Keyfiyyətli ətirdən istifadə etmək hər kəsin istəyidir. Ancaq ətir bazarının bugünkü durumu adamı çaşbaş salıb. Söhbət təbii ki, bizim Azərbaycandan gedir. Ərzaq, içki, geyim və digər məhsulların satışı zamanı olduğu kimi, parfümeriya bazarında da insanlar aldadılırlar. Nədən ki, hazırda satışda istənilən məşhur brendin məhsullarına rast gəlmək olar, amma orijinallarına deyil, saxtalarına…
Yəni nəzərə alınmalıdır ki, bütün brend mağazalarda satılan ətirlər orijinal olmur. Təbii ki, bunları bir-birindən fərqləndirmək də o qədər asan deyil. Məsələ burasındadır ki, Bakının “Vosmoy bazarı”ından tutmuş “Sədərək” Ticarət Mərkəzinə və bütün brend ətriyyat mağazalarına qədər hər yerdə saxta ətirlərə rast gəlmək olur…
Amma inanıram ki, mənim qismətimə düşən ətirə heç kəs rast gəlməyib. Belə ki, Milli mətbuatımızın 148-ci ildönümü ilə əlaqədar ictimai birliklərdən birinin keçirdiyi tədbirdə bəndənizə hədiyyə edilən ətirin içərisində ağcanaq cəsədi vardı. Doğrusu, çox təəəcübləndim, hətta şok oldum. Təəccüb və şokun təsiri keçdikdən sonra çox düşündüm, çox götür-qoy elədim, lakin bir qərar verə bilmədim ki, əcəba, ağacaqan bu ətirin içərisinə necə və hansı şəraitdə girə bilər!? Təbii ki, cavab yox. Bəlkə siz biləsiniz? Mütəxəssis fikrinə gəlincə, Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov hələ illər öncə mətbuata açıqlamasında bu sahədə alıcıların hər addımda aldadıldığını deyib: “Bəzən məhsulun qiymətinin ucuz olması onun keyfiyyətinin xəbərçisidir. Amma buna baxmayaraq, yüksək qiymətə satılan keyfiyyətsiz məhsullar da az deyil. Ucuz məhsullar kustar üsulla hazırlanır, ya da vaxtı keçmiş olur. Ümumiyyətlə, dünyada parfümeriyanın 10%-i saxtadır. Saxta ətirlər Çin, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Polşa, Ukrayna və digər ölkələrdə istehsal edilir. Saxta parfümeriyanın böyük hissəsi Çində istehsal olunur. Keyfiyyətli məhsulu saxtadan ayırmaq üçün məhsulun qiymətinə və qablaşdırılmasına diqqət vermək lazımdır. Orijinal ətir bahalı və keyfiyyətli qutularda qablaşdırılır. Onun üzərindəki yazılar daha dəqiq olur, qutu səliqəli sellofan paketlərə bükülür. Onların üzərində istehsalçı ölkənin, şirkətin adı, keyfiyyət göstəriciləri və istehsal tarixi qeyd olunur. Üzərində istehsal tarixi və yararlılıq müddəti olmayan məhsulları almaq məsləhət deyil. Bu, məhsulun saxta olmasının göstəricisidir”.
Eyyub Hüseynov bildirib ki, ölkənin əmtəə bazarında olan ən brend dükanlarda da saxta mallara rast gəlmək olar: “Ölkədə sahibkarlar toxunulmazlıq şəraitindən sahibkarlar istifadə edir. Azərbaycanda istənilən ətiri beş dəqiqəyə hazırlayan şəbəkələr də yaranıb. Monitorinq aparsaq, görərik ki, 90 faiz ətirlərin üzərində buraxılma tarixi, son yararlılıq müddəti yoxdur. Bu o deməkdir ki, qeyri-standart olan ətirlər Azərbaycan bazarına gətirilir. Parfümeriya biznesində əgər yaxşı bir brend bazara gələrsə, təxminən bir həftə sonra onun saxta variantı meydana çıxarılır. Hətta saxtaları ondan da yaxşı düzəldilir. Parfümeriya bazarı ümumiyyətlə hərc-mərclik içində boğulur. Təəssüflər olsun ki, ətirlər geri qaytarılmayan mallar siyahısındadır. Alıcı onu aldısa, artıq geri qaytara bilməz. İndi ən brend ətirin saxtasını ən zövqlü dükanlarda tapmaq olar. İDEAL parfüm və kosmetika mağazalar şəbəkəsində satılan bəzi ətirlərin brendə uyğun olmaması barədə bizə şikayətlər daxil olur. Metro çıxışlarında, yeraltı keçidlərdə və s. yerlərdə satılan saxta parfümeriya malları müxtəlif növ dəri xəstəliklərinə gətirib çıxarır. Saxta ətirlərin satılması daha çox bayramlar ərəfəsində baş verir. Çünki bu mallara təlabat artır. Satıcılar hardan və necə gəldi gətirib əhaliyə satırlar”.
E.ŞİRİNOV
P.S. Məlum hadisə ilə üzlədiyim zaman sosial şəbəkələrdə Elza Seyidcahana aid olduğu iddia edilən yeni şeiri yadıma düşdü. 7Times.az xəbər verir ki, “Soxun” adlı bu şeirin Elza Seyidcahanın Gömrük Xidmətinə həsr etdiyi bildirilir.
Həmin şeirdən yerinə düşən bir hissəni təqdim edirəm:
– Soxun, soxun.
Siz ölkəyə çoxlu mal soxun.
Aşkar soxun, altdan soxun,
Daldan soxun,
Görən olsa, gizlin soxun…
araz.az xəbər portalı.