tahir(11)-suleymanov.jpg“Neftçi”nin keçmiş vitse-prezidenti, sabiq FIFA referisi Tahir Süleymanovun “FutbolPress”ə müsahibəsi…

– Hakimlər Komitəsi ilə Hakim-İnspektorlar Komitəsi birləşdirildi. AFFA-nın bu qərarını şərh edərdiz…
– UEFA-nın tələblərindən biridi və gec də olsa həyata keçirilib.

– Avropanın bir çox ölkələrində bu praktikadan istifadə olunur və qeyd etdiyiniz kimi, UEFA-nın da tələbləri bu istiqamətdədi. Ancaq maraqlıdı, indiki məqamda Azərbaycan hakimliyində belə bir dəyişikliyə nə qədər ehtiyac var idi?
– Azərbaycan hakimliyində, hakimlik strukturunda dəyişikliyə çoxdan ehtiyac var idi. Təəssüf ki, uzun illərdi zəngin ənənələri olan hakimliyimiz bərbad duruma salınmışdı. Bu iki komitəni bir-birindən ayrı təsəvvür etmək mümkün deyil. Pərakəndə idarəçilik komitələri iflic vəziyyətə salmışdı. Komitə bir şəxsdən ibarət olmur, vahid komanda, mexanizm kimi fəaliyyət göstərməlidi. İllərdi komitələrdə “açıq qapı” olub. Hakimlikdən xəbəri olmayanlar da az olmayıb. Bir faktı qeyd etsəm kifayət edər, hakimlərə qiyməti yalnız hakimlər verə bilər. Eyni zamanda statusa uyğun olaraq, FIFA referilərinin görüşlərində onların idarəçiliyini beynəlxalq dərəcəli hakimlər qiymətləndirə bilər. Dünənki toplantıda da bu tipli məsələlər geniş müzakirə olundu. FIFA, UEFA strukturunda çox az sayda komitələrdəndi ki, burda yalnız bu sahənin peşəkarları olmalıdı. Hakimlər Komitəsinə kənar şəxslər rəhbərlik edə bilməzlər.

– Yeni sədr Avstriyadandı. Bildirildi ki, UEFA iki namizəd təklif edib və sonda AFFA Frits Ştuxliki seçib. Yeni komitənin əcnəbiyə həvalə edilməsinə münasibətiniz necədi?
– Azərbaycan hakimlik məktəbi bütün dünyada tanınır və futbol tarixində ən yaxşılardan biridi. Son 15-20 ildə tənəzzülə uğramasının öz səbəbləri var. Bunu hər kəs bilir. Vaxtında sözümüzü demişik, gedənlərin arxasınca danışmazlar. Ölkədə hakimliyi qaldıra biləcək yetərincə potensial var. Hakimlik Azərbaycan futbolunun ruhundadı. Tarixən hər zaman istedadlarımız olub və bu gün də var. Hər 5-6 ildən bir 1-2 istedad üzə çıxır. Tofiq Bəhramov, Eldar Əzimzadə, Teymur Vəliyev, Nəsir Məmmədzadə, Rüstəm Rəhimov və onlarla layiqli hakimlərimiz dünya, Avropa, SSRİ çapında Azərbaycan futbolunu, hakimlik məktəbini layiqincə təmsil ediblər. Çox təəssüf, müstəqillik illərində neçə-neçə istedadlı hakimimizə qarşı qərəzli münasibət göstərilib. Son dövrlərdə Əliyar Ağayevin bu sarıdan nisbətən bəxti gətirib. Futbolun digər sahələri ilə müqayisə edim. Son 10-15 ildə Gede, Toşak, Adams, Foqts, Lippert, Nikolov, Avşar və onlarla Azərbaycan futbolunun milyonlarını süpürüb aparanlar… İstər Avropa Liqası, istərsə Çempionlar Liqasında tarixi qrup mərhələləri isə öz mütəxəssislərimiz, məşqçilərimiz sayəsində qazanıldı. Nə yazıq ki, özümüz özümüzə dəyər verə bilmirik və ya əksər hallarda baş əyən bacarıqsızlar iş başına gətirilir. Uğursuz əcnəbi “sevgi”sindən əl çəkilmir. Azərbaycan Əfqanıstan, Mozambik deyil, dünya, Olimpiya oyunlarının finallarını idarə etmiş hakimlik məktəbimizə UEFA-dan tövsiyə almağa ehtiyac yox idi. Hakimliyin dirçəlməsi ilə bağlı kifayət qədər yerli kadrlarımız var. Avstriyalının uğurlu olub-olmamasını zaman göstərəcək. Yaxın tarix isə onu sübut edir ki, Azərbaycana gətirilən əcnəbilərin 99%-i uğursuz olub.

– AFFA-nın baş katibi Elxan Məmmədov açıqlamasında yerli namizədin olmadığını bildirdi. Həqiqətən, Azərbaycanda bu posta namizəd kimsə yoxdu, ya AFFA görmür bu şəxsləri?
– Azərbaycan hakimliyində layiqli namizədlərin olub-olmamasını bu sahənin peşəkarları bilə bilər. Yuxarıda da qeyd etdiyim kimi FIFA, UEFA da hakimliyin futbolda spesifik sahələrdən biri olduğu üçün yalnız peşəkar hakimlərin məsləhətlərinə güvənir. Hakimliyi dərindən bilməyən insanların bu sahəyə diaqnoz qoyması mümkünsüzdü.

– İdarəçilikdə təcrübəsi olan, həm də hakimliyi dərindən bilən biri kimi necə düşünürsüz, bu komitəyə rəhbərlik edən şəxsin hansı keyfiyyətləri olmalıdı? Və yerli mütəxəssislər arasında adı çəkilə biləcək layiqli kimlər var?
– Layiqli mütəxəssislərimizə dəyər verilməlidi. Tək futbol, hakimlikdə deyil, özümüz özümüzün dəyərini bilməyə “əziyyət” çəkirik, üstünlük daha çox yaltaq, baş əyənlərə verilir. İllərdi xüsusi mexanizmlə “ölkə futbolunda yerli mütəxəssis yoxdur” təbliğatı məqsədli şəkildə aparılır. Şans verilən bacarıqsızlar fonunda ictimaiyyət aldadılır. Belədə, işini bilənlər, ümumilikdə futbol ziyan çəkir. Komitə rəhbəri bu sahənin mütəxəssisi olmaqla yanaşı obyektivliyi, idarəçilik, təşkilatçılıq bacarığı, qətiyyəti, daxili müstəqilliyi, pedaqoji, psixoloji biliyi, təhlil qabiliyyəti, ictimaiyyət, mediayla ünsiyyət keyfiyyətləri və s. seçilməlidir. Təyinat baş verib artıq, adlar çəkməyə ehtiyac da qalmayıb. Hakimlik sahəsində mütəxəssislərimiz var. Eyni adamların 15-20 ildir postları bacarığından çox, başqa “keyfiyyətlərinə” görə tutduqları fonunda nə vaxt digərlərinə üstünlük, şans verildi ki, özlərini göstərə bilsinlər?!

– Dəyişiklikdən sonra bir neçə il əvvəl hakimlikdən uzaqlaşdırılanların bağışlanması gündəmdədi…
– Hakimlik sistemində haqsızlıqlar çox olub. Bundan tək hakimlər deyil, ilk növbədə klublar əziyyət çəkib. Qərəzli mövqelərə yenidən baxılması mütləqdi.

– Bu proses, xaricdən mütəxəssis dəvəti ölkə hakimliyinə necə təsir edə bilər, ehtimallarınız nələrdi?
– Komitələrin birləşdirilməsi ilə bağlı bunun UEFA-nın tələbi olduğunu bildirdim. Digər məsələ ilə bağlı Qriqorçuku və səviyyəli legioner futbolçuları çıxmaq şərtilə “yağ-bal” içində olmuş Azərbaycan futboluna cəlb edilən heç bir əcnəbinin xeyri dəyməyib. Onlar və onları ölkəmizə gətirənlər isə milyonlar qazanıb.

– Elxan Məmmədov açıqlamasında bildirib ki, biz ildən-ilə gerilədiyimizi gördük və artıq Avropanın böyük turnirlərinin final mərhələsində hakimlərimizin olmasını istədik. Dəyişiklik və təyinatın bu mənada müsbət rolu ola bilərmi?
– Son illər ictimaiyyətin haqlı tənqidlərinə baxmayaraq Hakimlər Komitəsi hər zaman AFFA rəhbərliyi səviyyəsində müdafiə olunub. Əksinə, bizim obyektiv tənqidlərimiz qərəz kimi təqdim edilib. İndiki dəyişiklik illərdi haqlı olduğumuzu sübuta yetirir, təsdiq edir. Əksinə, AFFA rəhbərliyində təmsil olunanlar isə indi bir-birini vurmuş olur. İşlərin necə aparılmasını, getməsini zaman göstərəcək…

– AFFA-nın İcraiyyə Komitəsinin iclasından sonra qurumda görüş olduğu və sizin də iştirak etdiyiniz haqda məlumat var. Bu, nə ilə bağlı idi?
– Yeni dəvət olunmuş və İcraiyyə Komitəsində təsdiq olunmuş avstriyalı sədrin iştirakı ilə toplantı idi. AFFA-nın baş katibi Elxan Məmmədov bir-bir toplantı iştirakçılarını təqdim etdi və hakimliyin mövcud durumu ilə geniş fikir mübadiləsi aparıldı. Yeni yaradılmış Hakimlər Komitəsinin ilk tanışlıq xarakterli toplanışında hakimliyin sabahı, inkişafının təmin olunması ilə bağlı müzakirələr oldu.

– Komitə ilə bağlı sizə hər hansı təklif olundumu?
– Komitədə təmsil olunmağımı təklif etdilər. Əvvəlki dönəmə baxanda komitə üzvləri ictimai əsaslarla deyil, ştatlı, maaşlı fəaliyyət göstərəcək.

– Müzakirələr zamanı mövqeyiniz nə idi?
– Bilirsiniz ki, mövqeyimi hər zaman açıq olaraq mətbuatda bildirmişəm. İlk olaraq dəvətə görə təşəkkürümü bildirdim və səmimi, əhatəli müzakirələrimiz oldu. Mənim mövqeyimi “de yure-de fakto” dönəmindən bütün futbol içtimaiyyəti bilir.

– Məlumata görə, yeni komitənn üzvü olmaq təklifindən imtina etmisiz…
– Məlumatınız doğrudur və burada gizlin bir iş də yoxdu. 10-15 insanın iştirak etdiyi toplantının əks-sədalarının olması da təbiidi. Bilirsiniz ki, komitənin tərkibi İcraiyyə Komitəsində müzakirə olunaraq həllini tapır. Dəstək verənlərə bir daha öz təşəkkürümü bildirirəm. Toplantıda müzakirələrimiz üst səviyyədə çox geniş oldu. Mənim futbol fəaliyyətim tək hakimliklə bağlı deyil, uşaq futbolundan, təşkilatçılıq, idarəçilikdən tutmuş klub rəhbərliyi səviyyəsinə kimi fəaliyyətimiz var. Biz indiki təklif olunan mərhələni dahi hakimimiz Tofiq Bəhramovun rəhbərliyi ilə 1991-92-ci illərdə, gənc yaşlarımızda keçib bu günlərə gəlmişik. Hər zaman da ideyalarımız, qətiyyətimiz, ümumi futbol adına iddialarımız ön planda olub. Xırdalı-böyüklü vəzifələr önəmli deyil, sözdə yox, əməldə atılan addımlar vacibdi. Təəssüf ki, müxtəlif hallarla üzləşirik. Ümumi futbolun inkişafını düşünmək əvəzinə yaşından, bacarığından asılı olmayaraq bir çoxu fərqli yol tutur. “Təki bir parça çörək olsun” prinsipi epidemiya halını alıb. Vaksinasiyası isə aparılmır, daha da dərinləşir. Elə indi də 10 ildi susanlar, hakimliyin problemlərini görməyənlər Hakimlər Komitəsindəki dəyişiklikləri inqilabi hadisə sayırlar. Təəssüf ki, “baş üstə”lər davam etməkdədi. On ildi görməyənlər indi fikir bildirmək üçün növbəyə durublar. Azərbaycan futbolunda bir nömrəli problemlərdən hakimlik, uşaq futbolu, infrastruktur, klublar, milli və s. deyil, ilk növbədə şəxsiyyət problemidi. Şəxsiyyətlər çoxaldıqca futbolumuz da düzələcək, nəticələr də yüksələcək. “Baş üstə”lər durduqca futbol istədiyimiz kimi inkişaf edə bilməz. Mənim üzvlükdən imtinam kiməsə və ya kimlərəsə qarşı etiraz deyil, ilk növbədə şəxsimə aid məsələdi. Futbol bizim ümumi evimizdi və sona kimi də belə olacaq. Komitə üzvlüyündən imtina etməklə, dəvətə görə təşəkkürümü bildirməklə yanaşı 24 saat telefonumun açıq olduğunu qeyd etdim. Azərbaycan futbolu fərdlərin, şəxsi mənafelərin, baş əyənlərin əlindən çox əziyyət çəkib, çəkir… Ümumi futbolun inkişafı səmimiyyətdən, peşəkarlıqdan, həqiqi qalibiyyət ruhlu liderlərin formalaşmasından keçməlidi. Bu yolda Azərbaycan futboluna qulluq etməyə hər zaman hazırıq.

Faiq Tahirov

araz.az xəbər portalı.