Qarabağdakı ermənilər və Ermənistan sakinləri arasında potensial təhlükəli xəstəliklərlə əlaqəli bəzi genetik mutasiyalara digər populyasiyalara nisbətən daha çox rast gəlinir. 

Genetika və DNT tədqiqatları üzrə tanınmış mütəxəssis Ueyn Qrodi “NEWS.am Medicine”-ə müsahibəsində bu haqda danışıb.

“ArmGenia” adlı layihə çərçivəsində ekspertlər mutasiyalar  Qarabağdakı və Ermənistan sakinləri arasında genetik tədqiqatlar aparırlar. Bu tədqiqatların məqsədi müəyyən xəstəliklərin inkişaf riskinin artması ilə əlaqəli genləri və onların mutasiyalarını müəyyən etməkdir. Professor Qrodinin dediyi kimi, o, ilk dəfə 2016-cı ildə Qarabağa gəlib. Sonra o və həmkarları 50 nəfərin, daha sonra isə daha 150 nəfərin genetik testini keçiriblər.  Lakin bu zaman bir qədər fərqli, daha qabaqcıl texnologiyalardan istifadə edilib.

Bu araşdırma nəticəsində bir neçə genetik mutasiya aşkar edilib ki, onların tədqiqat qrupunda yayılması genetiklərin istifadə etdiyi Qafqaz-Avropa DNT məlumat bazasından 5-100 dəfə yüksək olub. Bu mutasiyalar bəzi xərçəng növləri (xüsusilə döş və bağırsaq xərçəngi), infarkt, homosistinuriya və eşitmə itkisinin bəzi formaları riskinin artması kimi həyat boyu inkişaf edə biləcək potensial təhlükəli xəstəliklərlə əlaqələndirilir.

“Təbii ki, tədqiqatın nəticələri barədə konkret danışmaq hələ tezdir. Daha dolğun məlumat əldə etmək üçün həm Qarabağda, həm də Ermənistanda daha çox insanı öyrənmək lazımdır. Buna baxmayaraq, professor Qrodi əmindir ki, Qarabağ ermənilərində aşkar edilən mutasiyalar həm Ermənistanın sakinləri, həm də diaspor erməniləri arasında eyni dərəcədə yaygın olacaq. Fakt budur ki, erməni əhalisi kifayət qədər təcrid olunmuş vəziyyətdə yaşayır və hətta yad ölkədə belə ermənilər öz millətlərinin nümayəndələri ilə ailə qurmağa üstünlük verirlər”,-deyə məlumatda bildirilir.

Tədqiqatın nəticələrinə əsasən, professorun qeyd etdiyi kimi, Ermənistan əhalisinin bir neçə ən mühüm və ən çox yayılmış genetik mutasiyalarını müəyyən etmək, sonra isə kütləvi skrininq üçün istifadə oluna bilən sadə və ucuz DNT testini hazırlamaq mümkün olacaq. Belə bir test ideal olaraq təxminən bir dollara başa gəlməlidir və onu məktəblilər, gənclər – bu mutasiyaların və buna görə də onlarla əlaqəli xəstəliklərə meylinin olub olmadığını bilmək istəyən hər kəs keçə bilər.

Qeyd edək ki, Ueyn Qrodi genetika sahəsində dünyanın məşhur mütəxəssislərindən biridir. O, Kaliforniya Los- Anceles Universitetinin (UCLA) David Geffen Tibb Məktəbinin Cəmiyyət və Genetika İnstitutunun Patologiya və Laboratoriya Tibb, Pediatriya və Genetika üzrə professoru, UCLA Health-də Molekulyar Diaqnostika Laboratoriyasının və Klinik Genomika Mərkəzinin direktoru, DNT və neoplastik xəstəliklərin diaqnostikası üzrə ixtisaslaşmışdır. O, həmçinin Pediatriya kafedrasında işləyir və genetik pozğunluğu olan xəstələrin müalicəsi üzrə ixtisaslaşıb. Bundan əlavə, Dr.Qrodi tibbi genetika üzrə təlim kursunun direktorudur.

Ancaq elmi fəaliyyəti ilə öyünən bu alim bir ölkənin başqa bir ölkə tərəfindən işğal olunmuş ərazilərində tədqiqat aparacaq qədər qanunsuz əməllə də məşğul olub.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.