Şəmsəddin Əliyev: “Mən düşünürəm ki, bu şəbəkədə Qubad İbadoğlu tək ola bilməz”

Bazar günü Azərbaycanda FETÖ-ya qarşı əməliyyatım keçirilməsi barədə məlumat yayıldı. İlkin olaraq bu məlumatı Türkiyə mətbuatı dövriyyəyə  buraxdı. Bildirilirdi ki, əməliyyat nəticəsində 4 azərbaycanlı saxlanıb.

Onlar FETÖ-nün Azərbaycandakı keçmiş rəhbərlərindən olan Döyrüş Cəfərov, təşkilatın maliyyə işlərinə cavabdeh olan Gümrah Əbdürəhmanov, “Yurd” mərkəzinin direktoru Ruslan Əliyev və təşkilati işlərə cavabdeh şəxs Anar Əliyevdir.

Türkiyə mediasında həmçinin daha bir nəfər partiya sədrinin də saxlanıldığı bildirilirdi. Ardınca məlum oldu ki, həmin partiya rəhbəri  Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğludur. O, vəkili Zibeydə Sadıqova ilə birgə Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət edilib.

Onun saxlanılmasının FETÖ məsələsi ilə sıx bağlı olduğu bildirildi. Qeyd olunur ki, ADR sədri tez-tez ABŞ-ın Pensilvaniya ştatına səfər edib, Fətullah Gülənlə çoxsaylı görüşləri olub.

Daxili İşlər Nazirliyi Qubad İbadoğlu ilə bağlı rəsmi məlumat yayıb.

Bildirilir ki, Azərbaycan Daxili İşlər Nazirliyi Türkiyənin Daxili İşlər Nazirliyindən daxil olan məlumat əsasında ölkəmizdə FETÖ ilə əlaqəli olan şəxslərə qarşı əməliyyat tədbirləri keçirib.

Tədbirlərlə saxlanılan 5 nəfərdən biri Q.İbadoğlu ilə əlaqəsinin olması barədə ifadə verib: “Həmin ifadə əsasında Q.İbadoğlunun ofisində axtarış aparılıb, iş üzrə zəruri əhəmiyyət kəsb edən sənədlər aşkarlanıb və Q.İbadoğlu saxlanılıb. Hazırda tədbirlər davam etdirilir”.

Azərbaycanda FETÖ-nun tör-töküntülərinin olduğu barədə fikirlər çox səslənib.  Artıq rəsmən təsdiqlənir ki, FETÖ hətta müxalifətlə əlaqə qurub. Bu həbsdən sonra Azərbaycanda FETÖ ilə bağlı əməliyyatlar genişlənə bilərmi?

araz.az bildirir ki, hüquqşunas Şəmsəddin Əliyev “Bakı-Xəbər”ə açıqlamasında, ölkənin təhlükəsizliyi ilə bağlı bütün məqamların ciddi nəzarətdə saxlanıldığını xüsusi olaraq qeyd edib: “Hesab edirəm ki, istiqaməti milli təhlükəsizliklə bağlı olan bu qurumlar  FETÖ ilə bağlı bütün fəaliyyəti nəzarətdə saxlamalıdır. Etiraf edək ki,  Azərbaycanda və Türkiyədə FETÖ qruplaşmasına xidmət edən tanınmış adamlarımız var. Mən düşünürəm ki, bu bütövlükdə Azərbaycan dövlətinin Milli Təhlükəsizlik Konsepsiyasına təhdiddir. Ölkənin təhlükəsizlik mühiti, onun süverenliyi, sərhədlərinin toxunulmazlığı milli maraqlarımıza yönələn bir addımdır. Mən düşünürəm ki, bu şəbəkədə Qubad İbadoğlu  tək ola bilməz. Onun dairəsi genişlənə və başqa siyasətçilər də ortaya çıxa bilər. Hətta onun çevrəsinə yaxın olan adamların da üzə çıxması mümkündür. Sadəcə,  bu insanların Azərbaycan dövlətinə mənsub olduğunu görəndə, adam doğrudan da həyəcan keçirir ki, dövlətə mənsub olan, dövlətin vətəndaşı necə belə bir addım ata bilər? Buna ən azından onun tərbiyəsi, vicdanı, mədəniyyəti yol verməməlidir. Bu cür insanların belə əməllərinin  nəticəsinin nə olduğunu bilə – bilə addım atması onu göstərir ki, bu sahədə cəza daha da sərtləşdirilməlidir. Çünki burada dövlətin müstəqilliyindən, ərazi bütövlüyündən, Azərbaycan xalqının vahidliyinin qorunmasından, sərhədlərin toxunulmazlığından, Azərbaycançılıq ideyasının qorunub saxlanmasından söhbət gedir. Bu, vətəndaş cəmiyyətinin formalaşmasına yönələn bir təhdiddir. Ona görə də düşünürəm ki, belə məsələlər tam nəzarətdə olmalıdır. Milli təhlükəsizliklə bağlı fəaliyyəti həyata keçirən bütün dövlət qurumlarına minnətdarlığımı bildirirəm ki, bu cür məsələdə ayıq-sayıqlıq göstərirıər. Eyni zamanda, vətəndaşlarımızdan da xahiş edirəm ki, bu cür məsələlərdə dövlətin yanında oısunlar, biganəlik nümayiş etdirməsinlər”.

Məhəmmədəli QƏRİBLİ

araz.az xəbər portalı.