Azərbaycanda qızıl, mis və gümüş hasilatçısı olan “Azerbaijan International Mining Company” (AIMC) Söyüdlü kəndi yaxınlığındakı tullantı gölü ilə bağlı yerli əhalinin qaldırdığı problemlərlə bağlı narahatlığını ifadə edir.

araz.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, AIMC Prezident İlham Əliyevin 2023-cü il iyulun 11-də keçirilən müşavirədə səsləndirdiyi iradları qəbul edir.

Bu iradlardan sonra AIMC dərhal tədbirlər görərək məsələnin həlli istiqamətində Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) ilə yaxından əməkdaşlıq edir.

AIMC Gədəbəy rayonunun Söyüdlü kəndindəki vəziyyətlə bağlı hərtərəfli araşdırma aparmaq üçün bütün maraqlı tərəflərlə, o cümlədən Baş Nazir Əli Əsədovun tapşırığı ilə yaradılmış komissiya ilə əməkdaşlığa hazır olduğunu bəyan edir.

İyulun 18-də Komissiya Gədəbəy rayonunda Söyüdlü sakinlərinə indiyədək görülmüş işlər və gələcək qiymətləndirmə planları barədə məlumat vermək üçün iclas keçirib.

Bundan sonra AIMC rəhbərliyi və əməkdaşlarının iştirakı ilə kənd sakinləri ilə komissiyanın ilkin nəticələrinin qiymətləndirilməsi üçün ayrıca görüş təşkil olunub.

Bundan əlavə, Prezident və ETSN-in göstərişi əsasında komissiya müvafiq araşdırma və sonrakı qiymətləndirmə prosesində ekspertizasından və dəstəyinindən istifadə etmək üçün geoloji və dağ-mədən sahəsində konsaltinq xidmətləri göstərən “Micon International” (Micon) şirkəti ərazidə monitorinq keçirməsi üçün cəlb edib. 1 avqust 2023-cü il tarixində başlanacaq araşdırmaya qədər mədəndə əməliyyatlar davam edəcək.

Bu tarixdən sonra isə altı həftə ərzində planlaşdırılan monitorinqin nəticələrinə qədər müəssisənin fəaliyyəti dayandırılacaq.

Sözügedən tədbirlərlə əlaqədar, AIMC tullantılar üzrə konsaltinq sahəsində ixtisaslaşan tanınmış beynəlxalq mühəndislik şirkəti “Knight Piesold” ilə ETSN-nin sorğusuna uyğun olaraq tullantıların idarə olunması məqsədilə gələcək qiymətləndirmələrdə əlavə araşdırma aparmaq üçün müqavilə bağlayıb.

AIMC uzun illərdir Azərbaycanda göstərdiyi fəaliyyəti dövründə şəffaflıq və ən qabaqcıl təcrübələrin tətbiqi prinsiplərinə hər zaman sadiq olduğunu bildirir.

Şirkətin əməliyyatlarında sağlamlıq və ətraf mühitin mühafizəsi məsələləri  hər zaman  yüksək prioritet təşkil edib.

Buna görə də AIMC ETSN-nin təhlükəsizlik tövsiyələrinə riayət olunmasını təmin etmək üçün müfaviq addımları atmağa, dövlət qurumları və maraqlı tərəflərlə əməkdaşlığa davam edəcək.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.