SOCAR-IN Nəqliyyat Baş İdarəsinin rəisi Ələddin Məmmədovun idarənin işçisi Nazilə İbadovaya ot yoldurması ilə mənəvi əzab verməsi barədə yazmışdıq…
Şikayətçi N.İbadova hələ ötən il NHMT-nin sədri Mirvati Qəhrəmanlıya müraciət etmiş, sonra TezadlarTV-yə gəlmişdi. Onun canlı efirdə söylədiklərindən sonra xanımı təkrarən işə qaytarmışdılar… Lakin bu yaxınlarda N.İbadovanı təkrarən müqavilə müddətinin bitməsi bəhanəsi ilə işdən çıxardılar… Şikayətçi çıxılmaz vəziyyətdı qalaraq yenidən M.Qəhrəmanlıya və “Təzadlar”a müraciət etməli oldu və o, TezadlarTV-nin (TTV AZ) canlı efirində başına gətirilən haqsızlıqlardan danışmalı oldu… Lakin bu dəfə aidiyyəti dövlət qurumları qadlnın səsinə səs verdilər.
Təsəvvür edin, tabeliyində 4500-5000 işçisi olan SOCAR-ın Nəqliyyat İdarəsinin rəisi Ələddin Məmmədov vur-tut 380 manat əmək haqqı verilərək 4 ildir öz ştatından kənar daha 4 vəzifə üzrə əmək funksiyalarını icra etməyə məhkum edilmiş, atasız, himayəsində xəstə azyaşlı uşağı olan orta texniki təhsilli gənc ananı 1500 işçinin gözü qarşısında idarənin həyətindəki bağdakı çayırı yoldurmağa məcbur edir… Nazilə İbadova deyirdi ki, “… balamı ac və özümü işsiz qoymamaq üçün bu gün səhər əvvəlcə buna razı oldum. Amma nahar vaxtı elə bir parça yavan çörəyimi yemək istəyərkən Ələddin Məmmədovun tabeliyində olan 2 saylı sahınin rəisinin xəbərçiliyi nəticəsində Ələddin Məmmədovun katibəsi mənə zəng etdi ki, sən bütün vaxtı sahədə olmalısan, yəni çöldə, alaq yolmaqda…”.
Gənc qadın bu təhqirə dözmədən sözünü deyir, idarəni tərk edir… Və Neftçilərin Hüquqlarını Müdafiə Birliyinin sədri Mirvari Qəhrəmanlıya və redaksiyamıza zəng edərək başına gətirilənlərlə bağlı ətraflı məlumat verir və sair.
x x x
bu gün isə N.İbadova “Təzadlar”ın elektron poçtuna belə bir məzmunda məlumat göndərib: “Dəyərli dostlar! Bildiyiniz kimi, əvvəlki iş yerimdə mənə qarşı ədalətsizliyə yol verilmişdi və məcburən işdən çıxmalı olmuşdum. Lakin ömür boyu minnətdaram ki, Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının rəhbəri Mirvari xanım Qəhrəmanlının müdaxiləsindən, eləcə də TezadlarTV-nin rəhbəri Asif Mərzilinin mənə efir vaxtı verməsi ilə TV çıxışımdan sonra aidiyyəti Dövlət qurumlarının rəhbərləri operativ reaksiya verdilər. Mən bu gündən SOCAR-ın Metanol Zavodunda daha yüksək maaşla İcraya Nəzarət, Kargüzarlıq və Təsərrüfat İşləri şöbəsində arxivçi vəzifəsinə təyin edildim. SOCAR rəhbərliyinə, həmçinin Qaz Emalı zavodunun müdiriyyətinə təşəkkür, həmçinin Mirvari xanıma, Asif bəyə sonsuz minnətdarlıq borcumu çatdırıram. Allah hər birinizə dayaq olsun, necə ki, sizlər mənə arxa oldunuz…”.
Beləliklə, mübariz olmaq və haqsızlığa dözməmək sonda qalibiyyətə gətirib çıxarır.
Elbar Şirinov
araz.az xəbər portalı.