Fuad İbrahimov: “Biz kiminsə yerinə kəmər çəkəsi deyilik”
Qlobal Media Forumunda iştirak edən Prezident İlham Əliyev “Transxəzər qaz kəmərinin tikintisinin baş tutub-tutmayacağı” ilə bağlı ona ünvanlanmış sualı cavablandırarkən maraqlı məqamlara toxundu və qeyd etdi ki, bu layihənin həyata keçirilməsi real görünmür:
“Bu layihə bir ideya olaraq Türkmənistanın qaz ehtiyatlarına əsaslanır. Odur ki, bu təşəbbüsün irəli sürülməsi və yaxud ona sərmayə yatırılması bizdən asılı deyil. Biz nə edə bilərik? Biz tərəfimizdən mövcud infrastrukturumuzu təklif edə bilərik və yaxud müəyyən ərazi təklif edə bilərik ki, yeni infrastruktur inşa edilsin. Lakin eyni zamanda onu unutmamalıyıq ki, bu gün Azərbaycan üç il əvvəl inşa edilən boru kəmərinin genişləndirilməsi ilə məşğuldur. Nəyə görə? Çünki tələbat artır. Xəzər dənizinin şərq hissəsindən əlavə qaz həcmləri əldə etmək üçün bu, şübhəsiz ki, Transxəzər sualtı qaz kəmərinin tikintisini tələb edir. İkincisi, Bakıdan Avropa istiqamətində Cənub Qaz Dəhlizinə bənzər infrastruktur yaratmaq lazımdır. Bu layihəni kim maliyyələşdirəcək? Hələlik bu sualın cavabı yoxdur. Ona görə də bu suala cavab tapılmayana qədər, hesab edirəm ki, bu layihənin həyata keçirilməsi o qədər də real görünmür”.
“Avropa türkmən qazını idxal etmək isyəyirsə, o zaman yeni boru kəmərinin tikilməsi üçün vəsait ayırsın”
araz.az bildirir ki, bu məsələ ilə bağlı “Bakı-Xəbər”ə açıqlama verən iqtisadçı-ekspert Fuad İbrahimov, ölkə Prezidentinin bununla bağlı arqumentlərinin reallığı əks etdirdiyini xüsusi olaraq vurğulayıb: “Sözügedən məsələdə Prezidentin səsləndirdiyi fikirlər tamamilə əsaslıdır. Biz Azərbaycan olaraq bizə lazım olan layihələri həyata keçirmişik. Biz bundan sonra da hasil olunacaq qazı tikdiyimiz borularla Avropa bazarlarına çıxardacağıq. Əgər Avropa türkmən qazını idxal etmək isyəyirsə, o zaman yeni boru kəmərinin tikilməsi üçün vəsait ayırsın. Belə də heç bir problemi yoxdur. Azərbaycan öz ərazisindən tranzit daşımaları üçün torpaq sahəsi ayıra bilər və gəlib yeni boru kəməri tiksinlər. Bununla bağlı heç bir problem yoxdur. Azərbaycanın maraqlarına uyğundur ki, Türkmənistan qazı ölkəmiz üzərindən Avropaya ötürülsün. Bundan tranzit ölkə olaraq Azərbaycan qazanacaq. Üstəlik, Azərbaycanın geosiyasi əhəmiyyəti daha da artacaq. Biz kiminsə yerinə kəmər çəkəsi deyilik. Problem ondadır ki, bu gün belə bir layihəni maliyyələşdirəcək beynəlxalq qurumların olması sual altındadır. Ən ciddi problem odur ki, Avropa bankları mədən yanacağı ilə əlaqədar layihələri maliyyələşdirmir. Əgər Avropa bankları bunu etmirsə, digər beynəlxalq maliyyə qurumları onların yerinə bu layihələri maliyyələşdirəcəkmi? Təbii ki, bu mümkün deyil. Başqa bir tərəfdən, Avropa maliyyə qurumları diqqəti əsasən alternativ enerji mənbələrinin maliyyələşdirilməsinə yönəldir. Müasir texnologiyaları tətbiq etməklə çalışırlar ki, qazdan asılılıq azalsın. Bir məqamı da nəzərə almaq lazımdır ki, qazın sahibi olan Türkmənistan Transxəzərin çəkilməsi ilə bağlı hansısa təşəbbüslərlə çıxış etmir. Ona görə bütün bunları nəzərə aldıqda məlum olur ki, həqiqətən də Transxəzər layihəsinin həyata keçirilməsu real görünmür”.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.