnəqala
AzVision.az üçün

 

araz.az xəbər portalı.