Son illərin zərərli vərdişlərindən biri də insanların kütləvi şəkildə enerji içkilərinə meyl etməsidir. Ayrı-ayrı brendlər altında Azərbaycan bazarına daxil olan bu içkilərin insan sağlamlığına zərəri danılmazdır. İnsan orqanizmində müəyyən fəsadlar yaradan bu içkilərin qəbulunu həkimlər qadağan etmirlər. Sadəcə həmin içkilərin qəbulu qaydasında olmalıdır.

araz.az xəbər verir ki, məsələ ilə bağlı konkret.az-a açıqlama verən həkim-kordioloq Abbasəli Abbasəliyev təkcə enerji içkilərinin deyil, digər içkilərin də qədərində qəbulunu məqsədə uyğun hesab edir:

“Enerji içkiləri, koka-kola və digər içkilər var ki, bunları mütəmadi qəbul edəndə ürək-damar sistemində fəsadlar yaradır. Amma bu, o demək deyil ki, bunlar yasaqdır. Ara-sıra qəbul etmək ziyan gətirməz. Yəni normada içmək lazımdır. Nəzərə alın ki, suyu qədərindən artıq içəndə köp verir, çayın artıq içilməsi dişlərin çürüməsinə səbəb olur. Hər şeyin qaydası var və qaydasında qəbul edilməlidir. “Qəti qadağandır, bir dənə enerji içkisi içsən, axırın gələcək” demək də düzgün deyil. Bunlar qəti qadağan deyil, çox az içmək şərti ilə istifadə edilə bilər”.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun da məsələyə münasibətini öyrəndik:

İnsanlar bilə-bilə zərərli vərdişlərdən əl çəkmirlər. Bunlar arasında enerji içkiləri ilə yanaşı koka-kola, pepsi-kola içkiləri də mövcuddur. Enerji içkilərinin qəbul edilməsinin tərəfdarı deyiləm, o enerji filan gətirmir, əksinə, insanın öz enerjisi əlindən alır. Həmin məhsulların üstündə “Hamilə qadınların, zəif insanların qəbul etməsi tövsiyə edilmir” sözləri yazılıb. Bəs onda belə bir sual yaranır. Zəiflərə ziyan olan məhsul güclülərə necə xeyir gətirə bilər? Məntiq yoxdur. Enerji içkilərinə qarşı son yeddi, səkkiz ildəki basqı koka-kolayla bağlıdır. Enerji içkiləri Azərbaycan bazarına girənə qədər koka-kolanın əmtəə bazarında payı 95% idi. Enerjetik içkilər bazara girəndən sonra 65 %dən aşağı düşüb. Amma koka-kola barədə fikirlər mənfidirmi? Xeyir, ona görə ki, medianın əsas sponsoru və hamisi olduğuna görə heç kim bu içkinin zərəri barədə danışmır.

Deməli, enerji içkiləri qədər adını çəkdiyim məhsulun da insan orqanizminə zərəri var. Çox yaxşı haldır ki, Qida Təhlükəsizliyi Agentliyi enerji içkilərinin tərkibində olan maddələrin miqdarını tənzimləyib. Azad İstehlakçılar Birliyi isə daim iş aparıb ki, enerji içkilərinə tələbat azalsın.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.