Layihə saxtakarlığı, üstəlik pandemiya çətinlikləri, illərdir daşa dirənən bu problemi daha da yubadır

Qeyd olunanlar, Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşlarının Prezidentə ünvanladıqları Açıq Məktubun mətnində, tam təfsilatı ilə, öz əksini tapıb

Azərbaycan müstəqilliyinə qovuşandan, ölkədə pay və digər təyinatlar üzrə torpaqların ayrılması məsələsində yaranan səs-küylü ciddi problemlər, günü bu günədək, bitib-tükənmək bilmir; Hara baxsan, bu xoşagəlməz halın şahidi olursan — həlli, sanki dalana dirənib! Bir sözlə, torpaqla bağlı bu analoji problem sayı-hesabsız vətəndaş şikayətlərinin getdikcə çoxalması ilə, daha da böyüyür və həlli müşkülə çevrilir. Baxmayaraq ki, ölkə başçısı da, mötəbər tədbirlərdə, dəfələrlə, bu problemin aradan qaldırılması məqsədi ilə, lazımi dövlət qurumlarına ciddi tapşırıqlarını və göstərişlərini verib. Amma bu yöndən verilən və düyünə düşən Prezident fərman və sərəncamlarına, Nazirlər Kabinetinin qərarlarına görədir ki, bu ciddi məsələ indiyədək açıq qalır və bu sahədə hiss olunacaq hər hansı bir irəliləyiş baş vermir. Dəhşət ondadır ki, çox vaxt, torpaq ayrılması üzərində hüquqların əldə edilməsini sübut edən çox vacib sənədlər də, şikayətçilər tərəfindən həmişə ortaya qoyulur.

Bu bir xoşagəlməz haldır ki, hətta, Azərbaycan Milli Elmlər Akademiyasının elm adamları ilə bağlı, çoxdandır dalana dirənən səs-küylü “Torpaq layihəsi” məsələsi belə, uzun müddətdir həllini tapmır. Deyilənlər, tam təfsilatı ilə, zərər çəkən AMEA əməkdaşlarının araz.az xəbər portalını redaksiyasına da təqdim etdikləri və Prezident İlham Əliyevə ünvanladıqları şikayət xarakterli Açıq Məktubda öz əksini tapıb.

Elm adamlarımızın imzaladıqları bu Açıq Məktubun tam mətni belədir:

“Möhtərəm Prezident!

AMEA Rəyasət Heyətinin 3 oktyabr, 2018-ci il tarixli, 14/3 saylı Qərarına əsasən, Elmlər Akademiyasında 5 ildən artıq iş stajı olan əməkdaşlara, AMEA-nın “Xızı” Kənd Təsərrüfatı İstehsalat Kompleksinin uzunmüddətli istifadəsində olan, Yarımca kəndi yaxınlığındakı torpaq sahəsindən istifadə üçün torpaq sahələri ayrılıb. Hər biri 10 sot olmaqla, torpaq sahələri 312 əməkdaşa verilib və bu onların ailələrinin sosial vəziyyətinin yaxşılaşdırılması, isti aylarda istirahətlərinin təşkili üçün nəzərdə tutulub. Əməkdaşlarla, qanunlarımızın tələblərinə uyğun müvafiq müqavilələr bağlanıb və qarşılıqlı öhdəliklər müəyyən edilib. Bağlanmış Müqaviləyə əsasən, torpaq sahəsinin ətrafının abadlaşdırılması, yolların çəkilməsi, mühafizəsi və s. problemli işlərin həlli üçün, bağ sahəsi verilən əməkdaşların əmək haqlarından, hər ay, rəsmi qaydada 15 manat çıxılıb və hesabdan hesaba ödəmələr həyata keçirilib. Müqavilə bağlananda isə, hər bir əməkdaş, ayrıca olaraq, 50 manat nağd şəkildə ödəniş edib. Bu da, Müqavilənin bağlandığı 2019-cu ilin iyul ayından indiyədək keçən müddətdə 20 ay və bu müddət ərzində, hər bir əməkdaşdan tutulan ümumi məbləğin 400 manatdan çox olması deməkdir.

Di gəl ki, 2021-ci ilin əvvəlində, AMEA Rəyasət Heyəti Aparatının İşlər İdarəsi, Akademiya tərkibindəki ayrı-ayrı institutlara, verdiyi Sərəncamın surətlərini göndərərək, öncə bağlanan müqavilələrin ləğv olunduğunu bildirib. Bundan sonra, biz — müvəqqəti torpaq sahəsi verilən Akademiya əməkdaşları, bu problemə aydınlıq gətirilməsi məqsədi ilə, AMEA Rəyasət Heyətinə, Azərbaycan Respublikasının Baş Nazirinə müraciətlər ünvanladıq. AMEA Rəyasət Heyətindən bizə ünvanlanan 06 -1 – 1009 saylı, 30 dekabr, 2021-ci il tarixli cavab məktubunda isə, sözügedən torpaq sahələrinin təyinatının dəyişdirilərək, kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasından, yaşayış məntəqələrinin torpaqları kateqoriyasına keçirilməsi ilə əlaqədar, AMEA rəhbərliyi tərəfindən 06.05.21-ci il tarixli, 01-3/365 saylı məktubla Azərbaycan Respublikasının Baş Nazirinə, eyni zamanda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak məsələləri Dövlət Xidmətinə, habelə surəti Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinə 31 avqust, 2021-ci il tarixli, 06-1-462 saylı məktublar ünvanlandığı, bununla əlaqədar yerquruluşu planınınn hazırlanması müqabilində, AMEA İşlər idarəsi tərəfindən 8715,20 AZN (səkkiz min yeddi yüz on beş manat, iyirmi qəpik) məbləğində vəsaitin ödənildiyi qeyd olunub. Onu da bildiririk ki, müvafiq müraciət məktubunun Kənd Təsərrüfatı Nazirliyinə ünvanlandığı da bildirilib.

AMEA Rəyasət Heyəti Aparatına, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin ünvanladığı 26.05.22-ci il tarixli, №229126008201 saylı sonuncu cavab məktubunda, yerquruluşu sənədlərinin təsdiq edilməsinin məqsədəuyğun olmadığı göstərilib və bu, həmin ərazinin (Yuxarı Əngilan kənd ərazisi) 24.10.2015-ci il tarixində (çıxarış PX 0751587) AMEA istifadəsinə verlməsinin yanlış olması ilə izah edilib.

Doğrudan da, bütün yuxarıda qeyd olunanlar, aşağıdakılara diqqət yetirilməsi və aydınlıq gətirilməsi tələblərini ortaya qoyub:

– Nədən, əməkdaşlardan hər ay tutulan məbləğ və 50 manat birdəfəlik nəğd ödəniş, Müqavilədə göstərildiyi kimi, abadlıq (yol, işıq, su və.s) işlərinə sərf olunmayıb, ərazidə hər-hansı yaxşı bir iş görülməyib?!

– Nədən, torpaq sahələrinin AMEA əməkdaşlarının istifadəsinə verilməsi istiqamətində görülən işlərə baxmayaraq, son nəticədə, onlar hara sərf olunduğu məlum olmayan böyük vəsait itkisi veriblər — yüz otuz min manata yaxın?!

– Nədən, bir çox əməkdaşların öz torpaq sahələrində müəyyən işlər görmələri, buna görə, onların hər birinin maddiyyat itkilərinin 1000 manatdan çox olması nəzərə alınmayıb?!.

Cənab Prezident!

Biz, sözügedən torpaq sahəsi barədə müqavilələri olan Akademiya əməkdaşları, baş verənləri korrupsiya əməli kimi qiymətləndirərək, məsələnin araşdırılmasına, vəsaitin hara sərf olunmasına aydınlıq gətirilməsinə ciddi göstəriş verib, bu vacib məsələni diqqətinizdə saxlamağı Sizdən rica edirik! Ümidimiz yalnız Sizədir və edəcəyiniz köməyə görə, qabaqcadan minnətdarlığımızı da, Sizə çatdırırıq!”.

Bir media vasitəsi olaraq, araz.az da, elm adamlarımıza qarşı olan bu ciddi məsələni daim diqqətdə saxlayacaq və həllini tapanadək, onlara bu işlərində öz köməyini əsirgəməyəcək.

Fərhad MƏMMƏDOV,
Tahir HÜSEYNOV,
araz.az xəbər portalının xüsusi müxbirləri.

araz.az xəbər portalı.